Reklam

Taksi və ya avtobuslar cərimə meydançasına aparılacaqmı?

Yazarlar 7 Mart 2016 20:14 Oxunub 3987
Taksi və ya avtobuslar cərimə meydançasına aparılacaqmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Cərimə meydançası sərnişindaşıma şərtlərini bərpa edəsi deyil»

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib. Həmin Qaydalar Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, habelə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının həyata keçirilməsi qaydası və şərtlərini, sərnişinlərin, avtomobil daşıyıcılarının, daşımaların sifarişçilərinin və təşkilatçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

İndiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilib. Bundan sonra bu sahədə Nəqliyyat Nazirliyi deyil, Daxili İşlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edəcək. Daşıyıcıya məxsus avtonəqliyyat vasitəsi xüsusi texniki vasitələr tətbiq edilməklə daşımalardan kənarlaşdırıldıqda, onun qorunub saxlanılması Nəqliyyat Nazirliyinin deyil, Daxili İşlər Nazirliyinin səlahiyyətli qurumları tərəfindən təmin ediləcək. Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, 2013-cü ildə «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları»na bir dəyişiklik edilmişdi: «O dəyişikliyin  hansı maraqlara xidmət edəcəyini aydın deyildi. Həmin qaydalara mücərrəd məzmunlu 16.11-ci bənd əlavə edilmişdi. Söhbət sərnişin avtonəqliyyat vasitəsinin daşımalardan kənarlaşdırılmasından gedirdi. Bu məntiqsiz dəyişiklik İnzibati Xətalar Məcəlləsinə aşkar şəkildə zidd olmaqla taksilərin və avtobusların nəqliyyat müfəttişləri tərəfindən mühafizə olunan duracağa (cərimə meydançasına) aparıla bilməsini təmin etməyə yönəlmişdi. İndi baxıram ki, həmin səlahiyyət Nəqliyyat Nazirliyindən alınaraq DYP-yə verilib. Həmin dəyişikliyi təsdiq edənlər yenə də səhvə yol veriblər. Çünki daşıma şərtlərini pozan taksi və ya avtobus cərimə meydançasına aparıla bilməz. Cərimə meydançasına aparılma halları İXM-in 96-97-ci (köhnədə 406-407-ci) maddələrində sadalanır və orada daşıma şərtlərini pozma yoxdur. Əslində buna ehtiyac da yoxdur. Normal məntiq də deyir ki, avtobus və ya taksi sürücüsü sərnişin daşıma şərtlərini pozarsa, ona cərimə yazılmalı və deyilməlidir ki, sərnişinləri düşür, avtobusunla (taksinlə) çıx get evinə (və ya qarajına), bu işlə məşğul olma. Cərimə meydançası sərnişindaşıma şərtlərini bərpa edəsi deyil».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh