"Təmiz Binəqədi"nin iç üzü: Palçıqlı küçələr, yollara axan kanalizasiya sistemi... - FOTO+VİDEO
Paytaxt Bakının abadlıq və təmir işləri üçün milyonlarla manat vəsait ayrılır. Lakin gördüyümüz mənzərələr belə düşünməyə əsas verir ki, həmin vəsaitlər səmərəli şəkildə xərclənmir. Şəhərin mərkəzi küçələrində bərpa işləri aparılsa da, qəsəbələrdə bir başqa mənzərənin şahidi oluruq. 2014-cü ilin iyul ayından etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilir. Yol kənarlarındakı dirəkləri “Təmiz Binəqədi” lövhələri vurulsa da, vəziyyət göründüyü kimi deyil. Binəqədinin mərkəzində abadlıq işləri aparılır, ilk baxışdan hər şey normal görünür. Lakin qəsəbənin içərilərinə doğru irəlilədikcə başa düşürsən ki, mərkəzdən kənarda vəziyyət o qədər də ürəkaçan deyil. Gözdən-nəzərdən kənarda qalan küçələr, yollar bərbad durumdadır. Ara yolların asfalt örtüyü olmadığından palçıq dizə çatdır. Bu həm piyadaların həm də avtomobillərin hərəkətini məhdudlaşdırır. Mərkəzdən kənarda yerləşən qəsəbələrə marşrut işləmədiyindən vətəndaşlar piyada kilometrlərlə yol qət etməli olurlar.
Ən çox da Binəqədi rayonu, Binəqədi şosesi, “Xırdalan” dairəsinin yaxınlığında yerləşən küçələr keçilməz durumdadır. Yüzlərlə ailənin məskunlaşdığı Firdovsi Vəliyev küçəsi sanki təmir-bərpa işləri zamanı tamamilə yaddan çıxıb. Bu küçəyə baxanda şəhərin mərkəzində olduğunu unudur, ucqar bir dağ kəndini xatırlayırsan. Yağışlı günlərdə isə bu küçə keçilməz olur. Palçıqlı yollar, yağış sularının yaratdığı çalalar sakinlərin qəniminə çevrilir.
Küçə boyunca kanalizasiya sisteminə rast gəlmədik. Yaranan gölməçələr sakinlərin həyətlərinə dolur, evləri qəzalı duruma salır. İllər öncə yola salınmış asfalt örtüyü isə dağılıb, keyfiyyətini itirib və torpağa qarışıb. Bu küçənin sakinlərinin narazılığı elə simalarından bəlli olurdu. Yolda çəkiliş etdiyimizi görənlər “ xahiş edirik, buraya bir əncam çəkilsin” deyə xahiş edirdi.
Ətrafda yaşayan sakinlərlə də həmsöhbət olduq, onların gileyini dinlədik.
Qəsəbə sakini Rövşən Abbasovun sözlərinə görə, yollar 10 ildir ki, bu vəziyyətdədir: “Bu küçədə gediş-gəliş zülmdür. Bəzən elə olur ki, bir neçə ailə birləşib öz vəsaitimiz hesabına uşaqlarımızı məktəbə aparıb gətirmək üçün avtobus tuturuq. Hətta, elə küçələr var ki, şəhər mərkəzinə getmək üçün əlavə ayaqqabı götürürük, qəsəbənin palçıqlı yollarını keçdikdən sonra təzə ayaqqabını geyinib mərkəzə yola düşürük. Problemlə bağlı bütün aidiyyatı qurumlara müraciət olunub, amma hələ də xəbər yoxdur. Qəsəbədə kanalizasiya demək olar ki, yoxdur. Yağış sularının axıdılması üçün yeganə kanalizasiya isə qəsəbənin girişindədir. Yolun ortasında bir neçə yerdə kanalizasiya axacaqları olsa yolda bu qədər su yığılmaz”
Sakinlər deyir ki 20 ildən artıqdır ki, bu ərazidə vəziyyət dəyişməz olaraq qalır:
“Zaman –zaman özümüz pul yığıb yolun müəyyən hissələrini düzəltmişik. İcra hakimiyyətindən isə gəlib xəbərdarlıq edirlər ki, bu yola biz baxırıq, əl vurmayın. Biz də deyirik ki, əgər yol sizindisə, o zaman buraya asfalt çəkin. Boş əraziləri satıblar, pulunu yeyiblər, amma yolları asfaltlamırlar. Bu böyüklükdəki ərazidə cəmi bir kanalizasiya xətti var”.
Sakinlər deyir ki, dəfələrlə problemlə bağlı Binəqədi rayonunun icra başçısına məktub yazıblar, lakin hələ də yola asfalt çəkilməyib.
Problemlərini ictimailəşdirən qəsəbə camaatı bu yolla aidiyyatı qurumların diqqətini cəlb edəcəklərinə və problemin həllini tapacağına ümid edirlər.
Daha ətraflı təqdim etdiyimiz videosujetdən izləyə bilərsiniz.