Ürəyindən narazılıq edən sürücülər mütləq oxusun – Sükan arxasında bitən ömür
Son vaxtlar sükan arxasında infarkt keçirmə halları artıb. Xüsusən də isti hava şəraitinin burada rolu yüksəkdir. Söhbət yay aylarından getmir, elə qışda da bu isti maşın insan həyatı üçün təhlükə yaradacaq dərəcədə olur. Belə ki, qışda maşının içində istilik sistemi işləyir. Üstəlik, sürücülərin əksəriyyətinin geyimi də qalın olur.
Belə fikir də səsləndirilir ki, ürək problemi olan şəxslərin avtomobil idarə etməsi risklidir, yaxud istifadə edənlər təhlükəsizlik kəmərindən istifadə etməməlidirlər. Hətta, bəzən sağlam insanlar belə hansısa yollarla həkimdən arayış alırlar və yol polisi kəmərə görə saxlayanda əllərində bayraq edirlər ki, ürəyim xəstədir, ona görə taxmıram. Amma əslində, həqiqətən də ürəyi xəstə olan şəxsin avtomobil idarə etməsinin özü belə təhlükəlidir və yol polisi belələrini avtomobili idarə etməkdən uzaqlaşdıra bilər.
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Azərbaycan və Avropa Kardioloqlar Assosasiyasının üzvü Nuranə Əliyeva bildirdi ki, ürəyində problem olan şəxsin xəstəliyi tam ağır vəziyyətdə deyilsə, bir az yüngül, yaxud orta ağırlıqdadırsa, həkim təyin etdiyi dərmanları vaxtında qəbul etmək şərtilə avtomobil idarə edə bilər: “Əgər xəstə özünə laqeyddirsə onun sükan arxasında da, getdiyi yerdə də problemi olacaq. Ürəyində problem olan xəstələrin heç vaxt maşının içərisində qəfildən problemi yaranmır. O xəstəliklər əvvəlcədən yığılır-yığılır və sonra özünü göstərir. Qəfləti ölümlərin ən çox səbəbi ritm pozğunluqları, aritmiyalardır. Təcrübəmə əsasən deyim ki, oturaq həyat tərzi keçirən, piylənməsi olan insanlarda infarkt halları daha çox baş verir. Ürək döyünməsi, ritm pozğunluğu olan insanlara bir az da isti hava, stress, fikir təsir edə bilər. Belə olan halda əlbəttə ki, ürək sıxılar. Hazırda hər şeyi ürək problemi ilə əlaqələndirirlər. Əslində isə elə deyil. Ürək sıxılması tək ürək əlamətindən yox, hər şeydən ola bilər. Ürək sıxılmasının bir çox əlamətləri var. Məsələn, ağciyərində və ya mədəsində problem olanlar da ürəyini tutur. O tam diferensassiya edilməsə, müayinə olunmasa həqiqətən də ürəyindən olub-olmadığını bilmək olmaz”.
N.Əliyeva deyir ki, ürək xəstəliklərinin əsas səbəbi ritm pozğunluğu və infarktdır. Bəzi infarkt keçirmiş xəstələr var ki, müayinə olunmur, yazılan dərmanları içmir, hətta təzyiq dərmanını belə: “Bütün bunlar hamısı risk faktorudur. Şəkər xəstəliyi olan insanlar var ki, ürəyində problem olduğunu bilmir. Şəkərlə ürək xəstəliyi yanaşı gedərsə, böyük bir risk faktorudur. Hansı ki, həmin şəxs sükan arxasında əyləşir, yaxud, nəqliyyatdan istifadə edir. Bəzi insanlar bunlara diqqət etmir, vaxtında müayinə olunmurlar. Ona görə vaxtında müayinə olunmaq lazımdır ki, nəsə probelm varsa, vaxtında üzə çıxarılsın və müalicə olunsun. Zamanında müayinə olunmasalar, ölümlə nəticələnə bilər. Çünki ürək elə bir orqandır ki, kimsəni dinləməz. Türkiyədə olan bir hocamız deyirdi ki, sağlamlığının qədrini bilməyən insana nə dərman, nə də həkim kömək edə bilməz. Ona görə də insanlar öz qayğılarına qalmalı, vaxtında müayinə olunmalıdırlar. Əgər kiminsə irsiyyətində xəstəlik varsa, həmin şəxs uşaq vaxtından həkimə aparılmalı, mütləq həkim nəzarəti altında saxlanılmalıdır. Çünki irsində ürək problemi olan ailədə heç olmasa ritm pozğunluğu, aritmiyalar olmalıdır. Hazırda isə bunların tam olaraq aradan qaldırılması anju vasitəsilə mümkündür. Bu, dəqiq müalicə metodudur. Tibb artıq yenilənib, zamanında müayinəyə gələnlərdə ürək problemlərində çox zaman açıq əməliyyata ehtiyac olmayacaq. Adi bir anju vasitəsilə qasıq, yaxud bilək nahiyəsindən ürəyin zirvə nöqtəsinə daxil olub, aritrogen ocaqları yandırıraraq birdəfəlik olaraq xəstəni həmin xəstəlikdən azad edirik. Bu çox az bir zaman ərzində aparılan xırda prosedurdur. Stendlər asan və ucuzdur. Narkozsuz, yerli keyitmə ilə da aparılır”.
N.Əliyeva əlavə etdi ki, gün ərzində ən azı yarım saat idmana, yürüyüşə vaxt ayırmaq lazımdır: “İnsanlar işdə olan stressi bədənlərinə yükləyib yatmasınlar. İnsan nə qədər tənbəl olarsa, bütün xəstəliklər onu tapacaq. İnsanların çoxu ən son variantda həkimə müraciət edirlər. Belə olan zaman həm ciblərinə, həm də özlərinə ziyan vururlar. Əgər ürək xəstəliyi ağır dərəcədədirsə, ağır idman növləri ilə məşğul olmaq, ağır şeylər qaldırmaq olmaz. Tikintidə olan ağır dəzgahlarla işləməsi düzgün deyil. İnsan özünə diqqət etməli, yüngül işlərdən yapışmalıdır. Buna baxmayaraq işsiz də qalmaq olmaz, çünki belə olan halda özünəqapanma, stress olur. Artıq ürək problemləri yaş tanımır. Əvvəllər yaş üzrə götürürdük ki, kişilərdə və qadınlarda filan yaş aralığında, orta yaş dövründən bir az yuxarı, 50-60 yaş götürürdük. Lakin indi cavanlarda daha çox müşahidə olunur. Bunun bizə məlum olan səbəbi isə, qida rasionlarının tərkibinin normal olmamasıdır. Düzgün qidalanmamaq, siqaretçəkmə və digər tütünlü zərərli vərdişlərin çoxalmasıdır. Hazırda gənclər üçün dəb olan restoran vərdişləridir. İdman etmədən oturaq həyat tərzi keçirirlər. Bunlar hamısı faktorlardır, əgər faktor olmasa xəstəlik ciddiləşməz. Faktorları da yaradan insanlar özləridir”.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, bu məsələ müzakirə oluna bilməz: “Yol hərəkəti haqqında” qanunda göstərilir ki, xəstə, yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə etmək bir təhlükədir. O cümlədən, sürücü xəstədirsə, sağlamlığı ilə bağlı şübhəsi varsa, ümumiyyətlə, sükan arxasına əyləşməməlidir. O ki qaldı təhlükəsizlik kəmərindən istifadə etməyə, qanuna əsasən, zərurət yaranarsa, təhlükəsizlik kəmərini yalnız yol hərəkətində hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələrinin sürücüləri taxmaya bilər. Bununla yanaşı, maşını geri hərəkət etdirən sürücü təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Bir də əgər avtomobili idarə edən şəxs hamilə xanımdırsa, o təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Yəni, təhlükəsizlik kəmərindən istifadə etməmək bu dediyim hallarda mümkündür. Bu gün dünya avtomobil sənayesində, istehsalında təhlükəsizlik kəmərlərini taxmadan maşının işə düşməməsinin konstruksiyası artıq tətbiq edilir. Belə olduğu halda niyə bizim sürücülər hələ də mentalitetimizə müxtəlif uyğun bəhanələrlə çıxış edirlər? Niyə yenə qulp qoymağa çalışırlar? Bunlar dünyanın heç bir inkişaf etmiş ölkəsində müzakirə edilmir. Yəni, “xəstəyəm” deməklə məsuliyyətdən yayınmaq olmaz. İkincisi, xəstəyəm, qüsurum var deyirsə, onun ümumiyyətlə avtomobil idarə etməsi düzgün deyil”.
V.Əsədovun sözlərinə görə, yol polisləri sürücünün xəstə, yaxud sağlam olması barədə məlumat ala bilməz, bu çətin prosesdir: “Amma qanunvericilikdə göstərilir ki, təhlükəsizlik kəmərindən istifadə etməyən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün sənədləşdirilməlidir. Əgər bu gün videokameralarımız bunu avtomatik çəkirsə, elektron protokol yazırsa, avtomatik cərimənin ödənilməsi ilə bağlı qərar qəbul edirsə, görəsən, sürücü belə vəziyyətdən necə çıxacaq? Bir halda ki, sığorta olunmayan maşınları videokameralar çəkir, texniki baxışdan keçməyənləri aşkar edir, eyni zamanda təhlükəsizlik kəmərləri taxmayanları da kameralar görür. Bəs bu zaman sürücü nəyi bəhanə edəcək?”.
V.Əsədov qeyd etdi ki, bütün dünyada qəbul edilib ki, təhlükəsizlik kəməri vurulsun: “Avtomobil istehsalında bunun konstruksiyası tətbiq edilir. Belə ki, təhlükəsizlik kəməri taxmadan maşın işə düşmür. Eyni zamanda maşın sürərkən, indiki müasir avtomobillərin hər birində kəmər taxılamdığı üçün içəridə səs siqnalı gəlir, qırmızı işıq yanıb-sönür, bir daha kəmərin bağlanması ilə bağlı xəbərdarlıq edilir. Eyni zamanda, dünyada yol-qəza hadisələrinin statistikasında təhlükəsizlik kəməri taxılmayanda hadisənin ağırlıq dərəcəsi ilə bağlı informasiya yayılır. Yəni, kəmər bağlanmırsa yol-qəza hadisəsi ilə bağlı xəsarət daha da ağırlaşır. Amma kəmər bağlanırsa, 60-65 faiz sürücü və ya sərnişinlər özünü sığortalayır. Düşünürəm ki, belə bir göstərici olduğu halda bu mövzu müzakirə edilməməlidir”.
V.Əsədovun sözlərinə görə, hazırda təhlükəsizlik kəmərlərindən istifadə etməməyə görə sürücülərin 40 manat, sərnişinlərin isə 30 manat məbləğində cərimələnməsi var: “12 yaşına qədər uşaqların isə mütləq qabaq oturacaqda xüsusi oturacaqda əyləşməsi (xüsusi kəmərlə bərkidilir), arxa oturacaqda isə inzibati xəta tərkibinin yaradılması üçün maddə yoxdur. Lakin dünyanın inkişaf etmiş ölkələrində arxada da azyaşlı uşaqlar üçün xüsusi oturacaqlar qoyurlar. Yəni, bunu yaddan çıxarmaq olmaz. Bütün inkişaf etmiş ölkələrdə sürücülərin yol polisləri tərəfindən saxlanılıb təhlükəsizlik kəməri bağlamadığına görə məsuliyyətə cəlb edilməsi halı demək olar ki, yoxdur. Çünki sürücülər başa düşür ki, bu onların həyatı və sağlamlığı üçündür. Lakin bizim sürücülər “yol polisi məni kəmərə görə saxlayıb cərimə yazar” düşüncəsi ilə təhlükəsizlik kəməri taxırlar. Xarici ölkələrdən belə şeyləri nümunə götürmək lazımdır. Arxada kreslo qoymadan yol polisi cərimə yaza bilməz deyə sevinib, uşaqları o formada daşımayaq. Amma hadisə olarsa, sürücü cəzasını çəkəcək. Yəni, burada cəza mexanizmi olmasa da, arxa kresloda 12 yaşa qədər uşaq xüsusi oturacaqsız oturur və tormoz sistemindən istifadə edirsə, ətalət qüvvəsi yaranır və yol-qəza hadisəsi baş verir. Bu zaman azyaşlı uşağın xəsarəti daha da ağırlaşır”.
Könül Əhmədova,
Ucnoqta.az