Reklam

Ya addımbaşı 50 manat cərimə ödəyəcəksiniz, ya da ildə bir dəfə 500 manat

Yazarlar 7 Mart 2018 23:33 Oxunub 4098
Ya addımbaşı 50 manat cərimə ödəyəcəksiniz, ya da ildə bir dəfə 500 manat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni qanun sürücülərə çox qazandıracaq, yoxsa sərnişinlərə?

Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) dəyişiklik edilib. Dəyişikliyə əsasən, 322.0.2-ci maddəyə "olmadan" sözündən sonra ", habelə nasaz və ya plombası pozulmuş taksometrlə" sözləri əlavə edilib. Qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib. Yeni qanun layihəsinə əsasən, nasaz və ya plombası pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir. Yəni bundan sonra avtomobilində taksometri olmayan və ya nasaz olan taksi sürücüləri üzərində nəzarət gücləndiriləcək. Təbii ki, taksilərdə taksometrlərin olması sərnişinlər üçün məqsədəuyğundur. Bəs sürücülər üçün necə?

Sputnik Azərbaycan-ın əməkdaşı məsələyə taksi sürücülərinin münasibətini öyrənib. Taksi sürücüsü Asif Əliyev uzun illərdir şəhərdə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirir. İndiyədək ara-sıra cərimələnsə də, bu, taksometrlə bağlı olmayıb. A.Əliyev deyir ki, əslində taksometrin olması sürücülərə sərf etmir. Çünki bəzi sürücülər xidmət haqqını yola görə deyil, müştəriyə görə təyin edir. Taksi sürücüsünün sözlərinə görə, bunun da müxtəlif səbəbləri var. "Şəhərdə adamdan çox taksi var. Düzdür, bütün taksi sürücüləri avtomobillərinə sayğac-taksometr quraşdırır. Amma bu, çox zaman sürücüyə sərf etmir. Çünki elə gün olur ki, müştəri az olur. Sürücülər taksometrlə işləsələr, evlərinə çörək apara bilməzlər" — həmsöhbətimiz bildirir.

Digər taksi sürücüsü Əbuzər Zeynalov isə, rayonlararası taksi fəaliyyəti ilə məşğuldur. Sürücü deyir ki, rayonlararası taksi fəaliyyətinin standart qiyməti olur: "Məsələn, Qubaya 8 manat, Gəncəyə 10 manat və s. Əvvəllər Sumqayıta 1 manat idi. Amma bəzi sürücülər bunu 1,5 manat və ya 2 manata qaldırırlar. Yəni bir çox taksi sürücüləri bu qanuna riayət etmirlər".

"Taksi fəaliyyətində bölgələrin standart qiyməti varsa, taksometr quraşdırsan, nə olacaq? Birinin avtomobilinin mühərriki 1,6, digərininki 2,4-dür. Amma hamı eyni qiymətə aparır", — Ə.Zeynalov deyir.

Sürücü hesab edir ki, bu qanuna daha çox diqqət göstərilsə, taksi sürücüləri də müəyyən problemlər yaşamağa başlayacaq.

Mövqelərini öyrənməyə çalışdığımız taksi sürücüləri bu məsələ ilə bağlı ətraflı danışmaqdan boyun qaçırıblar. Aydındır ki, bu dəyişiklik taksi fəaliyyəti ilə məşğul olan sürücüləri xeyli çətinliyə salacaq.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 322-ci Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması maddəsinə kiçik dəyişiklik edilib. Və bu dəyişikliyə görə, bundan sonra nasaz və plombası olmayan taksometri olan taksi sürücüləri də cərimələnək. "Maddədə qeyd olunur ki, "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombası pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir", — F.Həmidli deyir.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı isə bildirir ki, taksometrlərlə bağlı məsələ uzun müddətdir İnzibati Xətalar Məcəlləsində və Yol Hərəkəti haqqında qanunda yer alıb: "Amma bizim bəzi qurumlar bu məsələyə anlayış göstərir. Və məlumdur ki, hər kəs avtomobilinə taksometr quraşdırmaq imkanına malik deyil. Bu avadanlıq ucuz bir avadanlıq deyil. Hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olanlar çoxdur. Onlar taksometr quraşdırsa belə, buna nəzarəti həyata keçirmək asan deyil. Ayda bir dəfə yoxlamaq lazımdır ki, plomb qırılıb ya qırılmayıb".

Onun sözlərinə görə, əslində bu qadağa cəmiyyət üçün önəmlidir: "Amma taksi sürücüləri hələ buna hazır deyil. Bu qadağa hər gün açılan taksi şirkətləri ilə işləyən sürücülərə tətbiq edilməlidir. Bir çox sürücülər özündən qiymət uydurur. Hər tərəfə ağlına gələn bir qiymət deyir. Turizmin inkişafından danışılan bir ölkədə turistlər taksi sürücüləri tərəfindən aldadılır".

E.Muradlı hesab edir ki, qurğulara nəzarət mexanizminin necə olacağı sual altındadır: "Buna kim nəzarət etməlidir: Yol polisimi, Bakı Nəqliyyat Agentliyimi? Əvvəlcə bu qanunun nəzarət mexanizmi işlənilməlidir. Hesab edirəm ki, bu qanun həm sürücülər, həm də sərnişinlər üçün əlverişlidir".

Avtomobil ehtiyat hissələri satan Rəvan Abdullayevin sözlərinə görə, ən ucuz taksometrlərin qiyməti 200 manatdır. Lakin bu da Çin malı olduğu üçün tez sıradan çıxır: "Hazırda avtomobil bazarında istənilən qiymətə taksometr tapmaq mümkündür. Amma məhsul ucuz olduqca keyfiyyət də aşağı olur. Ən bahalı taksometrin qiyməti 1000 manata yaxıdır. Orta keyfiyyətli taksometrlər (haradasa 1-2 il normal çalışır) 350-550 manatdır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh