“Ya kameralar artırılmalı, ya da hər yerdə yol polisi olmalıdır” - Ekspert

"Bakı-Sumqayıt yolu paytaxtın şimaldan giriş qapısı rolunu oynadığına görə bu yolda hərəkət intensiv olur”. Bunu "Sherg.az”a Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən qəza hadisəsi ilə bağlı danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, müqayisədə Bakı-Qazax yolunda daha çox qəza hadisəsi baş verir: "Bu yolda demək olar ki, hər gün qəza, ölüm hadisəsi var. Əslində isə Bakı-Qazax yolu daha rahat, təhlükəsiz olmalıdır. Bakı-Sumqayıt yolunda problem yeraltı və yerüstü piyada keçidlərinin az olması ilə əlaqədardır. Lakin son bir neçə ay ərzində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti həmin yolda 2 piyada keçidi istifadəyə verib. Demək olar ki, bu problemlər aradan qalxdı. Lakin bəzi insanlar keçidlərdən istifadə etmir. Kimi deyir, keçidə qalxa bilmirəm, kimi deyir, düşə bilmirəm, bəziləri tələsirəm deyib, aradan çıxır və s. İnsanlar müxtəlif bəhanələrlə keçidlərdən istifadə etmir. Ona görə, düşünürəm ki, keçidlərin sayı daha çox olmalı idi. “Azəravtoyol” ASC keçmiş Nəqliyyat Nazirliyindən fərqli olaraq, sadə konstruksiya ilə ucuz və tez başa gələn keyfiyyətli piyada keçidləri tikib. Ona görə də, belə keçidlərin sayının bir qədər də artırılması da qəzaları azalda bilər”.
Bakı-Sumqayıt yolunda ən çox qəzaları taksi sürücülərinin törətdiyini deyən E.Muradlının qənaətincə, onlar radarların və kameraların yerini əzbər bilir:
"Həmin radarları və kameraları keçən kimi yüksək sürətlə sürür və təhlükəli manevrlər edirlər. Nəticədə yol nəqliyyat hadisələri baş verir. Yol Polisi xidmət apardıqda isə insanlar xoflanır ki, bir yolda nə qədər yol polisi olar? Yəni, həm deyirik, yol polisi gəzməsin, həm də qəzalardan şikayətlənirik. Sürücülərin psixologiyası Avropa psixologiyasına hesablanmayıb. Onlar sadəcə düşünür ki, kamera yoxdursa, nə istəsən edə bilərsən. Ona görə, Bakı-Sumqayıt yolunda ya kameralar artırılmalı, ya da hər addımda Yol Polisi dayanmalıdır”.
Qeyd edək ki, Bakı-Quba yolunun 23-ci kilometrliyində "Ford" markalı mikroavtobus yolu keçməyə çalışan 30-32 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










