Yağmurlu havada avtomobilin nömrəsi itə bilər – OXUYUN Kİ, XƏRCƏ DÜŞMƏYƏSİZ
Son vaxtlar havaların yağıntılı keçməsi, Bakının bəzi küçə və yollarında yağışdan sonra gölməçələrin yaranması sürücülər üçün əlavə problemlər yaradıb. Gölməçələrə düşən avtomobillərdə yaranan müxtəlif texniki nasazlıqlar bir yana, həm də dövlət nömrə nişanlarının itirilməsi halları baş verir. Avtosfer.az-ın məlumatına görə, bundan əvvəlki yağıntılı havada yaranmış gölməçələrdə təxminən 20-yə yaxın avtomobilin dövlət nömrə nişanının biri və ya hər ikisi itib. Bununla bağlı Dövlət Yol Polisi İdarəsinə, habelə Avtosfer.az saytına çoxsaylı müraciətlər daxil olub. İlkin araşdırmalardan məlum olub ki, dövlət nömrə nişanlarının itməsi sürücülərin səhlənkarlığı ucbatından baş verir. Belə ki, bəzi sürücülər nömrələri avtomobilin ön və arxa buferlərinə möhkəm yapışdırmaq əvəzinə, görüntü xatirinə başqa üsuallara əl atırlar. Onlar nömrəni buferə şrupla bərkitmək əvəzinə onu hər iki tərəfi yapışqan olan müxtəlif yapışdırıcılarla buferə bərkidirlər. Guya nömrənin üzərində deşik açılması və ora şrup bağlanması avtomobilin görkəmini pozur. Bunun nəticəsidir ki, avtomobil gölməçəyə girən kimi yapışdırıcı maddələrə su dəyir və dərhal boşalma baş verir. Bu da nömrənin qopub düşməsinə səbəb olur.
Bundan əlavə, avtomobil gölməçəyə düşməsə belə, intensiv yağışın təsirindən, eləcə də avtoyuma məntəqələrində suyun təzyiqlə vurulması nömrənin qopub düşməsinə gətirib çıxarır.
Yeri gəlmişkən bildirək ki, dövlət qeydiyyat nişanlarının biri və ya hər ikisi itdikdə sürücü xeyli əziyyət çəkir. Belə ki, bunun üçün ilk növbədə qeydiyyatda olduğun ərazi üzrə polis bölməsinə müraciət etmək, aradan nömrənin itirilməsi barədə arayış almaq, sonra müvafiq sənədlərlə birlikdə Dövlət Yol Polisi İdarəsi İdarəsinin qeydiyyat-imtahan şöbəsinə müraciət etmək lazımdır. Burada araşdırma aparılır. Sürücüyə isə təbii ki, itirdiyi nömrənin dublikatı yox, yeni nömrə verilir. Yeni nömrənin qiyməti 22 manatdır. Üstəlik, avtomobilin nömrəsi dəyişirsə, avtomatik olaraq texniki pasportu da dəyişməlidir. Bu da 17 manat xərc deməkdir. Qanunvericiliyin tələbinə görə itirilmiş nömrə tapıldıqda ilk növbədə sahibinə təqdim olunmalıdır. Lakin bu, çoxlarına xəyal kimi görünə bilər.
Ümumilikdə isə itirilmiş nömrənin sürücüyə vurduğu ziyan təxminən 50 manata başa gəlir. Bundan əlavə, xeyli vaxt itkisi və başqa məsələlər də ortaya çıxır. Məsələn, sürücü 2500 manata aldığı «zerkalni» nömrəni itirdikdə artıq o nömrənin dublikatı çıxarmaq mümkün deyil. Ya əlavə olaraq 2500 manat ödəyib yeni bahalı nömrə almaq lazımdır, ya da 22 manata sadə nömrə ilə kifayətlənməlisən.
Odur ki, bu qədər xərcə düşmək və vaxt itkisini göz önünə gətirərək avtomobilin dövlət nömrə nişanlarına ciddi nəzarət etmək və bərkitmək lazımdır. Şruplardan əlavə, nömrəni qara çərçivəyə də salıb buferə bərkitmək məsləhətdir.
Avtosfer.az-a itən nömrələrlə bağlı daxil olan müraciətləri təqdim edirik:
99 AF 527 - 055 219 02 06
90 TT 089 - Samid Ali
99 CK 077 - 055 822 12 11
Elməddin Muradlı