Yol kənarında normadan artıq səs-küy xəstəlik yaradır
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin yaratdığı səs-küy insan sağlamlığına mənfi təsir göstərir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsi Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda (M-1) nəqliyyat vasitələrinin yaratdığı səs-küyün intensivliyi, onun insan sağlamlığına təsiri üzərində apardığı ikillik araşdırmasının yekununda belə qənatə gəlib.
İnstitutun Ekocoğrafiya şöbəsinin müdiri, layihənin rəhbəri, dosent Ənvər Əliyev "Report"a bildirib ki, sözügedən magistralda avtomobillərin yaratdığı səs-küy normadan artıqdır və ətrafda yaşayan, işləyən insanların sağlamlığına mənfi təsir göstərir: "Belə ki, həmin magistraldan 1 saat ərzində keçən minik avtomobillərinin 10 metr məsafədə yaratdığı səs-küyün miqdarı 56,366 desibel olub. Yoldan 50 m uzaqlaşdıqda isə bu rəqəm 2,3 dəfə azalır, 100 metrlik məsafədə isə müşahidə edilmir".
Onun sözlərinə görə, səs təzyiqinin səviyyəsi 30-35 desibel həddində olduqda insan üçün adidir, onda heç bir narahatlıq törətmir: "Bu rəqəm 85-90 desibel olduqda yüksək tezlikli səsləri eşitmə həssaslığı azalır, hətta eşitmə tamamilə itir. Tibbi baxımdan insan üçün dözüm həddi 80 desibeldir, 150 desibel həddində səs isə ona ölümcül təsir edir. Yol verilən hədd gündüz 50, axşam 40 desibeldir. Uzun illər hesab olunurdu ki, səs-küy yalnız eşitmə orqanlarına təsir edir. Ona görə də çox illər səsin insana təsiri eşitmə orqanları nöqteyi-nəzərindən öyrənilirdi. Halbuki səs-küy çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar xəstəlikləri, xroniki yorğunluq yaradan, diqqət və yaddaşın zəifləməsi, normal istirahət və gücü bərpa etməyə mane olan səbəblərdəndir. Səs-küyün insan orqanizminə zərərli təsirləri ilə bağlı araşdırmalarda bəzi tədqiqatçıların gəldikləri nəticələrə görə “səs-küy çirklənməsi” insan ömrünü orta hesabla 10-12 il azalda bilir. Yüksək tezlikli səs-küy isə yuxusuzluğa, nevroza, ateroskleroza səbəb olur. Bu, xüsusilə zehni əməklə məşğul olanlara daha təsirli olur".
Şöbə müdiri deyib ki, magistraldan keçən avtonəqliyyat vasitələrinin ümumi miqdarı burada hər il təxminən 10%-ə qədər artır: "Yaxın gələcəkdə Azərbaycan ərazisindən keçəcək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivlərini nəzərə alsaq, onda buradan keçəcək avtomobillərin sayının ilbəil xeyli dərəcədə artacağını da nəzərə almaq lazımdır. Magistral boyu tədqiq olunan ərazilərdə əhalinin sağlamlığına təsir göstərən "səs-küy çirklənməsi"nin əsas mənbəyi yük avtomobilləri sayıla bilər. Bu mənbə əmək qabiliyyətli əhalinin və uşaqların evdən kənar olan vaxtlarında sağlamlıqlarına mənfi təsir edən bir amil kimi nəzərə alınmalıdır. Magistraldan keçən nəqliyyatın yüksək səviyyədə səsinin təsiri nəticəsində müxtəlif yaş dövrlərinə insan sağlamlığına təsiri də müxtəlifdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qənaətinə görə, səs təsirinə reaksiya insanın yaşı, cinsi və sağlamlığından da asılıdır. Səs-küyün uşaqlarda, ahıl yaşlılarda və qadınlarda, xüsusilə hamilə qadınlarda özünəməxsus təsirləri var. Hətta ana bətnində olan körpələr belə səsin zərərli təsirindən mühafizə oluna bilmirlər. Statistik məlumata əsasən, magistral boyu məşkunlaşan əhalinin 22,4 faizi 14 yaşına çatmış uşaqlardır. Bu mühit ciddi fəsadlara səbəb olduğundan onları belə hallardan qorumaq vacibdir. Magistral boyu yaşayış məntəqələrində də əhalinin təxminən yarıdan çoxunu qadınlar təşkil edir. Əsasən əmək qabiliyyətli olan bu qadınların isə təminən 35%-ə qədəri pertil qadınlardır. İlin isti dövründə təsərrüfatda çalışan bu qadınlar günün çox hissəsini açıq havada keçir. Bu dövr həm də nəqliyyatın daha intensiv, başqa sözlə, səs-küyün daha çox olduğu bir dövrdir. Bu səbəbdən də gələcək körpələrin sağlamlığı əvvəldən artıq sual altına düşür".
Ə.Əliyev vurğulayıb ki, Azərbaycanda da bu faktor insan sağlamlığına təhlükəli sayılan bir ekoloji problem kimi qəbul edilərək qarşısının alınması üçün bu istiqamətdə bir sıra tədbirlər görülür: "Bu tədbirlərdən ən mühümü Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” fərmanıdır".