Reklam

Yol polisi ayıq sürücüləri belə ələ alır - Şok etiraflar - FOTOLAR

Yazarlar 13 Aprel 2016 22:28 Oxunub 6470
Yol polisi ayıq sürücüləri belə ələ alır - Şok etiraflar  - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yol polisləri bizə təklif etmişdilər ki..."

Son zamanlar bu xidmət Azərbaycanda, xüsusən də Bakı şəhərində yetərincə populyardır. Söhbət ayıq sürücü xidmətindən gedir. Ayıq sürücü həmsöhbətiniz olubsa, maraqlı əhvalatlar eşitməmiş olmazsınız. Avtosfer.az ölkə.az-a istinadən Relax ayıq sürücü xidmətinin əməkdaşı Nicat Əliyevlə ilginc əhvalatlarla dolu müsahibəni təqdim edir:

- Salam, xoş gəlmisiniz. Əvvəlcə özünüz haqda bir az məlumat verərdiniz.

- Xoş gördük. 28 yaşım, 6 illik sürücülük təcrübəm var. Bir ildir ki, Relax *7070 şirkətində ayıq sürücü kimi fəaliyyət göstərirəm. Bundan öncə taksi sürücüsü kimi işləmişəm.

- Necə oldu ki, "ayıq sürücü" olmaq qərarına gəldiniz?

- Sözün düzü, bu xidmət haqqında məlumatım yox idi, bir tanışım vasitəçi oldu. Yüngülvari çətinlikləri olsa da, ümumən pis iş deyil.

- Maddi anlamda taksidə işləmək daha sərfəlidir, yoxsa ayıq sürücüdə?

- Ayıq sürücüdə işləmək daha sərfəlidir. Çünki ayıq sürücüdə xərcin çıxmır, amma taksidə elə deyil. Həm lisenziya barəsində, həm də...

- (Sözünü kəsirəm) Faizə işləyirsiniz, yoxsa maaş sistemidir?

- Aylıq maaş alıram - 350 manat.

- Hər gün işdə olursunuz?

- Bəli, 12 saatlıq iş rejimimiz var. Bu, daimi işçilərə aiddir. Amma ikinci iş yeri kimi burada işləyənlərin qrafiki nisbətən sərbəstdir. Məsələn, deyə bilər ki, axşam 8-də gəlib, səhər 8-də çıxacam.

- Yəni qrafiki öz aranızda müəyyən edə bilirsiniz?

- Bəli, kimə necə uyğundursa, o cür qrafik seçə bilər.

- Bu əmək haqqına təsir edir?

- Daimi işləyənlərin vaxtı bəllidir, bu dediyim onlara aid deyil. İstirahət günü isə tam bəlli deyil.

- Bakı ərazisində işləyirsiniz, yoxsa kənara da sifarişləriniz olur?

- Fərqi yoxdur, bütün istiqamətlərə işləyirik.

- Son dəfə ən uzaq səfəriniz hara olub?

- Xızıya.

- Sifarişçinin ardınca öz avtomobilinizlə gedirsiniz yoxsa şirkətin?

- Şirkətin avtomobili ilə. Hər şey sifariş ilə başlayır. Şirkətin üç maşını var və hərəsi şəhərin bir istiqamətində olur. Hər maşında 4 sürücü əyləşir. Bir maşınımız isə nisbətən böyükdür - 8-9 nəfərlik. Əsasən də toylar, restoranlar çox olan yerlərdə dayanırıq. Çünki ən çox ehtiyac oradadır. Misal üçün "səkkizinci kilometr" ərazisində toylar daha çox olur. Sifariş öncə operatora gəlir, operator isə sürücülərə ötürür. Hansı istiqamətə gediriksə, dərhal şirkətə məlumat veririk.

- Məlum məsələdir ki, ayıq sürücü xidmətlərindən adətən ya sərxoş, ya da səhhətində problemləri olan insanlar istifadə edir. Deməli, həm də yetərincə maraqlı, gülməli, bəzən də qorxulu hallarla rastlaşırsınız...

- Ən çox qarşılaşdığımız hal odur ki, müştəri maşında yatır. Ünvanı göstərir, gətirib ünvana çatdırırsan. İstəyirsən ki oyadasan, oyada bilmirsən.

- Müştəri ödənişi əvvəlcədən şirkətə edir, yoxsa sizə?

- Xeyr, bizə ödəyir. Sürücülər “Whatsapp” vasitəsilə operatorla əlaqə saxlayırlar. Çıxanda istiqaməti bildiririk ki, mən çıxdım. Çünki bizdə çıxma-çatma vaxtı da çox vacibdir. Səhəri gün müştəri gəlib deyə bilər ki, sürücü maşınımı radara salıb, qırmızı işıqda keçib və sair. Belə hallar olub. Misal üçün bir ailə ərli-arvadlı hamısı içkili idi. Getdik, Masazır dairəsində saatlarla gözlədik ki, bunlar ayılsınlar. Qapını açıb örtürük ki, oyadaq, oyanmırlar. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Çünki içkili adamdır, bəlkə üstündə əşyası var və o əşyanı öncədən haradasa düşürmüş ola bilər. Bunlar əksər hallarda gecə baş verir. Bir də görürsən ki, içkilidir, deyir ki, pulunu verməsəm nə edərsən? O qədər qəribə suallar verirlər ki... Bəzən də müştəri ayıq sürücü ilə olduğunu unudur.

- Gözləmək də pulludur?

- Bəli, saatı 5 manatdır.

- Olur ki, ödənişin alınmasında problemlər yaransın?

- Olur. Bir dəfə başıma gəlib.

- Bu sualı yarızarafat verirəm. Elə də cüssəli adam deyilsiniz. Məsələn, bir neçə içkili sərnişin problem yaratsa, vəziyyətdən necə çıxırsınız?

- (gülür) Çox olur. Bir dəfə maşında dörd içkili sərnişin vardı, onlarla bir problem yaranmışdı. Amma sonda anlaşa bildik.

- Bəs o dərəcədə sərxoş adamlar ayıq sürücü xidmətinə necə zəng vururlar?

- Ofisiantlara zəng vurdururlar. Çox maraqlı bir məsələ var. Adamlar nə qədər içkili olsalar da, pul məsələsinə gələndə tez ayılırlar (gülür).

- Xidmət haqqından artıq verən olur?

- Bəli olur, amma hər dəfə yox. Bir dəfə 4 nəfər aparmışam, mənzil başına çatmışıq. Amma pulu vermək istəmirlər. Deyirlər ki, gəl səni taksiylə yola salaq, amma şirkətin pulunu verməyəcəyik. Səbəbini soruşuram, deyir ki, onsuz da şirkətin gəliri çoxdur da. Bizim şirkətdə olmasa da, başqa şirkətlərdə eşitmişik ki, hətta sürücünü döyüblər.

- Sifarişlər hansı vaxtlar daha çox olur?

- Axşam saat 9-dan gecə 3-ə kimi.

- Yəqin ki, içkili xanımların da sizi dəvət etdiyi hallar olub. Onda vəziyyəti necə idarə edirsiniz?

- Elə hallar da olur. Bəzi xanım sərnişinlər dönmə işığını yandırmamış əsəbləşir ki, dön də.

- Bayramlarda da iş başında olarsınız...

- Bəli, bu rejimə öyrəşmişik deyə, rejim yadımıza düşmür. Həm də ayıq sürücü xidmətinə adətən subay sürücüləri götürürlər.

- Bu yaxınlarda sosial şəbəkələrdə ayıq sürücülərin polislərlə əməkdaşlıq etdiyi barədə söz-söhbət yayılıb. Bu cür hallarla qarşılaşırsınız?

- Bəli, mənim başıma gəlib.

- Sizə təklif olunub?

- Bəli. Şəxsən mənim özümə təklif olunub.

- Hansı formada?

- Başqa şirkətdə işləyirdim, dörd nəfərdən üçünü düşürmüşəm. Yol polisi maşını gəldi keçdi, sonra arxaya verib, düz yanımızda saxladı. Soruşdu ki, burda niyə dayanmısınız? Dedik, sifariş gözləyirik. Və orada bizə təklif etdi ki, onlarla "iş birliyi quraq". Dedi, sizinlə getməyəndə ötürün bizə. Gördünüz ki, içkilidir, sizinlə getmək istəmir, maşının nömrəsini bizə yazın. Mənim yanımda da sürücü var. O da başladı polisi söhbətə tutmağa ki, necə xəbər edim, sizi tanımıram axı? Gördük ki, bunlarda maraq oyandı. Təklif elədilər ki, nömrəmizi verək, bizə xəbər edin.

- Yəqin ki, bu kimi təklifləri qəbul edən həmkarlarınız var.

- Əlbəttə, var.

- Şərtlər necə olur?

- Deyəsən, hər maşına görə pul verirlər. İndi şəhərdə ayıq sürücü çoxdur. Bəziləri qanunsuz fəaliyyət göstərirlər. 10-15 nəfər yığışıb bir nömrə alırlar, öz aralarında bu cür işləyirlər. Adətən elə xidmətlər ucuz və keyfiyyətsiz olur. Ona görə, müştəri də bizdən soruşur ki, axı o gün 7 manata getmişdim.

- Müştəriləriniz arasında tanınmışlar olub?

- Olub. Misal üçün prodüser Təranə Səmədova əvvəl bizim müştərimiz idi.

- Yəni içkili olanda sizə müraciət edirdi?

- Bəli, sonra müraciət etmədi. Bəzən ay ərzində 4-5 dəfə bizə müraciət edirdi.

- Maşında içki və siqaret çəkməklə bağlı təlimatlar var?

- Adam var ki maşınında gedə-gedə də içir. Onun bizə aidiyyatı yoxdur. Amma müştərinin maşınını şəhərarası maksimum saatda 60 kilometr sürətlə sürməyə icazəmiz var.

- Məsələn, Bakıdan Xızıya xidmət haqqı nə qədərdir?

- 40-45 manat.

- Xanım ayıq sürücülər olur?

- Əslində, işləmək üçün müraciət edənlər olur. Ancaq işin incəliklərini izah edəndə fikirlərindən daşınırlar. Misal üçün, bu yaxınlarda bir xanım zəng eləmişdi. Öncə düşündüm ki, səhv yığıb, dedim ki, bura ayıq sürücüdür. Xanım dedi ki, çox ehtiyacım var, işləyərəm, dörd ildir şəhərdə maşın sürürəm, şəhəri tanıyıram. Dedim istəyirsinizsə, yaxınlaşın ofisə söhbət edin. Gəldi, danışdım. Ən vacib şey şəhəri yaxşı tanımasıdır. Bunu yoxlayırıq birinci. Tanıyırdı, amma izah elədim ki, içkili adamlarla ünsiyyətdə olacaqsınız. Apardığınız adam çox içkili ola bilər. Sizə artıq-əksik nəsə söz deyə bilər və ya xanım olduğunuz üçün tutarlar sizi söhbətə. Siz tək, maşında 4 nəfər içkili adam da ola bilər. Dedi ki, mən gündüz işləyə bilərəm. Bildirdim ki, gündüz elə də ehtiyac olmur və fikrindən daşındı.

- Ayıq sürücü olmaq üçün yaş məhdudiyyəti var?

- Bizdə işə qəbul 30 yaşa qədərdir. 40 yaşlı sürücümüz də var. Son vaxtlar ancaq 30 yaşa qədər götürürük.

- Bu şirkətin təsis ideyası nədən doğulub?

- Şirkətimizin rəhbəri özü ayıq sürücü xidmətindən istifadə edib, sonra qərara gəlib ki, belə bir şirkəti özü də təsis etsin. Rəhbərliyin fikri odur ki, ayıq sürücü deyiləndə *7070 ağıla gəlsin.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh