Yol polisi buna görə cərimə yaza bilməz – Hüquqşünasdan DYP-yə cavab
Ötən həftə Milli Məclisin iclasında deputat Elmira Axundova bəzi avtomobil sürücülərinin nəqliyyat vasitəsinin üzərinə ümummilli lider Heydər Əliyevin imzasını vurması ilə bağlı məsələ qaldıraraq belə sürücülərə qarşı tədbir görülməsini təklif etmişdi. Bunun ardınca isə DİN Baş Dövlət Yol Pilisi İdarəsinin şöbə rəisi Kamran Əliyev mətbuata açıqlama verərək bildirib ki, avtomobilin üzərinə imza həkk etdirən şəxslər cərimələnəcəklər. Hüquqşünas Asif Abdullayev Avtosfer.az-a bildirib ki, DYPİ-nin bu mövqeyi hüquqi cəhətdən əsassızdır. Onun fikrincə, yol polisinin bu açıqlamasının əsassız olduğunu izah etmək üçün məsələyə əsasən hüquqi, həm də qısa formada mənəvi tərəfdən yanaşmaq daha yaxşı olar: «Məsələnin hüquqi tərəfi belədir ki, avtomobilin üzərində imzanın həkk etdirilməsi cəriməyə səbəb ola bilməz. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edən maddə yoxdur. Həmin məcəllənin 3-cü maddəsinə əsasən, yalnız məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, əgər məcəllədə, imzanın avtomobilin üzərinə həkk etdirilməsinə görə məsuliyyət nəzərdə tutan maddə yoxdursa, cərimədən söhbət gedə bilməz.
Məlumat üçün qeyd edim ki, qanunvericilik yalnız operativ nəqliyyat vasitəsi üçün nəzərdə tutulan yazının (misal üçün “Polis” “FHN” və sair) adi avtomobilin üzərinə yazılmasına və müvafiq icazə alınmadan reklam xarakterli yazıya görə məsuliyyət nəzərdə tutur.
Qanunla qadağan edilməyən əmələ görə cərimə etmək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin iki hissəsi məhz bu barədədir :
Konstitusiyanın 71-ci maddəsi IX hissə : Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər.
Konstitusiyanın 71-ci maddəsi XIII hissə : Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.
Bir məqama da toxunmaq istəyirəm. Yol polisi rəsmisi imza həkk etdirənlərə irad tutaraq bildirib ki, reklam etmək istəyənlər icazə almalıdırlar. Bu yanaşma anlaşılan deyil. İmza reklam sayılmır. Reklam haqqında qanunun 2.0.1.-ci maddəsində reklamın anlayışı verilib.
Məsələnin mənəvi tərəfi.
Bəlkə hansısa insan evində də, avtomobilində də, iş otağında da Ulu öndəri xatırladacaq bir elementlər görmək istəyir, bəlkə bu ona stimul verir, bəlkə bu yolla həmin insan ruhlanır, bəlkə sadəcə olaraq bu yolla ona olan hörmətini ifadə edir? Biz dəqiq məqsədi bilmirik, amma hər bir halda düşünürəm ki, bu addımın məqsədi yalnız görkəmli şəxsiyyətə olan hörmətlə bağlıdır. Hər kəs bir fərddir, hər kəsin bu məsələyə bir cür yanaşması var, hər kəs öz baxışlarına uyğun tərzdə hörmətini ifadə edir. Əgər bu, qanunla qadağan deyildirsə, vətəndaşın görkəmli şəxsə qarşı hörmət əlamətinə müdaxilə etmək düzgün deyil. İstənilən halda, bu məsələ qanunla tənzimlənmədiyi üçün, mənəvi cəhətdən hər kəsin öz ixtiyarına buraxılmalıdır».
Elmin