Yol polisi cəriməsi olan məmurlara qarşı hərəkətə keçib – Ödənməlidir
Xəbər verildiyi kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb. Buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır. Belə ki, A.Alışanova məxsus 99-AA-100 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser” markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı məsələ ilə "Şərq”ə açıqlamasında deyib ki, Arif Alışanovun xidməti avtomobilinin cərimə meydançasına aparıldığına dair yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb. Amma istənilən halda vəzifəli şəxslərin, məmurların xidmətində olan avtomobillər yol hərəkəti qaydalarının heç birinə əməl etmirlər: "Təsdiq edilmədiyi üçün Arif Alışanov məsələsi ilə bağlı bir söz deyə bilmərəm. Amma bir vaxtlar ATV kanalının sabiq vitse-prezidenti Rauf Dadaşovla yol polisi arasında yaşanan gərginlik fonunda bu cür insanların özlərini qanundan belə yüksəkdə gördüklərini deyə bilərəm. ATV-nin sabiq prezidenti Vüqar Qaradağlının qaynı olan bu şəxs yol hərəkəti qaydalarını pozduğu üçün avtomobili cərimə meydançasına aparılıb. O isə cəriməsini ödəmək əvəzinə yol polisinə zəng edib ki: "avtomobili haradan götürmüsünüz, qaytarıb yerinə qoyun”.
Yol polisi də haqlı olaraq ancaq cərimənin ödənəcəyi halda avtomobilin cərimə meydançasından çıxarılacağını bəyan edib. Görün, adi bir kanalın vitse-prezidenti necə harınlayıb ki, qanun-qaydanı da saymır. Halbuki o adamın iş-gücü ancaq artistlərlə, müğənnilərlə oturub durmaqdır. Nə ictimai çəkisi, nə də cəmiyyətdə nüfuzu var. İstədiyinə də nail olmayanda isə gecə ilə ATV-nin efirində yol polisi əleyhinə iki material hazırlatdırdı. ATV də elə məhz bu təfəkkürdə olan insanların güdazına getdi”.
E.Muradlının sözlərinə görə, bir çox hallarda qanuni tədbirlər görən yol polisi əməkdaşları işindən belə olur, yaxud da töhmət alır. Səbəb isə hansısa pullu və "day- dayı”lı sürücünün quyruğuna basması olur: "Amma artıq o günlər geridə qaldı. Bu cür problemlərin həlli ilə bağlı xüsusi göstəriş var ki, heç kimə güzəşt etmədən qanun tələbi yerinə yetirilməlidir. Bir-bir yoxlasaq, icra başçılarının, nazirlərin avtomobillərinin nə qədər ödənməmiş cərimələri aşkar olunar. Ona görə də bu cür məlumatlar ictimailəşdirilməlidir ki, digərləri də dərs çıxarsınlar. Hər bir Azərbaycan vətəndaşı qanun qarşısında eyni hüquqa sahibdir. Heç toxunulmazlıq hüququ olan deputatın, ombudsmanın belə yol hərəkəti qaydalarına məhəl qoymamaq kimi bir ayrıcalığı yoxdur. Onların şəxsi həyatı toxunulmaz ola bilər, amma sükan arxasında olan zaman yol hərəkəti qaydalarının hər bir tələbinə uyğun qaydada hərəkət etməlidirlər. Hesab edirəm ki, ictimai qaydanı pozan vəzifəli şəxslərə qarşı güzəştsiz addımlar atılsa, zamanla problem öz həllini tapacaq”.