Yol polisi sərxoş sürücülərə qarşı sərt mübarizəyə başlayıb – Polis və məmurlar da cərimələnir

Yazarlar 9 Sentyabr 2016 10:55 Oxunub 4953
Yol polisi sərxoş sürücülərə qarşı sərt mübarizəyə başlayıb – Polis və məmurlar da cərimələnir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş tutulan polis və hərbçilərə, məmurlara və iş adamlarına heç bir güzəşt edilmir

Son vaxtlar yol polisi sərxoş sürücülərə qarşı sərt mübarizəyə başlayıb. Artıq sərxoş vəziyyətdə yaxalanan sürücülərə kimliyindən asılı olmayaraq güzəşt yoxdur. Avtosfer.az-ın bir aya yaxındır apardığı araşdırmalardan belə məlum olub ki, sərxoş halda tutulanlar arasında kifayət qədər yüksək vəzifə sahibi olan məmurlar, millət vəkilləri, polis zabitləri, sıravi polis əməkdaşları, eyni zamanda, yüksək rütbəli hərbçilər də olub. Əvvəllər bu qəbildən olanlar müxtəlif variantlarla məsuliyyətdən kənarda qala bilsələr də, artıq bu, qeyri-mümkündür.

Əməkdaşımız mövzu ilə bağlı bir neçə yol polisi əməkdaşı ilə söhbət edib. Məlum olub ki, son bir ildə onlarla məmur, millət vəkili və onun sürücüsü, polis əməkdaşı, hərbi sahədə çalışan yüksək rütbəli şəxslər sükan arxasında sərxoş halda ələ keçiblər. Onlar müxtəlif təzyiqlərlə məsuliyyətdən yayınmağa çalışsalar da, Dövlət Yol Polisi rəhbərliyinin qəti tapşırığı ilə protokol açılıb və cərimə olunublar. Bunun nəticəsidir ki, son vaxtlar hətta millət vəkilləri arasında da yol polisini sərt tənqid edənlər olub. Bundan əlavə, DYP əməkdaşlarına yaxalanan məmurlar da yol polisindən narazılıq etməyə başlayıblar və bəzən qərəzli münasibət göstərirlər.

Məsələnin maraqlı tərəfi odur ki, yol polisləri öz paqon yoldaşlarına da güzəştə getmirlər. Belə ki, son bir ildə onlarla polis əməkdaşı sərxoş halda avtomobil idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub. Hətta onların iş yerinə raport göndərildikdən sonra barələrində digər tədbirlər də görülüb. Həmin polis əməkdaşları arasında kifayət qədər yüksək vəzifəsi olanlar da var. Artıq bəziləri işində problem yaranmasın deyə DYP saxlayanda özünü polis işçisi kimi təqdim etmirlər.

Hərbi, gömrük, vergi, DTX və FHN-də çalışanlar arasında da sərxoş vəziyyətdə yaxalananlar olub. Onlar arasında yol polisinə qarşı kobud münasibət göstərənlər olduğu üçün bu əməllərə hüquqi qiymət verilib.

Yol polisləri Avtosfer.az-ın əməkdaşına bildiriblər ki, həmin şəxslərin kiçik qayda pozuntularına bəzi hallarda güzəşt edilsə də, sərxoşluq, avtoxuliqanlıq və yol polisinə tabe olmamaq kimi əməllərə heç bir güzəşt yoxdur və rəhbərliyin göstərişi ilə birmənalı şəkildə cərimə tətbiq olunur.

Sərxoş halda yol polisinə yaxalanan məmurların, millət vəkillərinin, polis və hərbi qulluqçuların bir qisminin adı bizə bəlli olsa da, etik səbəblərdən bunu açıqlamağı lazım bilmirik. Lakin biz bu siyahı ilə tanış olarkən qanun qarşısında hər kəsin bərabər olduğuna əminlik yarandı.

Əməkdaşımız «ayıq sürücü» xidmətləri ilə söhbətlər apararkən maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, son vaxtlar yol polisinin sərxoş sürücülərə qarşı sərt mübarizəsi artıq «ayıq sürücü»lərin də işinə müsbət təsir göstərib və iş çoxalıb. «Ayıq sürücü» Ramil Həsənov Avtosfer.az-a bildirib ki, son aylar ərzində onun müştəriləri sırasında Milli Məclisin deputatları, yüksək rütbəli polis və hərbçilər, eləcə də FHN, vergi və gömrük işçiləri olub. Bundan əlavə, həmin müştərilər arasında tanınmış biznesmenlər, şou-biznes nümayəndələri, incəsənət adamları da var: «Onlardan bir neçəsi ilə yolboyu söhbətimiz olub. Hamısı da deyir ki, daha yol polisi əvvəlki kimi deyil, sərxoş tutulan sürücülyə güzəşt yoxdur. Müştərilərim arasında artıq sərxoş vəziyyətdə yol polisinə yaxalanıb cərimə olunan tanınmış adamlar var. Onlar deyirlər ki, bir daha bu səhvi etmək istəmirlər. Çünki yol polisi onlara əvvəlki kimi «hörmət» qoymur. Mənim bir müştərim var, polis bölmələrinin birində rəisdir. O da hansı restoranda yeyib-içsə, mənə zəng edir, gedib maşını sürüb aparıram. Sağolsunlar, pulumuzu artıqlaması ilə verirlər. Həm də özləri də deyirlər ki, belə daha yaxşıdır».

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev əməkdaşlara yol hərəkəti qaydalarına əməl etmələri barədə göstəriş verməklə yanaşı, yol polisi tərəfindən saxlanılarkən xidməti vəsiqəni təqdim etməyi və özünü DTX əməkdaşı kimi təqdim edib məsuliyyətdən yayınmağa çalışmağı qəti qadağan edib. 

Ümid edirik ki, digər dövlət qurumlarının rəhbərləri də öz işçilərinə bu cür qəti tapşırıqlar verməklə yol hərəkəti təhlükəsizliyinə dəstək vermiş olarlar. Və vəzifəli şəxslər də bilməlidirlər ki, qayda pozarkən məsuliyyətdən yayınmağa çalışmaq üçün özlərini məmur kimi təqdim etməklə cərimədən kənarda qalmağı düşünməsinlər. Çünki onsuz da cərimə olunacaqlar. Amma işlədiyi yerin adından və vəzifəsindən istifadə etməyə çalışdıqda yol polisi onun iş yerinə məlumat verməli olur və bu da onların iş yerində də pis vəziyyətə düşməsinə səbəb olur. Odur ki, qaydalara əməl etmək lazımdır. Hadisə bir dəfə baş verir və bu bir dəfə də sükan arxasında sərxoş halda əyləşənin məmur və ya polis olduğunu heç kim nəzərə almır...

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh