Yol polisi turizmin inkişafına belə zərbə vurur – İLGİNC FAKTLAR

Yazarlar 21 Yanvar 2016 12:26 Oxunub 2735
Yol polisi turizmin inkişafına belə zərbə vurur – İLGİNC FAKTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsi maşını ilə Azərbaycana gələnlər yol polisindən və yollardan o qədər narazılıq edirlər ki…

«Bu yaxında mənım dostum Moskvadan Bakıya maşınla getmışdı. Orada onun maşınını yol polisləri cərimə meydançasında saxlamışdılar kı, arxa şüşələri dumanlıdır. Dostum Rusiya vətandaşıdır və maşını da Rusiya qeydiyyatındadır. Maşının şüşələri zavoddan gələn şüşələrdir. Dostumdan 250 manat pul alandan sonra buraxıblar və Bakıda həmin maşını sürməyə icazə verməyiblər. Deyiblər ki, maşını Bakıya girməmiş haradasa saxlayıb taksi ilə gəlməli idin». Bunları Rusiyada yaşayan soydaşlarımızdan biri Avtosfer.az-ın əməkdaşına bildirib. Onun sözlərinə görə, ruslar və Rusiyada yaşayan azərbaycanlılar öz maşınları ilə Azərbaycana gəlib geri qayıdandan sonra nifrət və peşmançılıq hissi keçirirlər: «Bəs turustlər şəxsi maşınla Azərbaycana necə gəlməlidir? Yol polislərinin dediyinə görə, hamı maşının şüşələrini gömrükdə dəyişməlidir. Amma gülməli qərardır. Çünki maşının şüşəsi 2500 dollardır. Şəxsi maşını ilə Azərbaycana gələnlərə deyirlər ki, maşını saxla həyətdə, taksi ilə gəz. Sonra da deyirlər ki, Azərbaycanda turizm inkişaf eləmir».

Əslində, yol polisinin xaricdən gələn və Azərbaycana müvəqqəti daxil olan avtomobillərə qarşı bu cür yanaşması doğru deyil. Çünki onlar Azərbaycanda daimi qeydiyyatda deyil və burada uzağı bir ay qala bilirlər. Bir aya görə hansı imkanlı və ya imkansız adam 2500 dollar verib avtomobilin şüşələrini dəyişdirər? Doğma elinə-obasına gələn birisi nədən bu qədər pul xərcləyib şüşə dəyişməlidir? Çox təəssüflər olsun ki, Azərbaycanda yol polisinin bu münasibətini görən turistlər və ya soydaşlarımız növbəti illərdə Türkiyə və Gürcüstan kimi ölkələrə üz tutular. Çünki orada heç vaxt turisti saxlayıb «maşının şüşələrini dəyiş» demirlər. Həmin ölkələrdə turizmin inkişafına kompleks şəkildə yanaşırlar. Bir yandan otellər, restoranlar, istirahət mərkəzləri tikib o biri yandan turistə, qonağa maşının şüşəsinə görə divan tutmurlar. 

Yuxarıda bəhs olunan hadisə hələ bir az normaldır. Bir müddət əvvəl belə sürücülərdən biri bahalı avtomobillə Azərbaycana gələrkən şimal rayonlarımızın birində yol polisinə yaxalanıb. Yol polisləri maşının şüşəsinə görə avtomobili cərimə meydançasına aparacaqlarını deyiblər. Maşında ailə-uşaq olsa da, sürücüdən dərhal şüşələri dəyişməyi tələb ediblər. Sürücü də maraqlanıb və məlum olub ki, bu avtomobilin şüşüləri xaricdən sifarişlə gətirilir və ən tezi bir aya Azərbaycana çatdırıla bilər. Bu vəziyyətdən hiddətlənən sürücü də daş parçası ilə maşının arxa və arxa yan şüşələrini sındıraraq «skoç»layıb və yoluna davam edib. Bu olaydan sonra heç kim inanmaz ki, həmin adam Azərbaycana tez-tez və yaxud da avtomobillə gəlmək istəsin. Bu baxımdan, Dövlət Yol Polisinin xaricdən gələn və Azərbaycana müvəqqəti daxil olan avtomobil sahiblərini cərimələmək və şüşə dəyişdirməyə məcbur eləmək kimi hərəkətlərinə yenidən baxılmalı və məsələ həllini tapmalıdır. Yay aylarında Rusiyada yaşayan soydaşlarımızın Avtosfer.az-a ünvanladığı sualların 80 faizi məhz bununla bağlı idi. Hətta gömrüyü keçəndən sonra yol polisi tərəfindən saxlanılan onlarla sürücü telefonla zəng edərək bu məsələ ilə bağlı hüquqi məsləhət istəyirdilər.

Göründüyü kimi, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil və ümid edirik ki, DYP rəhbərliyi ilə bu məsələ ilə bağlı müvafiq qərarlar qəbul edəcək.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov «Yol hərəkəti qaydalarının kommentariyası» kitabında bu məsələyə dair qısaca şərh verib. Ekspert bildirir ki, «Yol hərəkəti haqqında» Konvensiyanın 5 saylı Əlavəsinin 1-ci bəndinə görə, beynəlxalq hərəkətdə olan bütün nəqliyyat vasitələri ilk dəfə istismara verildiyi anda qeydə alındıqları ölkədə qüvvədə olmuş texniki tələblərə cavab verməlidir. Deməli, beynəlxalq yol hərəkətində iştirakı ilə əlaqədar ölkəmizə müvəqqəti gələn (ölkəmizin ərazisindən tranzit olaraq keçən) nəqliyyat vasitələrinin öz ölkəsindəki texniki təchizatla, o cümlədən tündləşdirilmiş arxa yan şüşələrlə hərəkətinə yol verilir.

Hər bir halda Azərbaycana avtomobili ilə gələn turistlər və qonaqlar ölkəmizin turizm potensialı üçün faydalıdır. O maşınlar gömrükdən keçərkən depozitə pul qoyulur. Sonra da tutub cərimə yazmaq, cərimə meydançalarında süründürmək ölkədə turizmin inkişafına ikiqat zərbədir.

Dünyada turizmin inkişafında mühüm rol oynayan amillərdən biri də yoldur. Bu gün təəəssüflər olsun ki, Azərğaycanın bəzi bölgələrinin yolları bərbad halladır. Məsələn, cənub bölgəsində turizm üçün yaxşı şərait olsa da, bu istiqamətdə yollar o qədər bərbad haldadır ki, bir dəfə maşınla gedən ikinci dəfə getmək istəməz. Odur ki, yolların hamar və təhlükəsiz olmasına nəzarət edənlər də işlərini bu istiqamətdə qurmalıdır.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh