Yol polisi və «qəhrəman» sürücülər – Nəzarətdəsiniz

Yazarlar 21 Fevral 2017 02:48 Oxunub 5591
Yol polisi və «qəhrəman» sürücülər – Nəzarətdəsiniz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bircə gün yol polisinin yerində ola bilərsinizmi?

Əksər sürücülərin yol polisi ilə bağlı dost-tanışa danışdığı söhbət belə olur:

- Dünən «QAİ» saxlamışdı, düşdüm dedim, nə var ə, niyə saxlamısan? O da başladı ki, filan yerdə yol vermədin, filan yerdə qayda pozdun. Nətəri beynim cöndüsə, dedim ayə, mən qayda-zad pozmamışam.

- Ağzıma gələni dedim.

- Sənəd istədi, vermədim. Dedim, bilirsən mən kiməm?

- Gör sənin başına nə oyun acacam.

- Saxlamadım, düşdü dalimca, ordan sürdüm, burdan girdim, sonra da...

Dostlar sual verir? Axırı noldu?

- Axırı heç nə, ... elədi, cərimə yazdı, dedi, 60 manatdı, hörmət edib 40 manat yazıram.

- 20 manat verdim buraxdı.

- "Avtoş" yazırdı, qoymadım, sağolsun, bir qardaşa zəng elədim, tapşırdı. 100 manat verdim...

Bürün söhbətlər təxminən belə başlayıb, belə də bitir.

Amma normal sürücü qayda pozduğunu, hoqqabazlıq etdiyini, yol polisinə, yəni, hakimiyyət nümayəndəsinə, çiynində və qollarında dövlətin atributlarını daşıyan yol polisinə qarşı nalayiq hərəkət etdiyini səmimi şəkildə etiraf etmir. Bu bir yana, utanıb-qızarmaq əvəzinə, sanki qəhrəmanllq edibmiş kimi fəxrlə də danışır. Yol polisindən qacmağı, yol polisini təhqir etməyi, acılamağı və cəzasız qalmağı fəxr hissi kimi qəbul etmək nə dərəcədə doğrudur? Normalda, qayda pozmaqdan, yəni, anormal bir hərəkət etməkdən çəkinmək, utanmaq lazımdır. Bunu başqalarına fəxrlə danışmaq ayıbdır. Danışmalı çox şey var. Məsələn, il ərzində heç vaxt radara düşməməkdən, cərimə olunmamaqdan, təhlükəsizlik kəmərindən hər zaman istifadə etməkdən danışmaq olar. Bununla siz başqalarına da yaxşı nümunə göstərmiş olarsınız. Amma bizdə bu, nadir hallarda baş verə bilər…

Bəziləri yol polisinə qarşı kobudluq edib cərimə olunmadan aradan cıxmağı aylarla bütün dost-tanışa danışıb qürurlanır. Amma başına bir iş gələndə, hadisə törədəndə, tıxaca düşəndə bütün sürücülərin yadına yol polisi düşür. Belədirsə, nədən yol polisinə düşmən kimi baxırlar? Məgər, yol polisinin hamısı pisdir? Bəlkə onlar başqa planetdən gəliblər? Məgər ailə üzvləriniz, qohumlarınız, dostlarınız arasında polis yoxdur? Varsa, onun üzünə diqqətlə baxın. Görün, düşmənə oxşayır? Bir dəfə soruşun görün, o hansı iş rejimində calışır? Görün, bircə gün onun yerində siz ola bilərsinizmi?

Əlbəttə, minlərlə intizamsız sürücü olduğu kimi, onlarla da intizamsız yol polisi var. Lakin onların hamısına eyni gözlə baxmaq düzgün deyil. Bu gün vergi, gömrük, bələdiyyə və bəzi digər icra orqanlarında o qədər problemlər var ki, saymaqla bitməz. Amma o məsələlər kənarda qalır, yol polisi papağını bir sm əyri qoyan kimi hamı qanunpərəst olub demokratiyadan, insan hüquqlarından danışır.

Aydın məsələdir ki, yol polisi sıralarında intizamsız və yerində olmayan əməkdaşlar var. Amma olmamalıdır. Onlarla bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlar, Daxili İşlər Nazirliyinin və Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanlanan şikayətlər dərhal araşdırılır. Bu gün tam əminliklə demək olar ki, məhz Daxili İşlər Nazirliyi polislə bağlı yazılan istənilən bir xəbərə dərhal reaksiya verir. Bu sahədə DİN bir nömrəli qurumdur desək, yanılmarıq. Nümunə kimi deyə bilərik ki, sürücülərə, vətəndaşlara qarşı kobudluq və qanunsuzluq edən onlarla DYP əməkdaşı məhz Avtosfer.az saytında yayılan materiallara görə cəzalandırılıb və ya işdən çıxarılıb. Amma bu materiallar kifayət qədər əsaslı olub. Lakin polisə qarşı ümumi münasibəti bir əməkdaşın neqativ əməli ilə ifadə etmək və o cür düşüncəni illərlə daşımaq doğru yanaşma deyil.

Yazının girişində oxuduğunuz dialoq forması bir çox sürücüyə tanışdır. Onların əksəriyyəti söhbəti dost-tanışa danışandan sonra hərədən bir söz eşidir və sonradan həqiqətən də yol polisindən şikayət edir. Şikayətdə də qayda pozuntusu törətdiyini etiraf etmir, onu qoyur kənara və başlayır yol polisini asıb-kəsməyə. Bildirir ki, yol polisi məni təhqir etdi, papağını əyri qoymuşdu, danışanda bığları tərpənirdi, gözləri xoşuma gəlmədi və sair və ilaxır…

Müasir texnologiyaların canı sağ olsun. Bütün DYP əməkdaşlarının üzərində və xidməti avtomobilində səs və videoqeydiyyat cihazları var deyə bu cür şikayətləri araşdırmaq elə də çətin olmur. Şikayət edən sürücü DYP-yə dəvət olunur. Qəbula düşən kimi başlayır ona cərimə yazan yol polisi əməkdaşının qarasınca danışmağa. Axırda səs yazısı və videogörüntülərə baxış keçiriləndə məlum olur ki, leksikonunda küçə söyüşləri bol olan sürücü yol polisi ilə salamlaşan kimi ağzına gələni danışıb. Əksəriyyəti də, «Mən Həsən ağanın qohumuyam» kimi sözlərdən istifadə edib. Bunlar bir fayda vermədikdə isə yol polisinə «gör sənin başına nə oyun açacam, gör səni necə süründürəcəm» kimi şüarlar səslənir.

Hələ siz maşını cərimə meydançasına aparılan sürücüləri görəsiz. Onların da məşhur bir sözü var: «Apar, amma maşını özün gətirib qapıma qoyacaqsan». Ancaq səs və videoyazılar araşdırılandan sonra boylu-buxunlu, bığlı-saqqalı kişilər xəcalət çəkir, oğlu və yaxud, atası yaşında olan inspektorun qarşısında qızarıb-bozarır və üzr istəyib gedir. Hələ mən saatlarla DYP-də qapı arxasında boynunu büküb oğluna, qardaşına, əmisinə, dayısına, dost-tanışına görə növbə gözləyənləri demirəm. Lazım idimi? Bəli, qanunları bilmək, haqqını tələb etmək gözəldir. Amma birinci növbədə qaydaları bil və əməl et ki, sonda yol polisinə yolun düşməsin...

Buna tam əmin olun ki, əgər yol polisi qanunlarda yazılanların hamısını bir-bir tətbiq eləməyə başlayıb cərimə yazsa Azərbaycanda sürücülərin yarıdan çoxu maşını satacaq və metroya minib avtobusdan düşəcək…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh