Yol polisinin buna səlahiyyəti yoxdur - Maşını cərimə meydançasına aparırlar
Cərimənin gecikdirilməsinə və yaxud ödənilməməsinə görə yol polisinin sürücülük vəsiqəsini almaq hüququ yoxdur. Avtosfer.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
Xatırladaq ki, söhbət cərimə ilə bağlı sürücülük vəsiqəsinin tələb edilməsi və avtomobilin cərimə meydançasına aparılması hallarından gedir. Son vaxtlar avtomobil sahibləri tərəfindən belə şikayətlər artıb. Avtomobil yüksək sürətlə bağlı radara düşür və yaxud sürücü digər bir qayda pozuntusu ilə bağlı cərimələnir. Amma ona ya bu barədə gec məlumat verilir, ya da sürücü o zaman bu haqda xəbər tutur ki, yol polisi avtomobili cərimə meydançasına aparır. Bəzi hallarda isə sürücüyə cərimə ilə bağlı sənəd göndərilmədiyi halda əlavə faiz də hesablanır. Belə faktlardan biri ilə bağlı sayta müraciət daxil olub.
Cərimələri ödəsə də, avtomobilini meydançaya aparıblar
Oxucu bildirir ki, dekabr ayının 28-da avtomobili düzgün yerdə park etmədiyi üçün ona cərimə yazılıb. Cərimə sistemə yalnız fevral ayının 2-də qeyd edilib. Amma cərimə haqqında avtomobil sahibinə heç bir məlumat verilməyib. Sürücü digər cərimələrini ödəyərkən belə bir cəriməsinin olduğunu bilməyib. May ayının 3-də isə yol polisi sürücünü saxlayaraq cərimənin gecikdirildiyinə görə avtomobilini meydançaya aparıb və sürücülük vəsiqəsinin alınacağını deyib. Sürücü isə dərhal bu cəriməsini ödəyib. Amma bu halda belə avtomobilin cərimə meydançasında saxlanılacağı bildirilib...
Sürücülük vəsiqəsi yalnız məhkəmənin qərarı ilə alına bilər
Ekspertlər isə DYP tərəfindən yol verilən belə halların tamamilə qanunsuz olduğunu deyirlər. Birincisi, cərimə olduğu halda belə vətəndaş sürücülük vəsiqəsindən yol polisi deyil, yalnız məhkəmənin qərarı olduqdan sonra məhrum edilə bilər.
Yazılı sənəd olmadan cərimə qüvvəyə minmir
Bundan əlavə, sürücüyə cərimə haqqında hər hansı yazılı sənəd göndərilməyibsə, cərimə qüvvəyə minməmiş hesab edilir. Qüvvədə olmayan cəriməyə görə isə nə gecikdirilmə ilə bağlı əlavə faiz hesablana bilər, nə də avtomobili cərimə meydançasına aparmaq olmaz. Ekspert Ərşad Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 57 və 125-ci maddələrinə əsasən, bu halda əlavə cərimə hesablanması və avtomobilin cərimə meydançasına aparılması qadağandır.
Cərimə yerində ödənilirsə, avtomobil cərimə meydançasına aparıla bilməz
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 159-cu maddəsində avtomobilin cərimə meydançasına aparılması və sürücülükdən məhrumetmə hüququ olan orqanlar göstərilib. Sürücülük hüququndan məhrum etmə yalnız məhkəmənin qərarı ilə ola bilər. Əgər belə bir qərar yoxdursa, yol polisi sürücülük vəsiqəsini ala bilməz. Digər tərəfdən yol polisi cərimə ödənişi 3 aydan artıq gecikdirildiyi halda avtomobili cərimə meydançasına apara bilər. Amma sürücü saxlanılarkən cəriməni dərhal ödəyirsə, bu zaman avtomobili cərimə meydançasına aparmağa ehtiyac yaranmır. Və ödəniş edildiyi halda belə avtomobili cərimə meydançasına aparmaq tamamilə qanunsuzdur. Bundan əlavə, məhkəmə prosesi zamanı avtomobil sahibi cəriməni ödəyirsə, məhkəmə qərara xitam verir. Yəni sürücü cəriməni ödəyib avtmobili meydançadan götürə bilər.