Yol polisinin güzəşt limiti bitdi: Qanun hər kəs üçün qanundur

Yollarda tez-tez qarşımıza həddən artıq yüklənmiş, yükün ağırlığından tarazlığını itirmiş minik avtomobilləri çıxır. Kimi avtomobilinin üzərində armatur, kimi uzun taxta parçaları, kimi qapı-pəncərə, kimi də divan-kreslo daşıyır. Avtomobilinin üzərinə kustar üsulla hazırlanmış karkaslar vurub yükdaşımaları ilə məşğul olan taksi sürücüləri də az deyil. Qanun isə nəqliyyat vasitəsinin ön və arxa tərəfinə 1 metrdən, yan tərəflərdən isə 40 sm dən çox çıxmamaq şərtilə yük daşımağa icazə verir. Nəqliyyat eksperti Elməddin Muradlının Sputnik Azərbaycan-a açıqlamasına görə, yükdaşıma ilə bağlı "Yol hərəkəti haqqında" qanunda bütün şərtlər qeyd edilib: "Minik avtomobillərində yüklərin daşınmasına qanunla icazə verilir. Sadəcə, avtomobillərin üzərinə xüsusi yük baqajları quraşdırılır və daşınır. Amma hər bir halda yükün təyinatından çox şey asılıdır. Dağılan və ya təhlükəli yüklərin daşınmasında fərqli meyarlar var".
Ekspert bildirir ki, daşınma müəyyən qaydalara əməl edilərək həyata keçirilməlidir: "Sürücü yükün təhlükəsizliyinə əmin olduqdan sonra onu daşımalıdır. Baqajların quraşdırılmasının da öz standartları var. Çox təəssüf olsun ki, yükdaşıma və taksi xidməti ilə məşğul olan sürücülərin əksəriyyəti kustar üsulla hazırlanmış baqajlardan istifadə edirlər, standartlardan kənara çıxırlar".
Muradlının fikrincə, yol polisi çox zaman belə sürücülərin maddi vəziyyətinin aşağı olmasını nəzərə alır, cərimələr tətbiq etmir: "Başa düşülür ki, onlar da ailəsini dolandırmaq üçün bu yola əl atıblar. Amma bəzən də sərt tədbirlər görülür və bu avtomobillər cərimə meydançasına aparılır. Belə sürücülər haqqında yükdaşıma qaydalarını pozduğuna görə, 40 manat cərimə tətbiq edilir".
"Bəzən sürücülər avtomobilin icazə verilən yükdaşıma kütləsindən çox yük daşıyırlar. Avtomobili yükləyirlər. Bəzən avtomobilin üstü ilə yanaşı, salonunu da doldururlar. Sürücü demək olar ki, arxanı tam görə bilmir. Yəni, salondakı güzgü ilə arxanı görmək mümkün olmur. Bu da çox zaman avtomobil qəzalarının baş verməsinə səbəb olur. Bəzən "Qaz-24", "Qaz-31" markalı avtomobillərin üzərində 5-10 metr uzunluğunda armatur daşıyırlar. Və yükün ucu yerlə sürünür. Sürücülər yük üçün heç bir təhlükəsizlik tədbirləri görmürlər. Digər avtomobillərin bu yüklə toqquşma ehtimalı böyük olur" — mütəxəssis qeyd edir.
Onun sözlərinə görə, əvvəllər yol polisi bu kimi hallara güzəştlə yanaşsa da, hazırda heç bir güzəşt edilmir: "Buna görə də sürücülər də vəziyyəti nəzərə almalıdırlar. Sən iş görürsən, pul qazanırsan, ailəni dolandırırsan və başqalarını da təhlükəyə atırsan. Avtomobilə nəzərdə tutulandan artıq yük vurulduqda əyləc sistemi də sıradan çıxır. Sürücülər diqqətli olmalı, mövcud qanunvericiliyin tələblərinə riayət etməlidirlər".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










