Reklam

"Yol polisləri məni çox saxlayıb” - Qurban Qurbanov

Yazarlar 20 Yanvar 2018 01:06 Oxunub 1639
"Yol polisləri məni çox saxlayıb” - Qurban Qurbanov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mənə bu dərəcədə yaxşı yanaşıblar"

 "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Futbolpress-ə futboldan kənar mövzuda müsahibə verib. Avtosfer.az həmin müsahibəni təqdim edir:

- Futboldan kənar Qurban Qurbanovu ən çox maraqlandıran məşğuliyyət hansıdır?

- Futboldan başqa yenə futboldur. Daha doğrusu, idman. Əlimə kiçik bir fürsət düşən kimi öz işimdən əlavə idman eləməyə çalışıram. Bu, futbol da ola bilər, yaxud fərdi şəkildə idmanın başqa növü. Bəzən kimsə özümə yoldaş tapıram. Stolüstü tennisi sevirəm. Ümumiyyətlə, hər zaman idmanın içindəyəm.

- Hansı səhvinizi yada salanda "gərək etməzdim" deyə düşünürsünüz?

- Konkret hansınısa deyə bilmərəm. Amma böyüklərə qarşı bir az çılğın davranmışam. Belə deyək, həmişə özümü haqlı çıxarmağa çalışmışam. Burda valideynləri nəzərdə tutmuram. Yaşda məndən böyük olan digər insanlar. Uşaq da olsam, haqqımı tələb etmişəm. Çılğın, aqressiv olmuşam. Hətta bəzən müəllimlərdən də haqqımı tələb edirdim. İndi onları yadıma salanda fikirləşirəm ki, düz etməmişəm. Amma o yaşda davranışlarım onlar üçün gözlənilməz və maraqlı olub.

- Hansı fənn sizə daha çox maraqlı idi?

- Riyaziyyata daha çox həvəsli idim. Müəllimlərim də məndən çox razı idilər. Hər dəfə anamı görəndə deyirdilər ki, "əgər Qurban bu həvəslə, biliklə oxumasa, biz çox narahat olacağıq”. Ancaq get-gedə futbola sevgim o qədər çox oldu ki, elm qaldı arxa planda və tamamilə fikrimi bu sahəyə yönəltməyə başladım.

- Sükan arxasında sürəti sevirsiniz?

- Bəli, sürəti çox sevirəm. Yol polisləri məni çox saxlayıb. Son vaxtlar hədddən artıq çox tanıyırlar. Ancaq bəzən də elə olub ki, saxlayandan sonra kim olduğumu biliblər. Deyiblər ki, tanımadıq, üzrlü hesab et. Yəni, mənə bu dərəcədə yaxşı yanaşıblar.

- Səhv sizdə də olsa..?

- Həmişə səhv olanda saxlamayıblar. Bəzən yanlışlıqla baş verib. Ola bilsin, şübhələnib saxlasınlar, yaxud yoxlamaq məqsədilə. Təbii ki, dövlətin hər bir qanununa riayət etmək bizim borcumuzdur. Qaçdığım vaxt olmayıb. Nə vaxt işarə veriblərsə, saxlamışam. Amma belə, maşını sürətli idarə etməyi xoşlayıram.

- Xüsusi sevdiyiniz yeməklər varmı?

- Bəli. Plovu həddən artıq çox xoşlayıram. Quzu kababı sevimli yeməklərimdəndi. Yağlı, kalorili yeməklərdi əsasən. Ümumiyyətlə, evdə hazırlanan, öz milli yeməklərimiz xoşuma gəlir.

- Filmlərə münasibətiniz necədir?

- Hamı kimi "Kurtlar Vadisi”nə baxırdım. Onu çox bəyəndim. İndi "Eşkiya Dünyaya Hükümdar Olmaz” adlı serial gedir. Buna da əsasən saat uyğun gəlir deyə açıb baxıram. Ancaq xüsusi vaxt ayıra bilmirəm film izləməyə.

- "Kurtlar Vadisi”ndə sizin üçün hansı obraz maraqlı olub?

- Orda hansısa obraz yox, ümumi gedişat mənə maraqlı idi. Türklərin digər ölkələrə qarşı münasibəti, özlərini hazırlamağı, ölkəyə qarşı nələr planlaşdırılır – bu şeylər daha çox diqqətimi çəkdi. Hansısa obrazı xüsusi fərqləndirməmişəm.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh