Reklam

Yol qəzaları arasında intihar - Ekspertlər "ola bilər" deyir

Yazarlar 26 Sentyabr 2017 14:00 Oxunub 1312
Yol qəzaları arasında intihar - Ekspertlər "ola bilər" deyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobillə birlikdə intihar edir, sərnişin özünü maşından atır, piyada yola çıxır...

İsveçdə “Vision Zero” adı ilə keçirilən xüsusi yol hərəkəti təhlükəsizliyi proqramı çərçivəsində belə məlum olub  ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən 10 faizi intiharlardır. Statistikaya nəzər salanda ölkəmizin yollarında baş verən yol qəzalarının sayında müəyyən qədər azalma olsa da, həddindən artıq bu tipli qəzalar baş verir. Bəs bizdə bu qəzaların içərisində intihar xarakterli olanları neçə faiz ola bilər? İnsanlar bu yolla intihara niyə meyilli olurlar?

Nəqliyyat eksperti İlqar Hüseynli “Üç nöqtə”yə verdiyi açıqlamasında bildirdi ki, əslində yol-nəqliyyat hadisələrinin spesifik qruplaşdırılması ilə bağlı Azərbaycanda geniş tədqiqat işi aparılmayıb: “Baş verən hadisələrin səbəbləri konkret olaraq, hansı faktorlara söykənir? Bunlar araşdırılmayıb. Biz qanunvericiliyin tələblərinə görə, tibbi ekspertizanın nəticələrinə istinad edirik. Orda əsas statistikada nə götürülür? Birinci olaraq, alkoqol istifadə etmiş insanların affekt vəziyyətində nəqliyyat vasitəsilə toqquşması, nəqliyyat vasitəsinin altında qalması, sərxoş vəziyyətdə yol-hərəkət qaydalarını pozaraq qəsdən təhlükəli zolağa çıxması və s. əsas götürülür. İkincisi yol-hərəkəti qaydalarının konkret pozulması məsələləri götürülür. Məsələn, piyada lazım olan hər hansı bir yerdən - piyada keçidindən keçməyib. Üçüncüsü isə avto-ekspertizanın nəticələrinə istinad olunur. Tutaq ki, sürücü burada yol-hərəkəti qaydalarına düzgün olaraq riayət etməyib.

Təbii olaraq qəbul edirik ki, bu yol-nəqliyyat hadisələri içərisində intihar halları da, müşahidə oluna bilər. Biz istəsək də, istəməsək də, belə hallar var. Sadəcə olaraq, o halların hansı ekspertizanın rəyi əsanında, hansı sosioloji yanaşmanın nəticəsi olaraq müəyyənləşdirmək çətindir ki, həqiqətən də bu, intihardır. Bunun dəqiq statistikası Azərbaycan Respublikasında aparılmayıb”.

İ.Hüseynli dedi ki, yol-nəqliyyat hadisələrinin səbəblərinin qruplaşdırılmasının aparılması lazımdır: “Bu, maraqlı bir yanaşmadır, bizim üçün ilkdir. Belə bir tədqiqata ehtiyac var. Yol-nəqiyyat hadisələrində intihar faktorları nə qədər üstünlük təşkil edir? Tutaq ki, intihar edən şəxs cibinə yazılı şəkildə bir məktub qoyur, yaxud kimisə günahlandırıb intihar edir. Biz daha çox son illər müşahidə etmişik ki, insanlar ya özlərini hündürmərtəbəli binlardan atırlar, ya da asırlar. Bu halları biz müşahidə edirik. Amma yol-nəqliyyat hadislərində intihar faktoru kimi deyilən ciddi bir rəqəm və səbəb müşahidə olunmur. Əslində ola bilər ki, bu var”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, yollarda intiharların müxtəlif səbəbləri var: “Bəzi adamlar özlərini maşının altına atırlar, bəziləri çox nadir hallarda nəqliyyatdan özlərini yerə atırlar. Digər bir hal isə odur ki, sürücü avtomobili ilə birlikdə intihar edir. Məsələn, İsveçdə belə bir hal olmuşdu ki, sürücü maşını ilə birlikdə özünü dənizə atmışdı. Belə hadisələrin hamısını araşdırmaq lazımdır. Hələ indiyədək Azərbaycanda konkret bir fakta rast gəlməmişəm, yazsınlar ki, filan yerdə yol-nəqliyyat hadisəsi olub və araşdırma nəticəsində məlum olub ki, sürücü, yaxud sərnişin, piyada intihar edib. Belə hallara rast gəlməmişəm”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu çox doğru və yerində olan bir eksperimentdir: “Bəli, statistika da göstərir ki, yol-hərəkəti hadisələri nəticəsində olan ölüm hadisələrinin bir qismi intihardır. Zərərli vərdişlərdən asılı olan və bundan həyatını dəyişən insanların da ölümünün kökündə dolayısı ilə intihar halları yatır. Bu cür hallar var və danılmazdır. İnsan özünü zaman-zaman məhvə düçar edir. Azərbaycanda da yol-nəqliyyat hadisələrinin bir qismi məhz intihar səbəbindən baş verir. Narahatlıq və gərginlikdən dolayı, bədbəxt hadisə ilə həyatına son qoyulur. Yəni, bu hallar özünü göstərir və mövcuddur. Belə ki, bütün hallarda intihar edənlərin içərisində depressiyada olanlar var. Həmin o yol qəzalarında dünyasını dəyişən insanların içərisində ailədaxili konfliktlər yaşayan insanlar var. Və sairə səbəblər onu deməyə əsas verir ki, bu bədbəxt hadisələrin bir kökü də intihardır”.

 

Könül Əhmədova,

"Üç nöqtə"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh