Yollarımızda qəzalar buna görə baş verir – REAL VİDEO-FOTOLAR

Yazarlar 6 Oktyabr 2016 08:45 Oxunub 6849
Yollarımızda qəzalar buna görə baş verir – REAL VİDEO-FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi və kamera-radar yoxdursa sürət və qarşı yola çıxmaq adi hala çevrilib

Yollarımızda ağır qəzalar baş verdikcə hər kəsdə bir sual yaranır ki, niyə bu qədər qəza baş verir və ya niyə bunların qarşısı alınmır. Əslində, çoxları bu sualların cavabını dəqiq bilir. Lakin Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə hazırladığı bu videodan suallara daha dəqiq cavab tapmaq mümkün olacaq. Bu videomateriallar Bakı-Şamaxı yolunda çəkilib. Bakıdan İsmayıllıya qədər hərəkət edən əməkdaşlarımız yollarda maraqlı görüntülər çəkə biliblər. Təqdim etdiyimiz videodan da aydın olur ki, yollarımızda xeyli intizamsız sürücü var. Onlar yol polisi və kamera olmayan yerlərdə sürət həddini aşır, qarşı yola çıxır, təhlükəli manevrlər edərək qəza şəraiti yaradırlar. Və çox təəssüflər olsun ki, belələri hətta utanmadan yollarımızda kameraların və yol polislərinin sayının çox olduğunu deyib özlərinə haqq qazandırmağa çalışırlar. Məhz belə sürücələrin əhatəsində yaşadığımızı nəzərə alsaq, o zaman tam əminliklə demək olar ki, kameraların, radarların və yol polislərinin sayını artırmaq lazımdır.

Videoda maraqlı bir məqam var. İsmayıllı-Muğanlı yolunda yol polisi avtomobilinin hərəkət etdiyini görən sürücülər nizam-intizamlı olurlar. Bir qədər sonra isə yenə də hərə öz bildiyi kimi sürür. Belə çıxır ki, hər 1 kilometrdən bir yol polisi maşını bizim sürücülərə qoşulub o başa-bu başa getməlidir. Bəs sürücü mədəniyyəti? Bəs məsuliyyət? Ümumiyyətlə, bu barədə düşünən varmı?

Videoda tam aydın görünür ki, qayda pozanların əksəriyyəti bahalı avtomobillərin sürücüləridir. Sərnişin daşıyan mikroavtobuslar da sürət həddini aşır, qarşı yola çıxır və sair. Maraqlısı budur ki, təhlükəsizlik sistemi sıfır səviyyəsində olan və əlillər üçün dövlət tərəfindən paylanılan «OKA» markalı avtomobilin sürücüsü də təhlükəli nöqtədə və qadağan olunmuş ərazidə ötmə əməliyyatı aparmaq üçün qarşı yola çıxır. 

«Mercedes», «Lada-010», «Toyota-RAV-4» «Nissan», «VAZ-2107» markalı avtomobillər də eyni əməli təkrar edirlər. «KİA» markalı avtomobilin sürücüsü isə hətta körpüdə ötmə əməliyyatı aparır.  Onun ardınca da ağ rəngli «Ford» eyni əməli təkrarlayır. Bu anda qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi yaranmışdı.

Sürətli yollarda sürücülərin yol verdiyi xətalardan biri də ara məsafəsini düzgün seçməmələridir. Əksəriyyəti 100-110 km/saat sürətlə hərəkət etdiyi yolda qarşıdakı avtomaşına 2-3 metr məsafəyədək yaxınlaşır ki, bu da qəza riskini artırır. Ən təhlükəlisi odur ki, ötmə əməliyyatına bu qədər yaxın məsafdən başlayırlar və bu zaman qarşıdakı mənzərəni görə bilmirlər. Diqqət edin! Qadağan olunmuş yerdə «Mercedes» markalı mikroavtobusun «Kamaz»ı ötməsi çox təhlükəli idi, bir neçə saniyə ərzində ağır qəza baş verə bilərdi.

Yol boyu bəzi sürücülərin yolun kənarında avtomobili saxlayarkən kobud qayda pozuntusuna yol verdiklərinin də şahidi olduq. Onlardan biri bizim kameraya düşüb. Göründüyü kimi, yol çiyni genişdir. Lakin sürücü avtomobili elə saxlayıb ki, yolun hərəkət hissəsinə çox yaxındır və hələ bu azmış kimi, sürücü yaxınlaşmaqda olan avtomobili görə-görə qapını açıb maşından düşür. Bu cür situasiyalar da qəzaya səbəb olur.

İşin ən təhlükəli tərəfi budur ki, sürücülər bu cür qayda pozuntularına təmir olunan yol sahələrində yol verirlər. Hansı ki, burada hər an təhlükə var və diqqətli olmaq lazımdır.

O başqa məsələdir ki, bu yollarda bəzən lüzumsuz yerə ötməni qadağan edən düz xətt çəkilib və bir çox hallarda bu xəttin uzunluğu sürücüləri hövsələdən çıxarır. Ümid edirik ki, yoldakı təmir başa çatandan sonra bu məsələlər nəzərə alınacaq. Lakin bu o demək deyil ki, xətt uzundursa, onu tapdalayıb keçmək olar. Yol hərəkəti necə təşkil olunubsa, qaydalar necə müəyyən edilibsə və nişanlar nə göstərirsə sürücünün də borcudur ki, buna əməl etsin.

 

Elməddin Muradlı,

Nurlan Əliyev,

Bakı-İsmayıllı-Bakı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh