Reklam

Yük maşınları yeni təmirdən çıxan yollara qənim kəsilib - FOTO

Yazarlar 21 İyun 2017 18:32 Oxunub 2354
Yük maşınları yeni təmirdən çıxan yollara qənim kəsilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər 10 metrdən bir yolda çökəklər və qabarmalar əmələ gəlib

Ötən il “Azəravtoyol” ASC tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilən Hökməli-Qobu-Güzdək avtomobil yolu yenidən yararsız vəziyyətə düşüb. Belə ki, uzunluğu 11 km, ortalama eni isə 9,5 metr olan avtomobil yolunun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür. Hazırda həmin yolun Hökməli və Qobu qəsəbələrini birləşdirən hissəsində, eləcə də Qobu kəndinə gedən yolda asfalt örtüyü sıradan çıxıb. Hər 10 metrdən bir yolda çökəklər və qabarmalar əmələ gəlib. Bu isə avtomobillərin hərəkətinə mane olmaqla yanaşı, yola nabələd olan sürücülər üçün də təhlükə yaradır. Yolda işıqlandırma sistemi olmadığından axşam saatlarında nabələd sürücülər burada təhlükəli vəziyyətə düşürlər. Normal sürətlə gələn avtomobil burada iri yarğanlara düşərək qəzaya səbəb olur. Bu yolda tez-tez avtomobillərin toqquşması ilə nəticələnən qəzalar yaşanır. Səbəb isə odur ki, sürücülər yarğana düşməmək üçün qarşıdan gələn avtomobilin yoluna çıxmağa məcbur olurlar. Qeyd edək ki, yolun bu vəziyyətdə olmasının səbəbi Güzdək qəsəbəsində daş karxanalarının fəaliyyət göstərməsidir. Belə ki, orada çıxarılan daş ağırtonajlı yük maşınları ilə paytaxtın müxtəlif istiqamətlərinə daşınaraq bazara çıxarılır. Mütəmadi olaraq bu yolda daş aparan yük maşınları hərəkət edir. Daha pis məqam isə odur ki, həmin maşınlar normadan artıq yük götürdüklərindən asfalt örtüyünə də ciddi ziyan vururlar. Bütün bunlar yolların mühafizəsinin düzgün təşkil olunmadığının sübutudur.

Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Qobu qəsəbəsinin sakini Teymur Əliyev deyir ki, bu yük maşınlarına görə yollar bir ilin içində yararsız vəziyyətə düşüb: “Bu yol iri yük maşınlarına hesablanmayıb. Həm də o maşınlar normadan artıq yük götürür. Normalda bir yük maşını 800 daş tutur, lakin sahibkarlar çox qazanmaq üçün 1000 daş vururlar. Düşünmürlər ki, yol bu qədər yükə tap gətirmir. Ötən il asfaltlanıb, ancaq bərbad vəziyyətə salıblar. Yağış suları həmin sökülən yerlərə dolur, asfalt örtüyünü sıradan çıxarır. Dövlət bu vəziyyəti nəzarətə götürsə yaxşı olar. Bu ərazilərdə yolların mühafizəsinə diqqət etmək lazımdır. Əks halda bu gedişlə asfalt örtüyü gələn ilə qalmayacaq. Daş karxanasına gedib, kimə nə deyəsən? Daş karxanaları hərəsi bir məmurun, biznesmenindir”.

Məhz bu səbəbdən 1 il öncə istifadəyə verilən yolda abadlıqdan əsər-əlamət qalmayıb. Halbuki, təmir zamanı yola 2 qat olmaqla asfalt-beton örtüyünün döşənib. Yəni, asfalt örtüyünün sıradan çıxmasının səbəbi keyfiyyət məsələsindən daha çox yük maşınlarının intensiv hərəkətidir.

 

Onu da vurğulayaq ki, yük maşınlarının yeni təmirdən çıxan bu yola çıxmaması üçün alternativ yol da ayrılıb. Belə ki, həmin daş maşınları Güzdək karxanalarından çıxarkən Qobu kəndinə girmədən Lökbatan yolu ilə “Sədərək” Ticarət Mərkəzi istiqamətindən şəhərə çıxa bilərlər. Lakin bu yol sürücülərə əlavə vaxt və yanacaq itkisi hesabına başa gəldiyindən Hökməli-Qobu-Güzdək yoluna üstünlük verirlər.

 

 

 

 

 

 

 

 

 

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh