Ziya Məmmədovun tikdiyi binalar sürüşür - Təhlükə
Yasamal rayonu, II Alatava qəsəbəsində, Bakı Avtovağzalı Kompleksinin yaxınlığında çoxmərtəbəli binaların tikintisi davam edir. Uzun müddətdir ki, adıçəkilən ərazidə tikinti işləri müəyyən səbəblərdən dayansa da, bir neçə gündür yenidən prosesə start verilib. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, bu ərazi sürüşmə zonası hesab olunduğundan tikinti prosesi aidiyyəti qurumların tələbi ilə dayandırılıb. Lakin qeyri-müəyyən əsasla yenidən tikinti davam etdirilir.
Ərazidə 10-a yaxın yaşayış binası yerləşir. Binalardan bir neçəsi yaşayış üçün tam hazır vəziyyətə gətirilsə də, digərlərində təmir və tikinti işləri davam etdirilir. Yerli sakinlərin dediyinə görə, əvvəllər bu binalarda mənzil satışı dayandırılsa da, son zamanlar satışa start verilib.
Müşahidələrimiz zamanı da binaların həyətində mənzil almaq üçün müraciət edən vətəndaşlar gözə dəydi. Öyrəndik ki, tikinti aparan şirkət Ziya Məmmədova məxsus olan “MAİN Construction” LTD-dir.
Müştəri qismində yaxınlaşıb mənzillərin qiymətini öyrənməyə və binalara baxış keçirməyə cəhd etdik. Satış şöbəsinin müdiri Rəfael adlı şəxs bizə uçurumun ən hündür yerində inşa olunan 20 mərtəbəli binanın 7-ci mərtəbəsindən mənzil təklif etdi. Bu mənzil üçün ilkin ödəniş 40 min manatdır, aylıq ödəniş isə 36 ay müddətinə hər ayı 3000 manatdan hesablanır.
Qeyd edək ki, mənzil alacaq olduğumuz bina sürüşmə zonasının ən pik nöqtəsindədir. Binanın bünövrəsindən 30-35 metr aralıda on metrlərlə dərinliyi olan uçurum uzanır. Bakı Avtovağzalı Kompleksindən baxarkən həmin binanın necə təhlükəli yerdə olduğu daha aydın görünür.
Alatava sakinləri ilə söhbət zamanı bəlli olur ki, sovet dövründə həmin ərazidə kimsəsiz uşaqlar üçün pansionat yerləşib, lakin sürüşmə zonası olduğundan həmin ikimərtəbəli binanı söküblər: “Bildiyimiz odur ki, 10 ildir bu binaların tikintisi davam edir. 2008-2009-cu illərdə ilk iki binanın inşasına başlanıldı. Sonradan ətrafdakı həyət evlərini alıb, binaların sayını çoxaltdılar. 2-3 il fasilədən sonra ərazidə tikinti işləri yenə başladı. Binalar keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Alatava camaatı buranı ”Ziyanın binaları" kimi tanıyır".
Onu da qeyd edək ki, satış şöbəsinin əməkdaşları da binanın Ziya Məmmədova və qardaşı Elton Məmmədova məxsus olduğunu bildirdilər. Müşahidələrimiz zamanı hazır binalarda çox az sayda ailənin məskunlaşdığının şahidi olduq. 20 mərtəbədən ibarət olan binada sükut hökm sürür.
Məhəllə sakinləri bunun səbəbini ərazinin sürüşmə zonası olması ilə əlaqələndirdilər: “Tam hazır vəziyyətdə olan 4-5 bina var. Lakin mənzil almağa gələn yoxdur. Bura barədə tez-tez xəbərlər yayılırdı ki, sürüşmə zonasıdır. Bəlkə də ona görə camaat qorxur. Sözün açığı, bu ərazi sürüşməyə meyllidir. Nə qədər betonlasan da, təhlükə riski böyükdür. Bildiyiniz kimi, Bakı Avtovağzalı Kompleksinin yolu çökdü. Çatlar, yarğanlar əmələ gəldi. Dövlət bu binalara nəzarət etməli, yüzlərlə vətəndaşın həyatı riskə atılmamalıdır”.
Binaların yerləşdiyi ərazinin sürüşmə zonası olub-olmadığını öyrənmək üçün ekoloq Telman Zeynalovla əlaqə saxladıq. O bildirdi ki, həmin ərazinin sürüşmə zonası olması haqqında rəsmi məlumat yoxdur: “Mən ərazini sürüşmə zonası hesab etmirəm. Son dövrlər Abşeron ərazisində həddindən çox yataqlar var. Neft, qaz istehsal etdikdə boşluqlar yaranır. Bu səbəbdən çoxmərtəbəli binalar çökə bilər. Ən qorxulusu budur. Xəzərin səviyyəsi 2030-cu ildə 1 metr 50 santimetr qalxacaq. Əgər çökmə baş versə, binaların zirzəmiləri suyun altında qalacaq. Hökumətin bu barədə nə düşündüyünü bilmirəm. Bu işləri icra edəndə mütəxəssisləri cəlb etməlidirlər, bu sahədə çalışan QHT rəhbərlərinin təcrübəsindən istifadə etməlidirlər”.