Çempion polisimizi siz də tanıyın – İbrahim Məmmədov - FOTO
Üzündəki yumruq izlərinin qızartıları, sıyrıqları hələ getməmişdi. Çox çətin bir döyüşdən gəldiyi aydınca hiss olunurdu. Mən “döyüş” sözünü əbəs yerə işlətmədim. Vətinimizin adını ucaltmaq üçün hansı sahədə olursa-olsun uğura imza atan hər bir şəxs döyüşür desək, daha doğru olar. Çünki elə dünya da, həyat da döyüş meydanıdır...
Gənc olmasına baxmayaraq, kifayət qədər titullu və təcrübəli bir idmançı, özü də polis əməkdaşı ilə həmsöhbət olduqdan sonra beynəlxalq arenalarda qələbələrimizin artacağına daha çox ümidləndim. O, keçirdiyi döyüşlərdən elə ürəklə, elə həyəcanla danışırdı ki, sanki bu an yenə də rinqə atılacaq. Həm də hiss etdim ki, idman onun həyat tərzidir və çətin də olsa o, bu həyata çoxdan öyrəşib. İbrahim Məmmədov. Adı ölkəmizdə və dünyada öz çəki dərəcəsində ən güclülər sırasında birinci çəkilir.
1989-cu ildə Şərurda doğulub. Kiçik yaşlarından könlünü idmana verib. 2002-ci ildən Bakıya gəlib və böyük idmanın çətin, enişli-yoxuşlu yollarında ilk, amma möhkəm addımlarını atıb. 2003-cü ildə idman cameəmizdə ümidləri doğruldacaq bir idmançı olacağına ümidli olanlar, daha doğrusu, Azərbaycan idmanını dünyada təmsil edəcək idmançılar axtarışına çıxanlar onu diqqətdən kənar qoymayıblar. Ümidləri doğruldub. Hərbi xidmətdən sonra, 2008-ci ildə “may-tay” idman növündə respubika çempionu olub.
Yeri gəlmişkən, o, 2016-ci ildə 67 kiloqram çəki dərəcəsində kikboksdan ölkə çempionu adını qazanıb. “May-tay” üzrə beşqat ölkə çempionu titulunu qazanan idmançımızın ilk beynəlxalq uğuru 2014-cü ildə İtaliyada olub. Orada 4 döyüş keçirib və bütün rəqiblərindən daha güclü olduğunu sübut edib. Dəfələrlə yerli idmançılarla döyüş zamanı hakim haqsızlığı, qısqanclığı ilə üzləşib, amma haqq hər zaman onun tərəfində olub. Həmkarımız, polis serjantı İbrahim Məmmədov budo döyüş növləri üzrə həm də beşqat dünya çempionudur.
“Mübariz keşikdə” qəzeti Vətənimizin, eləcə də, polisin adını ucaldan idmançılarımıza səhifələrində hər zaman yer ayırıb. Haqqında qəzetimizdə bugünədək yazının getməməsi, belə deyək, onun təvəzökarlığının nəticəsidir. Ancaq bu dəfə yazmalıydıq...
Polis idmançılarımızın Birləşmiş Ərəb Əmirliklərində döyüş növləri üzrə keçirilən yarışda iştirakından bütün ölkə mətbuatı yazdı. Yeri gəmişkən, elə onunla görüşməyimizdə məqsəd həm də bu barədə ətraflı öyrənmək idi.
“Bu mənim idman karyeramda ən çətin yarış idi. 30-dan çox ölkənin ən güclü və titullu idmançıları döyüşmək və qalib olmaq üçün gəlmişdilər. Budonun Fri kontaktın K 1 versiyasında 3 döyüş keçirdim. İlk rəqibim Küveyt idmançısı idi. Ona qalib gəldim. Sonra livanlı idmançıya. Keçirdiyim döyüşlərdə zədələr almışdım. Misirli idmançı ilə qələbə uğrunda mübarizəyə başladım. Çox çətin döyüş oldu və sonrakı raundlarda təmiz qələbə ilə onu məğlub etdim...”
Onun hansı xidmətin əməkdaşı olduğunu bilərəkdən sona saxladım. Polis serjantı İbrahim Məmmədov 2012-ci ildə Əlahiddə Çevik Polis Alayında xidmətə başlayıb. Xüsusi Təyinatlı Taborun II bölüyündədir. DİN və Alay rəhbərliyinin diqqət və qayğısı, məşqçiləri Teymur Teymurovun və beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, polis serjantı Habil Hümbətovun həyatındakı rolunu minnətdarlıqla qeyd edir.
Yeri gəlmişkən, beynəlxalq dərəcəli idman ustası olan həmkarımız dəfələrlə DİN çoxnövçülüyündə 400 və 1000 metr məsafələrə qaçışda birinci olub.
Söhbətimizin sonunda bu qədər titullu, məşhur qələbələrin sahibi olan bir idmançı oğlumuzdan ən böyük arzusunun nə olduğunu soruşdum. Uşaq təbəssümü ilə güldü və təvəzökarlıqla: “Zabit olmaq istəyirəm”,- dedi. Tezcə də əlavə etdi: “Bax, bunu qəzetə yazma, ha...” .
Hafiz Təmirov,
polis mayoru