General göstəriş verdi; yol qəzaları təhlil edildi – Əsas səbəblər - VİDEO
Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımı Biləsuvar rayon Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəbində və Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksində şagirdlərlə görüş keçirib. 10-cu tağımın komandiri, polis mayoru Qulu Quliyev bildirib ki, bundan öncə də bu məktəbdə bir neçə dəfə görüşlər olub. Bu cür görüşlər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun göstərişi ilə keçirilir. Onun sözlərinə görə, Baş İdarə rəisinin təşəbbüsü ilə respublikada baş vermis yol nəqliyyat hadisələrinin təhlili daxil olmuş ərizə və müraciətlərə əsasən təşkil edilir: “Biləsuvar İran İslam Respublikasına çıxışı olan rayondur. Cənuba çıxış qapısının biri də bilavasitə burda yerləşir. Bu yollardan nəinki yerli vətəndaşlar, xarici vətəndaşlar da istifadə edir. Odur ki, yol hərəkət qaydalarını bilmək və ona əməl etmək vacibdir. Bizim xidmət etdiyimiz ərazidə keçən il 8 yol nəqliyyat hadisəsi zamanı 18 nəfər ölüb, 2-si yaralanıb. Keçən illə müqayisədə bu ilin 10 ayında 8 ölüm hadisəsi azalıb, 1 yaralı olub. Amma yenə də böyük rəqəmdir. Bu hadisələlərin baş verməməsi üçün yola çıxdığınız zaman diqqətsizlik etməyin, ləngiyib, diqqəti yayındıran hərəkətlərə, söhbətlərə yer verməyin, telefona baxmayın, zarafat etməyin. Hər zaman diqqətli olmağınız vacibdir. 12 yaş həddinə qədər uşaqların minik nəqliyyat vasitəsində qabaq oturacaqda oturması qadağandır. Təhlükəsizlik kəmərlərindən istifadə edin. Görsəniz ki, sürücü kəmər taxmayıb, deyin, o da taxsın”.
Qulu Quliyev deyib ki, bu ilin fevral-mart ayında bu yolda 2 velosipedçiyə protokol yazılıb: “O şagirdlərdən birinin valideyni şikayət etmişdi. O şikayət əsassız idi. Bunu sonradan özü də başa düşdü. Mən onunla danışdım, izah verdm ki, sizin övladınızın respublika əhəmiyyətli yolda velosiped sürməsi qadağandır. Kənd yerlərində velosiped yolları yoxdur – bilirik. Amma hər kəsin həyətyanı sahəsi var, məktəbin həyətində geniş meydança var. Yoxsa ki, 14 yaşdan aşağı uşaqların o cür yolda velosiped sürməsi qanunda yolverilməzdir. 14 yaşdan yuxarı uşaqların velosiped sürməsinə isə yalnız bir halda icazə verilir - əgər velosiped yolu varsa. Velosiped yolu yoxudrsa, sürüb problemlə üzləşmək lazım deyil.
Ay yarım bundan qabaq Salyan-Sabirabad-Noxudlu yolunda cavan oğlan qulağında qulaqcıq, teelfonda mahnıya qulaq asa-asa velosiped idarə edirdi. Qarşıdan da “Qazel” gəlirdi. Musiqi diqqətini o qədər yayındırıb ki, velosipedin sükanı “Qazel”in kuzasına çırpılıb, nəticədə beyin xəsarəti alıb”.
Polis mayoru yuxarı sinif şagirdlərinin atalarının maşınını gizli götürüb idarə etməsi məsələsinə də toxunub: “Bəzi şagirdlər valideyndən xəbərsiz, yaxud valideyni bilə-bilə maşını götürüb sürürlər. Minik nəqliyyat vasitəsini sürmək hüququ 18 və 18 yaşdan yuxarı şəxslərə verilir. Yol polisi işarə verəndə tabesizlik göstərir, qaçmağa cəhd edir, kəndin arasına girirlər. Yol polisi də onu təqib etmir ki, bədbəxt hadisə baş verər, ağır fəsadlar olar. Maşının qeydiyyat nişanını götürüb raport yazanda maşının sahibi gəlir ki, mən idarə etməmişəm, həmin vaxt evdə olmuşam”.
Sonda DYP əməkdaşı şagirdlərə tövsiyələr də verib: “Yola butulka, şüşə, taxta qırıntısı atmaq, yol örtüyünü zibilləmək olmaz. Bəzən Xırmandalıda yolun hərəkət hissəsinə daş qalaqları yığılır. Bunu yaşlı adam etməz. Halbuki yolda hər hansı maneəni görəndə də onu götürmək lazımdır. Siz şagirdlər başa düşün ki, gələcəkdə savadlı, bacarıqlı, qabiliyyətli, yüksək düşüncəli olmağınız tək valideyninizə, özünüzə yox, cəmiyyətə, dövlətə, xalqa lazımdır. Sizə əsas tövsiyəm odur ki, yola çıxdığınız, hərəkətdə olduğunuz zaman nəqliyyat vasitəsinin axınında yox, əksi istiqamətində getmək lazımdır. Bir müddət əvvəl Salyanda Yenikənddə bir şagird şər qarışan vaxt məktəbdən çıxıb evinə gedəndə nəqliyyat axını istiqamətində hərəkət edirdi. Arxadan bir “Moskviç” uşağı vurub hadisə yerindən qaçmışdı. Nəqliyyat vasitəsinin əksi istiqamətində hərəkət etdikdə isə qarşıdan gələn maşını görə bilərsiniz. Odur ki, yollarda daim ayıq-sayıq olun, özünüzü qoruyun”.
Elməddin