Məktəblilər polis idarəsində: Rəis onlara nə dedi? – FOTO

Yol polisi 27 Oktyabr 2018 19:16 Oxunub 3640
Məktəblilər polis idarəsində: Rəis onlara nə dedi? – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha sonra şagirdlərə polislərin hədiyyəsi-kitablar təqdim olunub

“XXI əsrdə yaşamaq qismətimizə yazılıbsa və çevrəmizdə son texnilogiyalar işimizi asanlaşdırmaq üçün əmrimizə tabedirsə, deməli, hər addımda yeniliyə can atmalıyıq. Əgər dünən təfəkkürümüzün üfüqləri yer kürəsi boyu uzanırdısa bu gün bizdən milyonlarca işıq sürəti uzaqda olan planetləri müşahidə edə bilirik. Əldə edilən hər bir uğurlu nəticə ilk növbədə savadın və onunla bərabər gərgin zəhmətin bəhrəsidir.  İnsan oğlu uca Yaradandan “Oxu” kəlməsini öyrənəndən sonra öz xoşbəxtliyini qazandı, hədəfinə çatmaq üçün maneələri əlifba sırası ilə dəf etdi. Yəni bir hərf bir problemin açarıdır. Əldə etdiyimiz uğur bur ucu göyə pərçimlənmiş zəncirdir. Onun hər həlqələrindən biri zəhmət, digəri isə elmdir.” Bu fikirləri  Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri ilə görüşdə söyləyən rəis, polis polkovniki Muradəli Babayev onları burda görməkdən məmnun olduğunu bildirdi. Bir günlük də olsa polisin həyatı, iş rejimi barəsində onlarda aydın təsəvvür yaranacaqdı,  yəni bu görüşün özü də maarifləndirmə xarakteri daşıyırdı. Həm də uşaqların bura gəlməsi İdarə rəisinin təşəbbüsü idi. Yaşadıqları ərazidə, məktəbdə, yolda rast gəldikləri, amma heç də həmişə ünsiyyət qurmadıqları polislə bağlı bu gün onlar daha çox məlumat toplayacaqdılar. Polis İdarəsinin geniş həyəti, əzəmətli görünüşü, ətrafında salınmış yaşıllığı şagirdlərin marağına səbəb olmuşdu. Onlar bura ilk dəfə gəlirdilər.  İdarənin inzibati binası ilə tanışlıq Növbətçi hissədən başladı. Ərazi polis orqanlarında vətəndaşların ilk müraciət etdiyi ünvanın Növbətçi Hissə olduğu barədə  məsul növbətçi, polis zabiti şagirdlərə məlumat verdi. “Siz şəxsiyyət vəsiqələrini və ümumvətəndaş pasportlarını” haradan alırsınız sualına uşaqların yarısı “ASAN xidmət, yarısı da polisdən” deyə cavab verdilər. Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindəki yeni avadanlıqlar da şagirdlərin diqqətini çəkdi. Yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanma qaydası barədə də məlumatlandılar. Hiss etdim ki, üzərinə “Müvəqqəti Saxlama Yeri” yazılmış dəmir qapılar şagirdlərin daha çox marağına səbəb oldu və bu nüans rəisin də diqqətindən yayınmadı. Şagirdlərdən birinin “Burada kimi və nə üçün saxlayırlar?” sualına rəisin cavabı belə oldu: “Burda hər hansı bir cinayətdə şübhəli bilinən şəxslər müvəqqəti saxlanılır. Bəzən onların içində biz elələrinə rast gəlirik ki, dünyagörüşünə, intellektinə, istedadına heyfimiz gəlir. Gənc yaşda cinayət törədənlərlə söhbət zamanı valideyn nəzərətsizliyinin və təhsildən yayınmaların acı nəticələrini görürük. Ümidvarıq ki, onlar cəzalarını çəkdikdən sonra həyatın uçurumlara gedən axınından qurtulub cəmiyyət üçün normal vətəndaş olacaqlar”.

“Elə bilirsiniz təkcə siz oxuyursunuz, müasir texnologiyalardan, kompyuterlərdən təkcə siz yararlanırsınız ?”, - deyə şagirdlərə təbəssümlə müraciət edən polis rəisi üzərinə “Sinif otağı” yazılmış otağın qapılarını açdı və “Günümüzün tələbi yenilikləri öyrənmək, öyrəndiklərimizi isə təcrübədə tətbiq etməkdir. Törədilən hər bir cinayətdə dövrün öz izi var. Odur ki, kibercinayətkarlıqdan tutmuş açılması asan görünən hər hansı bir cinayət faktı diqqətdə saxlanıır, öyrənilir. Yəni polis bildikləri, oxuduqları ilə kifayətlənmir, hər gün, hər an intellektini inkişaf etdirir, dünya təcrübəsini oxuyur, öyrənir. Gördüyünüz bu otaqda biz əməkdaşlarımıza peşə hazırlığı dərsləri keçirik. Hər hansı bir işdə müvəffəqiyyət qazanmaq, fərqlənmək, daha böyük uğur əldə etmək üçün oxumağa hər kəsin ehtiyacı var”,- dedi. Əksəriyyəti 10-cular və və 11-cilər olan şagirdlərə rəisin bu gün ölkəmizin iqtisadi, siyasi həyatı, yeniliklər, polisin fəaliyyəti, xidmətdə fərqlənən əməkdaşlar barədə oxuculara ətraflı, dolğun məlumat verən DİN-in mətbu orqanı “Mübariz keşikdə” və Bakı Şəhər Baş Polis İdarəsinin “Polis” qəzetləri haqqında məlumat verməsi, düzü, məni qürurlandırdı. Rəisin otağı ilə tanışlıq daha maraqlı anlarla yadda qaldı. Hətta “Kim bu gün rəis olmaq istəyir” deyəndə Uğur adlı oğlan “Mən rəis olmaq istəyirəm”,- deyib rəis kürsüsündə əyləşdi…

Gələcəyin jurnalistlərindən bir neçəsi inzibati binada yaradılan şəraiti, xidməti otaqların səliqə-səhmanından tutmuş gördüklərini, müşahidə etdiklərini, daha doğrusu, ilk təəssüratlarını qeyd edirdi…

İdarənin akt zalında isə uşaqları daha bir sürpriz gözləyirdi. Veteranlar da şagirdlərlə görüşə gəlmişdilər. Bu işıqlı, geniş akt zalında müxtəlif tədbirlərin keçirilməsini diqqətə çatdıran rəis bugünkü görüşün önəmini xüsusi qeyd etdi. O, gələcəyimiz olan uşaqlara müstəqilliyimizin sütunlarının daha da möhkəmlənməsində Azərbaycan Polisinin keçdiyi inkişaf yolundan, tarixi xidmətlərindən söhbət açdı. Həmçinin bildirdi ki, gəncləri zərərli vərdişlərdən, pis əməllərdən qorumaq üçün polisin hələ bundan sonra da görüləsi işləri çoxdur. Rəis dedi ki,  DİN rəhbərliyinin göstərişi ilə erkən nikahlar, narkomaniya, dini radikalizm, bəlalarına qarşı mübarizədə aparılan  maarifləndirmə işləri bəhrəsini verməkdədir. Övladlarının həyatını risqə atanları, onların taleyini sual altında qoyanları indi polisdən öncə məlumatlı, maarifləndirilmiş vətəndaş özü tənbeh və tənqid edir. RPİ Veteranlar Şurasının üzvü Faiq Ağayev,  polis kapitanı Aygül Həsənova polisi insanlara daha yaxından tanıdan və onu sevdirən bu cür maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyətini qeyd etdilər. Məktəb-liseyin direktoru Nəzakət Əsgərova bu görüşün şagirdlərin xatirində dərin iz buraxacağına, onların gələcəyini düşünən, onları zərərli vərdişlərdən uzaq olmaq üçün hətta ölümün gözünə belə dik baxan polislərimizi unutmayacaqlarına əminliyini bildirdi. Daha sonra şagirdlərə polislərin hədiyyəsi-kitablar təqdim olundu.

Hafiz Təmirov,

polis mayoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh