Reklam

Ramil Usubov rəislərə tapşırıq verdi - Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılsın

Yol polisi 15 Sentyabr 2018 20:03 Oxunub 1806
Ramil Usubov rəislərə tapşırıq verdi - Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılsın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Sentyabrın 15-də Daxili İşlər Nazirliyində (DİN) "Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində bayır xidmətinin fəaliyyətinin təşkili üzrə görülən işlər”in və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı”nın vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, habelə insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O da qeyd olunub ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də bütövlükdə qənaətbəxş olub, əvvəlki dövrlərin müsbət təmayülləri daha da inkişaf etdirilib.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov bildirib ki, ölkədə aparılan hüquqi islahatlar çərçivəsində bayır xidmətlərinin də fəaliyyətinin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində rolunun artırılması daim Nazirliyin rəhbərliyinin diqqət mərkəzində olub. Cari ilin 8 ayı ərzində ictimai yerlərdə hüquqpozmaların profilaktikası sahəsində həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif inzibati xəta törətdiklərinə görə post-patrul xidmətinin əməkdaşları tərəfindən 18303 şəxs saxlanılaraq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunub. Yol hərəkəti qaydalarını pozan piyadalar barədə 3138 protokol tərtib edilib. İctimaiyyətlə əlaqələrin möhkəmləndirilməsinə, Polisə İctimai Dəstək üzvlərinin fəaliyyətinin səmərəli təşkilinə önəm verildiyi də diqqətə çatdırılıb.

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov qeyd edib ki, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan təqsirləndirilən şəxslərin yerinin müəyyən edilərək tutulması istiqamətində görülən işlər, öz növbəsində, əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşması, cinayətlər nəticəsində vurulmuş ziyanın ödətdirilməsi, zərərçəkmişlərin pozulmuş hüquqlarının bərpası, axtarışa elan olunanların təkrar cinayətlərinin qarşısının alınması, bütövlükdə vətəndaş məmnunluğunun təmini kimi vacib məsələlərin həllinə xidmət edir. Bu baxımdan, əməliyyat şəraitinə və cinayətlərin açılmasına əhəmiyyətli təsiri baxımından təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılıb, Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunaraq fəaliyyətin daha da yaxşılaşdırılması üçün qərarlar qəbul edilib. Cari ilin 8 ayında ölkə üzrə axtarılan şəxslərin tapılıb tutulması sahəsində fəaliyyətin nəticələri ötən ilin analoji dövrü ilə müqayisədə 4,4 faiz yaxşılaşıb.

Məruzələr ətrafında çıxış edən şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlərdən, əməliyyat-xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması yollarından danışıblar.

İclasa yekun vuran nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlikdəki məsələlər üzrə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi hüquq mühafizə siyasəti sayəsində ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunan uğurları xatırladaraq, hər bir əməkdaşın bu ali diqqətə layiqli əməyi ilə cavab verməsinin vacibliyini vurğulayıb. Həmçinin ölkə Prezidentinin vətəndaş məmnunluğunun təmin edilməsinə dair tapşırıq və tövsiyələrinə bir daha diqqəti çəkərək ərazi polis orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə və operativ aparılaraq qaldırılan məsələlərin yerində qanuni həlli üçün səylərin gücləndirilməsinin və tapşırılmış sahəyə məsuliyyətin artırılmasını tələb edib. Eyni zamanda, xüsusən fəaliyyətdə mövcud olan nöqsanların qısa müddətdə aradan qaldırılmasını tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.

Nazir general-polkovnik Ramil Usubov Prezident İlham Əliyevi əmin edib ki, şəxsi heyət qanunvericiliklə müəyyən olunmuş vəzifələrin, qarşıya qoyulmuş tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması işində qüvvə və bacarığını əsirgəməyəcək, bu ili də müsbət nəticələrlə başa vuracaq.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh