Yol polisi kameraya düşən sürücülərə güzəştə getdi – Məlumatsız olublar
Ötən gün yük daşıma ilə məşğul olan bir qrup sürücü barələrində tərtib olunan elektron qərarlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər. Onlar bu cür cərimələrin yazılmasına etiraz edərək bunun əsassız olduğunu iddia ediblər. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, hazırda Bakıda 750 minədək nəqliyyat vasitəsi qeydiyyatdadır və hər gün də paytaxta 100 mindən çox avtomobil daxil olur: “Bakı şəhərində nəqliyyatın sayının durmadan artmasını və hər il sentyabrın 15-dən sonra paytaxt yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksəlməsi səbəbindən yarana biləcək ləngimələrin, sıxlıqların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarına əsasən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinə girişi ilə bağlı tətbiq edilmiş məhduduyyət (7:30-dan 20:00-dək) bu gün də davam edir və məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabrın 15-dən daha da gücləndirilib”.
Kamran Əliyev bildirib ki, qeyd olunanları nəzərə alaraq yol hərəkəti təhlükəsizliyinə mütəmadi nəzarət olunması, eləcə də polis-sürücü təmasının minimuma endirilməsi məqsədilə yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən qayda pozuntuları, xüsusilə yük avtomobillərinin girişini gadağan edən yol nişanlarının tələblərinin pozulması da digər qayda pozuntuları kimi xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində aşkar edilərək elektron qaydada sənədləşdirilməyə başlanılıb: “Lakin bir qrup sürücü qayda pozuntularının elektron qaydada aşkarlanmasından, daha döğrusu sutkanın gündüz vaxtlarında Bakı şəhərinə yük avtomobillərinin daxil olmasına görə xüsusi texniki vasitələrin köməyi ilə inzibati məsuliyyətə cəlb edilmələrindən məlumatsız olduqlarını əsas gətirərək bununla bağlı Daxili İşlər Nazirliyinə maraciət ediblər. Onlar DİN rəhbərliyi tərəfindən qəbul edilərək dinləniliblər və həmin sürücülərin məlumatsız olmaları nəzərə alınaraq bugünədək qeydə alınmış qayda pozuntularına güzəştli yanaşılması barədə rəhbərlik tərəfindən Baş DYP İdarəsinə müvafiq tapşırıq verilib və məhdudiyyətin tətbiq olunduğu vaxtlarda da yüklərin daşınması üçün şəhərətrafı yollarla xüsusi marşrut müəyyən edilib. Lakin onu da qeyd etmək istərdim ki, güzəştlər yalnız bugünədək qeydə alınmış qayda pozuntularına şamil ediləcək və 15 noyabr 2018-ci il tarixdən paytaxta yük avtomobillərinin girişini qadağan edən müvafiq yol nişanlarının tələblərinin pozulmasına görə strateji və dövlət obyektlərinin tikintisi ilə məşğul olan təşkilatlara məxsus, Nazirlər Kabinetinin tapşırığı əsasında xüsusi buraxılış verilmiş yük avtomobilləri istisna olmaqla heç bir yük avtomobilinin sürücüsü inzibati məsuliyyətdən kənarda qalmayacaq".
Elməddin