"Yol polisi sürücünü təqib edə bilər, qanunvericilik dəyişib" - Açıqlama
Xəbər verildiyi kimi, dekabrın 1-i, saat 23 radələrində Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Qala-Pirallahı yolunun 14-cü kilometrliyində - Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarovun idarə etdiyi "Chevrolet" markalı, 90 RR 974 nömrəli avtomobil Xaçmaz rayon sakini Ümid Alxasovun idarə etdiyi 27 BM 301 nömrəli "KamAz"la toqquşub.
Dəhşətli qəza nəticəsində Namiq Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərdən birinin yaxını iddia edir ki, hadisəyə səbəb yol polisinin "Chevrolet"i qovması olub.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov hadisə bağlı Yeniavaz.com saytına nəqliyyat hadisəsinin baş verməsinə səbəb olan bütün xüsusatların araşdırıldığını, belə fakt varsa, günahkarın cəzasını alacağını bildirib.
Son günlər sosial şəbəkələrdə ən çox verilən suallardan biri də budur – yol polisləri saxla əmrinə tabe olmayan avtomobili qova bilərlərmi?
Yeniavaz.com saytına açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bu sualla bağlı maraqlı məqamlara aydınlıq gətirib: "İstənilən halda yol polisinin tabesizlik göstərən nəqliyyat vasitəsini saxlamağa, təqib etməyə hüququ var. Bu, “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsində öz əksini tapır. Həmin maddədə avtomobili necə saxlamaq lazım olduğu qaydaları izah olunur. Tabesizlik göstərən nəqliyyat vasitəsinin saxlanması qaydaları da izah edilir. Qanunda belədir ki, əgər nəqliyyat vasitəsi dayanmırsa, sürücü hərəkəti davam etdirib uzaqlaşırsa, yol-patrul xidməti əməkdaşı radioqəbuledici vasitəsi ilə digər əməkdaşlara bu barədə, həmin avtomobilin getdiyi istiqamət, onun nömrəsi, rəngi barədə məlumat verir və saxlanması təmin edilir.
Əgər bununla mümkün olmursa, daha yüksək vəzifəli rəis heyətinə radioqəbuledici vasitəsi ilə bu barədə məruzə edilir, onların göstərişi olarsa, avtomobil təqib edilə bilər. Yəni təhlükəsizlik qaydalarına əməl olunmaqla təqib edilə bilər.
“Təhlükəsizlik qaydalarına əməl edilməklə təqibə icazə verilir” deyildikdə nə nəzərdə tutulur, bu, qanunda izah olunmur.
Məntiqlə yanaşanda sürücü onsuz da qaçırsa, deməli, heç bir təhlükəsizlik qaydasına əməl eləmir. Yol-hərəkəti qaydalarını kobud şəkildə pozacaq, yüksək sürətlə hərəkət edəcək, qarşısından keçən piyadanı ya vuracaq, ya da ona təhlükə yaradacaq, qırmızı işıqdan keçəcək. Belə deyək, hər əmələ əl atacaq, təki polis onu saxlamasın. Burada çox ziddiyyətli məsələlər də var. Sürücülər bəzən yol polislərindən qaçmağı qəhrəmanlıq sayırlar”.
Ekspert deyir ki, yol polislərindən qaçmaq heç bir halda sürücüyə xeyir gətirmir:“Deyək ki, ən pis halda sürücü sərxoş vəziyyətdədir, məhz buna görə yol polislərindən qaçır. Tutulsa, 400 manat cərimə yazılacaq və ya sürücülük hüququ 1 ilədək məhdudlaşdırıla bilər, yaxşı halda ona 400 manat, 5 bal cərimə yazıla bilər.
Amma təbii ki, sürücü qaçarkən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozur, yəni avtoxuliqanlıq əməlləri törədir. Üstəlik, yol polisinə tabesizlik göstərir. İndi gəlin o əməllə, bu əməli müqayisə edək...
Siz bu hadisəni törədərkən, yəni tabe olmayarkən gedib qəza törədə bilərsiniz, daha ağır nəticələr ola bilər.
Əgər Qala-Pirallahı yolundakı qəzada həqiqətən də polis qəzaya düşən avtomobili təqib edibsə, sürücü qaçmasaydı ən pis halda 400 manat cərimə olacaqdı.
Amma qaçmağın ağırlıq dərəcəsinə baxın – 4 nəfər həyatını itirdi. Əgər doğrudan da təqibdən söhbət gedirsə, belə bir şey olubsa...
Bəlkə sürücülük vəsiqəsi yox idi - 100 manat cərimə yazılacaqdı, sənədləri qaydasında deyildisə, 40 manat cərimə olunacaqdı, deyək avtomobilində pərdə var idi – cəriməsi 150 manatdır. 4 nəfərin həyatına dəyərdimi bunlar?
Yol polislərinin nəqliyyat vasitəsini qovmasından söz düşəndə bəzi ekspertlər bildirirlər ki, bu yolverilməzdir. Onların fikrincə, yalnız sürücü cinayət törədibsə, yol polisləri onun avtomobilini qova bilərlər. Elməddin Muradlı isə deyir ki, “yol polisi avtomobili yalnız sürücü cinayət törətdikdə qova bilər” məsələsi köhnə qanunvericilikdə olub: “Yol-hərəkəti haqqında qanunun 85-ci maddəsinə əsasən icazə verilir. Əvvəl qanunda belə idi ki, yalnız sürücünün və yaxud nəqliyyat vasitəsində olan şəxslərdən hər hansısa birinin cinayət hadisəsində iştirakı barədə şübhələr olardısa, o zaman avtomobilin təqibinə icazə verilirdi. Amma indi artıq tabesizlik göstərən nəqliyyat vasitəsini qovmaq, saxlamaq qanunla tənzimlənir.
Dünyanın əksər ölkələrində bu var, yəni təqib həyata keçirilir. Çünki belə sürücülərlə başqa cür davranmaq olmur. Əgər qanundan çıxarılsa - təqibə icazə verilməsə, inanın ən kobud qayda pozan sürücülər şəhəri yarış meydanına çevirəcək. Onlar düşünəcəklər ki, onsuz da qovmağa icazə yoxdur, 1-2 küçə yayına bilsəm, vəssalam, yol polisi arxamca gəlməyəcək, mən də öz işimi görəcəm”.
E. Muradlı bir maraqlı məqama da aydınlıq gətirib: “Əgər sürücü yol polisindən qaçırsa və onu müəyyən səbəblərdən saxlamaq mümkün olmursa, bununla iş bitmir. Bu halda yol-patrul xidmətinin əməkdaşı raport yazır, həmin nəqliyyat vasitəsi nəzarətə qoyulur. Səhəri gün sıra düzülüşündə bütün əməkdaşlara elan olunur ki, axşam filan nəqliyyat vasitəsi tabesizlik göstərib və qaçıb, kim görsə saxlasın. Bundan başqa, “qara kamera” deyirlər – xüsusi nəzarət formasında o proses həyata keçirilir. “Qara kamera” həmin nəqliyyat vasitəsini görən kimi idarəyə məlumat ötürür ki, nəqliyyat vasitəsi hazırda filan küçədə hərəkət edir. Növbətçi hissədən də məlumat verilir ki, həmin küçədə hansı əməkdaş xidmət aparırsa, sözügedən avtomobili saxlasın”.
“Yol polislərindən qaçanların 99 faizi hardasa bir kobud qayda pozuntusuna yol verənlərdir, ya narkotik vasitənin təsiri altındadır, ya spirtli içkinin təsiri altındadır, ya maşınında əlavə avadanlıq quraşdırıb, ya səs siqnalı var, ya da sənədləri qaydasında deyil. Bəlkə yol polisi sizi yaxşı bir şey üçün saxlayır? Bəlkə deyir ki, qabağa getmə, orada uçurum var. Bəlkə deyəcək işıqlarınız işləmir, bunu düzət. Deyək ki, kəməri taxmayan sürücü yol polisindən qaçır. Kəmərə görə 40 manat cərimə yazılacaqdısa, qaçdığına, tabesizlik göstərdiyinə görə 80 manat cərimə yazılacaq. Bir az da təhlükəli manevrlər oldusa, cərimə olur 500 manat və ya avtoxuliqan kimi həbs. Bu gün Bakının yolları o qədər sıxdır ki, o qədər kəsişmələr var ki, qaçmaq mümkün deyil. Uzaqbaşı 1 tin, 2 tin qaça bilərsən, hardan olsa tutacaqlar. Reydlərdə dəfələrlə görmüşəm, sürücü qaçıb, 10 dəqiqədən sonra hansısa küçədən tutub gətiriblər”,-deyə ekspert vurğulayıb.