Bakıda 1500 manatlıq “Tofaş” 2300 manata özəlləşdirildi

Avtobazar 3 Aprel 2018 16:08 Oxunub 2044
Bakıda 1500 manatlıq “Tofaş” 2300 manata özəlləşdirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər hər 60 saniyədən bir yenilənib

Aprelin 3-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Avtosfer.az-a verilən məlumata görə, alıcıların hərraclarda aktivliyi prosesi daha da rəqabətli edib. Belə ki, "Tofaş" markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər hər 60 saniyədən bir yenilənib. Nəhayət ilkin start qiyməti 1500 manat olan həmin avtomobil ən son 2300 manata özəlləşdirilib. Budəfəki hərracda da rayon sakinlərindən biri onlayn hərraca qoşulmaq imkanından yararlanıb. Gəncə şəhərinin mərkəzində yerləşən ümumi faydalı sahəsi 200 kv.m-dən çox olan qeyri-yaşayış sahəsinin hərracına alıcı onlayn şəkildə qatılıb. Budəfəki hərracda 5 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 1 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Qaradağ, Suraxanı rayonlarında, regionlar üzrə isə Ağcabədi, Astara, Salyan bölgələrində yerləşir. Həmin əmlaklar isə xidmət, təmir sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 61,6 kv.m olan Bakının Suraxanı rayonunda yerləşən “Azərbaycan xörəkləri” kafesinin anbarı və Salyan rayonundakı Yeməkxana binası iaşə obyekti kimi gələn qonaqlara xidmət göstərə bilər.

Bundan başqa, Ağcabədidə yerləşən və özəlləşdirilən 46 saylı SMD-nin klub binası sahibi üçün xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 200 kv.m-dən çox, torpaq sahəsi isə 300 kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi əmlakın əlverişliliyini daha da artırır.

Təmir sahəsində əlverişli olan 6 saylı texniki xidmət emalatxanası da sahibi üçün əlverişli ola bilər. Ağcabədi rayonun Səməd Vurğun küçəsində yerləşən əmlakın ümumi faydalı sahəsi 131,1 kv.m, torpaq sahəsi isə 1143 kv.m təşkil edir. Həmin əmlakın torpaq sahəsinin kifayət qədər geniş olması obyektin dəyərliliyini artırmaqla yanaşı edilən fəaliyyətin uğurlu olmasına imkan verir.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 2-si Bakının Nizami, Yasamal rayonlarında, digərləri isə Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Yasamal rayonunda yerləşən, ümumi faydalı sahəsi 30 kv.m-ə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nizami rayonunda yerləşən ümumi faydalı sahəsi 20 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Qeyd edilməlidir ki, hərracda müxtəlif iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri də özəlləşdirilir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh