Bakıda ən çox alınan avtomobil markaları məlum olub - ARAŞDIRMA
Bakucity.az son zamanlar paytaxtda ən çox alınıb satılan avtomobil markalarını araşdırıb. Həmçinin, kişi sürücülər hansı modellərə üstünlük verir? Qadınlar avtomobil alarkən əsas nəyə diqqət etməlidir? Alıcılar hansı modelləri almağa ehtiyyat edirlər? Saytımızın bu və digər suallarını nəqliyyat üzrə ekspert Elməddin Muradlı cavablandırıb.
Bu avtomobillərin ehtiyyat hissələri çox bahadır
Elməddin Muradlının fikrincə, ikinci əl, iri və köhnə avtomobil modellərinin qiymətləri insanların büdcəsinə müəyyən qədər uyğundur. Buna görə də, onlara daha çox tələbat var:
“Mercedes”, “Toyota”, “Mitsubishi”, “Honda CR-V” modeli, “Nissan” kimi markalar isə qiymət münasibliyilə yanaşı dözümlülük və yanacağa qənaət kimi üstünlüklərinə görə bazarda daha çox alınıb satılanlar sırasındadır. Son illər ölkə bazarına daxil olan Çin avtomobilləri də paytaxtda hələlik geniş yayılır, xüsusilə də taksi xidməti göstərən şirkətlər bu avtomobillərə üstünlük verir. Amerika istehsallı avtomobillər arzuolunan olsa da, sürücülər tərəfindən az seçilir. Səbəb isə həmin markaların həm ehtiyyat hissələrinin tapılmaması, həm də bahalı olmasıdır. Məsələn, “Volvo” avtomobilləri son dövrlər ölkəmizə gətirilən dözümlü avtomobillər sırasındadır, amma ehtiyyat hissələri çox baha olduğundan hər kəs ala bilmir”.
Ekspertin fikrincə, 40 yaşına qədər kişi sürücülər əsasən idman və işgüzar imic formalaşdıran avtomobillərə üstünlük verirlər:
“Toyota”nın ən yeni modelləri – “Toyota Prado”, “Toyota Land Cruiser”, xüsusilə də “Toyota RAV-4”, “Leksus”un müxtəlif modelləri, “Honda”nın offroaderavtomobilləri də son zamanlar bazarda yaxşı alınıb satılır. “Mitsubishi”nin isə bir az hündür və geniş offroaderavtomobilləri ilə kiçik həcmli modelləri xüsusi maraqla alınır. Çin avtomobilləri sırasında bazara daxil olan modellər də var, hansı ki, yeni və ucuz avtomobil almaq istəyən kişilərin seçimidir. Daha gənc sürücülər isə əsasən “BMW”nin bir az köhnə modellərinə meyl edirlər".
Qadınlar avtomobil alarkən əsas nəyə diqqət etməlidir?
Ekspertin sözlərinə görə, qadın sürücülər həmişə doğru avtomobil seçə bilmirlər. Ekspert avtomobil idarə etməyi yeni öyrənən xanımlara ilk növbədə kiçik həcmli modellərə üstünlük vermələrini məsləhət görür:
"Xüsusilə, avtomobil idarə etməyi yeni öyrənən xanımlar əsasən böyük həcmli avtomobil alır ki, bunun da ağır fəsadları sonradan istər sadə parketmə, istərsə də müxtəlif manevrlər zamanı özünü göstərir. Daha yaxşı olar ki, avtomobil idarə etməyi yeni öyrənən xanımlar ilk növbədə kiçik həcmli modellərə üstünlük versinlər. Bir müddət sonra, sürücülük qabiliyyəti formalaşdıqdan sonra isə istədikləri kimi modelləri seçsinlər”.
Paytaxtda ikinci avtomobil anlayışı formalaşır
Elməddin Muradlının dediyinə görə, hazırda avtomobil həvəskarları arasında ikinci avtomobil tendensiyası da müşahidə olunur:
“Bir xarici markalı, lüks avtomobili olan əksər adam ikincini paytaxtın mühitinə daha uyğun, gündəlik istifadə üçün almaq istəyir. Bu qəbildən isə “Niva” markalı avtomobillərə daha çox üstünlük verilir. Son zamanlar bir çox sürücüdə bu həvəs yaranıb. Bu da maraqlı bir yanaşmadır”.
Ən baha avtomobil “Rolls-Royce”nin “crossover” modelidir
Azərbaycanda hazırda kifayət qədər bahalı avtomobillər var. Onlardan “Ferrari”, “Rolls-Royce”, “Lamborghini”, “Porhse”, “Leksus” və “Toyota Land Cruiser”in müxtəlif yeni modelləri ölkəmizə gətirilən bahalı və konfortlu avtomobillərdir. Bunlardan ən bahalısı isə “Rolls-Royce” - “crossover” modelidir ki, hazırda 600 min manatdan baha satılır.
Ramilə Qardaşxanqızı