Benzin bahalaşdı: Maşınlara qaz avadanlığı quraşdıranların müraciəti artdı
Bir neçə gün əvvəl onsuz da qiyməti baha olan Aİ-95 və Aİ-98 markalı benzinlər bahalaşdı. Aİ-95 markalı benzinin qiyməti 1,25 manatdan 1,50-yə, Aİ-98 markalı benzininki isə 1,50-dən 1,60 manata yüksəldi. Bahalaşma təbii ki, avtomobil sahiblərinin daha çox vəsait xərcləməsinə səbəb olur. Bahalaşma dalğasının davam edəcəyindən əndişələnən avtomobil sahibləri alternativ yollar haqda düşünürlər: məsələn, maşına qaz avadanlığı quraşdırmaq kimi.
Nəzərə alsaq ki, propan qazının bir litri 40 qəpik təşkil edir, bu da qənaət etmək istəyən sürücülər üçün fürsətdir. Amma avtomobillərə qaz avadanlığı quraşdırmaqla bağlı fikirlər ikiyə ayrılır. Kimi bu avadanlığın sərf etdiyini, kimi də təhlükəli olduğunu düşünür. Bəs görəsən əslində vəziyyət necədir? Həqiqətən da deyildiyi kimi, qaz avadanlığı quraşdırmaq təhlükəlidirmi?
Avtomobillərə qaz avadanlığı quraşdıran “Evroqaz” şirkətinin müdiri Emin Alışırov məsələ ilə bağlı Modern.az-a bildirib ki, onlar ən son nəsil avadanlıqlardan istifadə edirlər ki, bu da təhlükə törətmir.
“Biz avtomobillərə quraşdırdığımız qaz avadanlıqlarına 3 il zəmanət veririk. Müasir avadanlıqlar avtomobilin mühərrikinə heç bir zərər vermir. Bu günə qədər heç bir problemlə qarşılaşmamışıq. Amma Azərbaycanda propan qazının çirkli olması müəyyənlər problem yaradır, həmin problemi də aradan qaldırırıq. Biz müştərilərimizə tövsiyə edirik ki, qazı daha çox tanınan yanacaqdoldurma məntəqələrindən doldursunlar”.
Müsahibimizin sözlərinə görə, avtomobillərdə benzin yanacağı qazdan daha təhlükəlidir.
“Bizim quraşdırdığımız avadanlıqlarda iki təhlükəsizlik klapanı olur. Qazın oktan sayının benzinlə müqayisədə daha yüksək olması səbəbindən, motorun daha düzgün işləməsi təmin edilir. Sıxıntıların və detonasiyanın olmaması daha rahat sürməyə kömək edir, fərdi hissələrin aşınmasını azaldır və mühərrikin ömrünü artırır. Yağ istehlakı azalır: qaz mühərrikin karterindəki yağı yumur. Zamanla benzinin pis keyfiyyəti mühərrik yanma kamerasının məhv olmasına səbəb ola bilər. Benzində mənfi təsir edən aşqarlar tez-tez əlavə edilir. Qaz motora zərər vermir”.
Şirkət rəsmisi deyib ki, Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti qalxandan sonra avtomobillərə qaz avadanlıqları quraşdırmaq istəyənlərin sayı artıb.
“Benzin qiyməti qalxandan sonra avtomobillərinə qaz avadanlığı quraşdırmaq üçün müraciət edənlər çoxalıb. Propan qazının bir litri 40 qəpikdir, Aİ-95 markalı benzin isə 1 manat 50 qəpikdir. Bu da hər il 2000 manata qənaət etmək üçün real imkandır”.
E.Alışırov bildirib ki, “Euroqaz”ın quraşdırdığı avadanlıqlar İtaliya istehsalılıdr.
“Avadanlıqların qiyməti silindr sayına görə dəyişir. 4 silindr üçün 1550 manat, 6 silindr üçün 1800 manat, 8 silindr üçün 2200 manat təşkil edir”.