Daşkəsəndə sel ciddi fəsadlar törətdi - FOTOLAR
Daşkəsən rayonu ərazisində iyunun 24-ü, saat 20-00 radələrində baş vermiş təbii fəlakət, güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına çox ciddi ziyan vurub.
Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.
Sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıdıb, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salıb, bir çox yaşayış evlərini su basıb.
Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb. Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülüb, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb və yararsız vəziyyətə düşüb.
Baş vermiş hadisə ilə əlaqədar dərhal Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev operativ qərargah yaradıb, aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə hadisə yerlərində baxış keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı sakinlərə dəymiş ziyanların qısa müddətdə aradan qaldırılacağına söz verib. Dəymiş ziyanların həcminin qaranlıq şəraitdə, gecə saatlarında müəyyənləşdirilməsi imkan xaricində olduğuna görə qısa müddətdə təcili tədbirlər görülməsi ilə bağlı aidiyyəti nazirliklərə məlumatlar verilib.
Hazırda Rayon İcra Hakimiyyətində yaradılmış qərargah tərəfindən gecə saatlarından səhərədək işləyərək daxili imkanlar hesabına vətəndaşlara lazımi köməklik göstərilir. Belə ki, kəndlərdə xəsarət alan sakinlərə Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilir. İnsan itkisi yoxdur.