Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR

Avtosfer Foto 24 Mart 2026 10:00
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün ən çox danışılan şəxslərdən birinin Rza Pəhləvi olduğunu desək, yalan olmaz.

İran şahının oğlu son həftələrdə siyasi açıqlamaları ilə gündəliyə gəlib. Lakin biz bu dəfə siyasətdən danışmayacağıq.

Avtosfer.az xəbər verir ki, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi (şahənşah, yəni şahlar şahı) avtomobil həvəskarı idi. Onun kolleksiyasında 140-dək antik və lüks avtomobil olub. Bəzi modellər isə onun öz istəyi əsasında hazırlanıb.

Varidatı indiki kursla 8 milyard dollar olan Şahənşah hər il avtomobil alırdı. Ona ilk maşını 1939-cu ildə birinci toyunda hədiyyə etdilər. 20 yaşlı vəliəhd Misir şahzadəsi Fevziyə ilə evlənərkən Fransa hökuməti ona “Bugatti Type 57C Van Vooren” hədiyyə etdi.

Avtomobil şahın qarajında 1979-cu ilədək qaldı. İslam inqilabından sonra Xomeyni bu maşını məhv etmək qərarına gəldi. Lakin ətrafındakılar ayətullahı inandırdılar ki, fikrindən vaz keçsin. Maşın bir kolleksiyaçıya 275 dollara satılır. Hazırda Kaliforniyada muzeydədir.

Lakin bu şaha Avropadan gələn yeganə hədiyyə deyildi. İkinci dünya müharibəısi zamanı gənc şahı öz tərəfinə çəkmək istəyən Hitler ona

“Mercedes 500K Autobahn Kurier” hədiyyə edir. Maşın hazırda Tehranda muzeydədir.

Bundan başqa, 1949-cu ildə fransız istehsalçı şah üçün cəmi 1 nüsxədə “Delahaye 135M” hazırlayır. Bu maşını şah 1957-ci ildə bir avropalı pilota satır. Maşın hazırda Avropada şəxsi kolleksiyadadır. 

Şahın ikinci arvadı Sürəyya üçün 1955-ci ildə hazırlatdığı “Chrysler 300”ün salonu qızıl ornametlərlə işlənmişdi. 

Sürət həvəskarı olan şahənşah bir neçə “Mercedes” kupe almışdı. O dövr üçün lüks sayılan “Mercedes 600 W100” limuzinindən şahın qarajında 3 ədəd vardı. Halbuki, sovet lideri, çılğın avtomobil həvəskarı Brejnevin avtoparkında bu model cəmi 1 ədəd idi.

Bütün məşhur markaları qarajına toplayan şahın ən sevdiyi model “Lamborghini Miura” (fotolardakı qırmızı avtomobil) idi. Şah bu maşınla gah Tehran küçələrində yarışa çıxır, gah da Alp dağlarında şouda iştirak edirdi.

1979-cu ilin fevralında İranı həmişəlik tərk edən Pəhləvi ailəsi ləl-cəvahiratı və pulu aparsa da, avtomobilləri daşıya bilmədi. Maşınların bəziləri iğtişaşlar zamanı dağıdıldı, bəziləri hakimiyyətə gələn mollaların xidməti avtomobili, bəziləri isə İran muzeylərinin eksponatı oldu. Avropa və ABŞ-də bəzi kolleksiyaçılarda şaha məxsus olmuş az sayda avtomobil qalır. 

İş burasındadır ki, şahın yeriyən varidatından oğlu Rzaya heç nə çatmadı. Çevriliş vaxtı Rza ABŞ-də hərbi məktəbdə oxuyurdu.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Oxunub : 360
ŞƏRH YAZ
Ad

E-mail

Şərh