Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?

“Ekoloji problemlərlə mübarizə çərçivəsində benzin və dizel mühərrikli avtomobillərin sayının azaldılması, onların tədricən elektrik avtomobilləri ilə əvəzlənməsi bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə həyata keçirilir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a nəqliyyat eksperti Yasin Mustafayev Azərbaycanda benzin və dizellə işləyən maşınlar yığışdırılacağı haqda danışarkən deyib.
Ekspert bildirib ki, “bu addımlar hazırda üzləşdiyimiz ekoloji problemlərlə bağlıdır:
“Digər tərəfdən, ənənəvi mühərriklərlə işləyən avtomobillər tədricən öz yerini yeni texnologiyalara verir. Elektrik avtomobilləri həm iqtisadi baxımdan daha səmərəli, həm ekoloji cəhətdən daha təmiz, həm də qiymət baxımından nisbətən əlçatan olur”.
Y.Mustafayevin fikrincə, elektrik avtomobilləri gələcəkdə ənənəvi avtomobilləri böyük ölçüdə əvəz edə bilər:
“Bunun üçün əsas məsələlərdən biri avtomobillərin bir dəfə enerji yükləməklə qət edə biləcəyi məsafənin artırılması, eləcə də sürətli enerji doldurma məntəqələrinin sayının çoxaldılmasıdır. Azərbaycanda müəyyən dövrdə elektrik avtomobillərinin idxalına gömrük rüsumu və ƏDV üzrə güzəştlər tətbiq olunub, hazırda isə həmin güzəştlər yenidən nəzərdən keçirilir. Bununla belə, cəmiyyətdə elektrik avtomobillərinin daha sərfəli nəqliyyat vasitəsi olması ilə bağlı fikir formalaşıb. Düşünürəm ki, qarşıdakı beş-on il ərzində daxiliyanma mühərrikli avtomobillərin sayı əhəmiyyətli dərəcədə azalacaq, onların yerini isə əsasən elektrik və hibrid avtomobillər tutacaq”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, 2060-cı ilə qədər avtomobil parkının tamamilə elektrik və alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinə keçirilməsi uzunmüddətli hədəf kimi mümkündür:
“Lakin bunun üçün elektromobillər əlçatan qiymətə olmalı, enerji doldurma məntəqələrinin sayı artırılmalı və vətəndaşlara güzəştlər tətbiq edilməlidir. Əhalinin böyük hissəsinin avtomobilini qısa müddətdə dəyişmək imkanı yoxdur. Buna görə də bu keçid mərhələli şəkildə həyata keçirilməlidir”.
Ekspert əlavə edib ki, köhnə avtomobillərə qoyulan məhdudiyyətlər nəticəsində yaşı 10 ildən çox olan avtomobillərin idxalı faktiki olaraq qadağan edilib:
“Eyni zamanda, köhnə avtomobillərin dövriyyədən çıxarılması üçün utilizasiya proqramı da həyata keçirilir. Köhnə avtomobillərin ölkə daxilində istismarına məhdudiyyət qoyulmasının əsas məqsədi vətəndaşları avtomobillərindən məhrum etmək deyil, onların daha ekoloji nəqliyyat vasitələrinə keçidi üçün real şərait yaratmaqdır”.
Qeyd edək ki, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində 2035-ci ilədək DYM donanmasının istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












