Banner

Etibarnamə dövrü bitir? - Avtomobil idarəsində YENİ SİSTEM

Avtoxəbər 1 Oktyabr 2026 20:40
Etibarnamə dövrü bitir? - Avtomobil idarəsində YENİ SİSTEM
WhatsApp kanalımıza abunə olun

Avtomobillərin etibarnamə ilə idarə olunması məsələsi son illər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə, ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur. 

Bəs, rəqəmsallaşma dövründə avtomobillərin idarə olunması üçün notarial etibarnamə tələbinin saxlanılmasına ehtiyac varmı, yoxsa bu sistem artıq ləğv edilməlidir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu gün rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə avtomobillərin idarə olunması üçün notarial qaydada təsdiq edilmiş etibarnamələrin tələb olunması artıq köhnəlmiş və əlavə bürokratik prosedura çevrilib:

"Bir çox ölkələrdə bu cür məsələlərin daha sadə mexanizmlərlə tənzimlənməsi fonunda Azərbaycanda da etibarnamə sisteminin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Müasir texnologiyaların mövcud olduğu şəraitdə vətəndaşların başqa şəxsə məxsus avtomobili idarə etmək üçün əlavə sənədləşmə prosedurundan keçməsi həm vaxt itkisinə, həm də əlavə maliyyə xərclərinə səbəb olur. Hazırda Azərbaycanda nəqliyyat vasitələrinin müvəqqəti icarəyə götürülməsi sistemi mövcuddur. Vətəndaşlar onlayn platformalar vasitəsilə asanlıqla avtomobil sifariş edə, onu müvəqqəti istifadəyə götürə və heç bir notarial etibarnamə olmadan idarə edə bilirlər. Bu isə göstərir ki, avtomobildən müvəqqəti istifadə hüququnun rəqəmsal və daha çevik mexanizmlərlə tənzimlənməsi mümkündür".

Ekspertin sözlərinə görə, belə bir sistemin mövcud olduğu halda, vətəndaşın ailə üzvünə, yaxın qohumuna və ya digər şəxsə məxsus avtomobili idarə etməsi üçün notarial qaydada təsdiqlənən etibarnamə almasının zəruriliyi sual doğurur:

"Əgər müasir texnologiyaların köməyi ilə avtomobilin müvəqqəti istifadəyə verilməsi və bu prosesin elektron qaydada rəsmiləşdirilməsi mümkündürsə, eyni yanaşmanın şəxsi avtomobillərə də tətbiqi nəzərdən keçirilə bilər. Məsələn, avtomobil sahibinin elektron platforma vasitəsilə başqa bir şəxsin nəqliyyat vasitəsini idarə etməsinə razılıq verməsi, bu məlumatın müvafiq dövlət qurumlarının sistemində qeydə alınması və zərurət yarandıqda yoxlanılması mümkündür. Bu, həm avtomobil sahibinin hüquqlarının qorunmasına, həm də sürücülər üçün əlavə sənədləşmə yükünün azaldılmasına şərait yarada bilər. Etibarnamə sisteminin sadələşdirilməsi və ya alternativ rəqəmsal mexanizmlə əvəzlənməsi vətəndaşların vaxtına və vəsaitinə qənaət etməklə yanaşı, dövlət xidmətlərinin daha əlçatan olmasına da töhfə verə bilər. Təbii ki, belə bir dəyişiklik zamanı avtomobilin qanunsuz istifadəsinin qarşısının alınması, mülkiyyətçinin razılığının təsdiqi, eləcə də yol hərəkəti və hüquqi məsuliyyət məsələləri nəzərə alınmalıdır. Bununla belə, mövcud texnoloji imkanlar fonunda notarial etibarnamə tələbinin zəruriliyi yenidən qiymətləndirilməli, digər ölkələrin təcrübəsi öyrənilməli və daha müasir, operativ həll yolları tətbiq olunmalıdır".

Oxunub : 92
ŞƏRH YAZ
Ad

E-mail

Şərh