Banner

İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY

Gündəm 29 Oktyabr 2026 17:18
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
WhatsApp kanalımıza abunə olun

Bakıda 225 saylı orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan “Real TV” əməkdaşlarının hücuma məruz qalması və hadisədən sonra yayımlanan açıqlamalar müzakirələrə səbəb olub. Hadisə ilə bağlı “Azərbaycan müəllimi” qəzetində dərc olunan yazıda media nümayəndələrinin davranışları tənqid edilib.

Avtosfer.az xəbər verir ki, müzakirələr fonunda jurnalistlərin peşə fəaliyyətinin təhlükəsizliyi, mətbuat azadlığı və faciəvi hadisələr zamanı azyaşlıların hüquqlarının qorunması məsələləri yenidən gündəmə gəlib. Bəs bu məsələyə necə yanaşılmalıdır?

Mövzu ilə bağlı "manşet.az" xəbər portalının direktoru, 2018-ci ildə çalışdığı media qurumunu təmsilən iştirak etdiyi tədbirdə təzyiq və zorakılığa məruz qalan jurnalist Famil Fərhadoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, dünən “Real TV” və “Space TV” əməkdaşlarının məktəbdə hücuma məruz qalmasını bir jurnalist və media nümayəndəsi olaraq qınayıram:

''Bu, yolverilməz haldır. Jurnalistlər peşə fəaliyyətlərini həyata keçirmək məqsədilə həmin məktəbdə olublar. Sosial şəbəkələrdə hadisəyə haqq qazandırmaq üçün onların şagirdlərdən müsahibə almaq istədikləri və ya başqa məqsədlə orada olduqları barədə fikirlər səsləndirilir. Lakin bu cür yanaşma yanlışdır. Jurnalistlər məktəbin rəhbərliyindən, direktordan və ya müəllimlərdən müsahibə alaraq öz peşə fəaliyyətlərini yerinə yetirə bilərdilər. “Real TV” əməkdaşının paylaşımını da oxudum. Orada qeyd olunurdu ki, görüntüdə əks olunan şəxslərin təxribat xarakterli davranışlarından sonra belə bir vəziyyət yaranıb. Lakin bu, baş verənləri heç bir halda haqlı çıxarmır. Bir neçə şəxsin operatoru yerə yıxaraq təpikləməsi və ona qarşı fiziki zorakılıq tətbiq etməsi yolverilməzdir. Sosial şəbəkələrdə də bir çox jurnalistin bu hadisəni qınadığının şahidi oluruq. Hesab edirəm ki, bu, yalnız “Real TV” və ya “Space TV” əməkdaşlarına qarşı deyil, ümumilikdə Azərbaycan jurnalistlərinə qarşı yönəlmiş zorakılıqdır. Baş verənləri qınayır və ümid edirəm ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticəsində hadisənin səbəbkarları qanun qarşısında cavab verəcəklər. Belə halların qarşısı alınmasa, gələcəkdə daha ciddi hadisələrlə üzləşə bilərik. Eyni zamanda, həmin şagirdlərin valideynlərinin də məsələyə münasibəti araşdırılmalı, qanunvericiliyə uyğun olaraq məsuliyyət məsələsinə hüquqi qiymət verilməlidir. Mətbuat Şurası da məsələ ilə bağlı bəyanat yayıb və öz mövqeyini ifadə edib. Bu hadisə hər birimizi təəssüfləndirir. “Real TV”nin rəhbəri Mirşahin Ağayevin açıqlamasını və daha sonra dərc etdiyi köşə yazısını da oxumuşam. Bir daha vurğulamaq istəyirəm ki, jurnalistlərə qarşı zorakılıq yolverilməzdir. Ümid edirəm ki, aparılan araşdırma obyektiv nəticələnəcək və hadisədə təqsiri olan şəxslər qanun qarşısında layiqli cavab verəcəklər''.

“Bakıvaxtı.az” saytının baş redoktoru, Mətbuat Şurasının İdarə heyətinin üzvü Qalib İbrahimoğlunun fikrincə, jurnalistlərin peşə fəaliyyətini həyata keçirərkən təzyiq və fiziki müdaxilə ilə üzləşməsi yolverilməzdir:


''Yasamaldakı 225 saylı məktəbdə jurnalistlərə qarşı baş verən hadisə təkcə media nümayəndələrinin təhlükəsizliyi deyil, həm də cəmiyyətin informasiya əldə etmək hüququ baxımından ciddi narahatlıq doğurur.
Baş verən hadisə obyektiv şəkildə araşdırılmalıdır. Hər bir mübahisə qanunun tələbləri çərçivəsində həllini tapmalı, heç bir halda zorakılıq vasitəsinə çevrilməməlidir.
Bununla yanaşı, məktəblərdə baş verən həssas hadisələrin işıqlandırılması zamanı uşaqların mənafeyi, şəxsi həyatın toxunulmazlığı və jurnalistikanın etik prinsipləri xüsusi diqqətdə saxlanılmalıdır. İctimai maraqla şəxsi hüquqlar arasında tarazlığın qorunması medianın məsuliyyətinin mühüm göstəricisidir.
Peşə etikası ilə bağlı səslənən iradlar jurnalistlərə qarşı zorakılığa haqq qazandıra bilməz. Əsas məsələ hadisənin bütün iştirakçılarının hərəkətlərinə faktlar əsasında hüquqi qiymət verilməsi və qanun pozuntusuna yol verənlərin məsuliyyətə cəlb olunmasıdır.
Azad və təhlükəsiz jurnalist fəaliyyəti şəffaf cəmiyyətin əsas şərtlərindən biridir. Bu səbəbdən hadisə hərtərəfli araşdırılmalı, həm jurnalistlərin hüquqları, həm də uşaqların və ailələrin qanuni maraqları etibarlı şəkildə qorunmalıdır''.
Fatimə

Oxunub : 200
ŞƏRH YAZ
Ad

E-mail

Şərh