Banner

15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO

Hadisə 14 Oktyabr 2026 13:48
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
WhatsApp kanalımıza abunə olun

Biz müxtəlif vaxtlarda polis əməkdaşlarının yanğına müdaxilə etdiyinə, çimərlikdə nəzarətsiz qalan azyaşlıları tapıb valideynlərinə təhvil verdiyinə, xəstəni tibb müəssisəsinə çatdırdığına, yaxud suda boğulanlara kömək edərkən həyatını itirdiyinə şahidlik etmişik. Amma bu, hər yerdə belə deyil.

Avtosfer.az xəbər verir ki, 11 mart 2002-ci ildə ərəb dünyası Məkkədə baş vermiş hadisədən sarsılır. Bu dəfə söhbət həcc mərasimlərii zamanı xroniki hala gəlmiş basabasdan və ya tuneldə ventilyasiyanın işləməməsindən doğan kütləvi ölümdən getmirdi. 

Günün ikinci yarısında Məkkədəki 31 saylı gimnaziyada başlayan yanğın ölkədəki qadın hüquqları məsələsini yenidən müzakirə mövzusuna çevirdi.

QISA ARAYIŞ. Səudiyyə Ərəbistanında 1960-cı illərdə qızların cəmi 2 faizi savadlı idi. Kral Faysal (1964-1975) din xadimlərinin müqavimətini qıraraq qızların təhsilinin kütləviləşməsinə nail olur. Lakin qızlara əvvəlcə orta təhsilə, 80-ci illərdə isə bakalavr təhsilinə icazə verilir. Müqayisə üçün deyək ki, Azərbaycan SSR-də 60-cı illərdə orta məktəb şəbəkəsi bütün ölkəni əhatə edirdi. Ali təhsil və elmi tədqiqatlar sahəsində vəziyyəti təsəvvür etmək üçünsə 3 qadının adını çəkmək kifayətdir: Zərifə Əliyeva, Ümnisə Musabəyova, Validə Tutayuq. 

Qayıdaq hadisəyə. Səudiyyədə qız məktəblərinin pəncərələrinə açılmayan sıx dəmir barmaqlıqlar vurulur. Bura kişilərin hər hansı yolla girməsi mümkünsüzdür. Məktəb daxilində qızlar hicabsız olurlar.  

Uyğunlaşdırılmış binada yerləşən məktəbdə yanğın başlayan zaman qızlar binadan çıxmağa çalışsalar da, dini polisi onların hicabsız olduğunu əsas gətirərək binadan çıxmağa qoymur, döyə-döyə yanan binaya qaytarır. Hadisə yerinə gələn yanğınsöndürənlər polislə nə qədər mübahisə etsələr də, binaya yaxın buraxılmırlar. Səbəb qızların qəyyumlarının orada olmaması və qızların hicabsız olması idi. Polis gənc qızların yanğınsöndürənləri təhrik edəcəyini (başdan çıxaracağını) əsas gətirərək onları binaya yaxın buraxmır. Bir yanğınsöndürən sonradan “Amnesty İnternational”ın nümayəndəsinə belə etiraf edir: “hər dəfə qızlar əsas qapıdan çıxanda dini polis onları içəri qaytarırdı. Onlar yadrım əli uzatmaq əvəzinə öz əllərindən qızları vurmaq üçün istifadə etdilər”.

Hadisə nəticəsində 15 qız yanaraq can verir, 50-dən çox müəllim və şagird yanıq xəsarəti və travma alır.

Ertəsi gün rəsmi televiziya yanğına yuxarı mərtəbədə söndürülməyən siqaretin səbəb olduğunu elan etdi. Ölümə səbəb kimi isə, yanğın deyil, basabas göstərilir. Ən əsası, dini polisin (rəsmi adı - Yaxşılığa Çağırış və Pislikdən Çəkindirmə Komitəsi, danışıqda Muttəva) davranışının şəriətə uyğun olduğu təsdiqlənir.

Hökumət komissiyasının rəyinə görə, hadisə məktəb rəhbərliyinin səhlənkarlığı ucbatından baş verib. Dini polisin yanğınsöndürənlərə qarşı davranışı əsaslı və şəriətə uyğun hesab olunub.

Bununla belə, narazılıqları yatırmaq üçün dini polisin nəzarətində olan Qadın Təhsili İdarəsi ləğv edilir.

Sonrakı illərdə, xüsusən də İranda 2022-ci ildəki Məhsa Əmininin ölümündən doğan narazılıqlardan sonra dini polisin fəaliyyəti bir qədər yumşaldılır.  Halbuki dini polisin əməkdaşları küçədə geyim formasının cüzi pozulmasına görə qadınlara qarşı zorakılıqdan çəkinmirdilər. Eyni əməl Məkkədəki məsciddə də təkrarlanırdı. Muttəvanın başqa bir funksiyası namaz saatlarında marketlərin bağlanmasına nəzarət etməkdir.

Xəbərdə AFP, BBC və digər media qurumlarının materiallarından istifadə edilib.

Fotolar: Arabnews

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh