Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO

Paytaxtda dünəndən başlayan aramsız yağış bəzi ərazilərdə ciddi problemlərə səbəb olub. Yağıntılar nəticəsində ayrı-ayrı küçə və məhəllələrdə yollar su ilə dolub, bəzi evləri isə su basıb.
Avtosfer.az xəbər verir ki, belə hadisələrdən biri Səbail rayonunun Əlibəyov qardaşları küçəsi, 94 ünvanında baş verib. Sakinlərin sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən küçədə aparılan asfaltlama işləri zamanı mövcud kanalizasiya xətlərinin üzərlərinin asfaltla örtülməsi sonradan ciddi problemlərə səbəb olub.
Sakinlər bildirirlər ki, yağıntılar zamanı kanalizasiya suları evlərə dolub və nəticədə yaşayış sahələri ilə yanaşı, evdəki əşyalar da yararsız vəziyyətə düşüb. Asfalt örtüyü çəkilən zaman kanalizasiya quyularının yerlərində müəyyən işarələr qoyulsa da, həmin ərazilər hələ də açılmayıb.
Sakinlər hesab edirlər ki, kanalizasiya xətlərinin üzərinin asfaltla bağlanması yağış sularının normal şəkildə axıdılmasına mane olub. Nəticədə yaranan su basqını onların evlərinə və əmlaklarına ciddi ziyan vurub.
Məhəllə sakinləri aidiyyəti qurumlara müraciət edərək problemin qısa müddətdə aradan qaldırılmasını istəyirlər. Onlar kanalizasiya quyularının açılmasını, ərazidə normal suötürücü sistemin təmin edilməsini və dəymiş maddi ziyanın qiymətləndirilərək qarşılanmasını tələb edirlər.
Sakinlər həmçinin asfaltlama işləri zamanı bu cür halların əvvəlcədən nəzərə alınmasının vacibliyini vurğulayıblar.
AAYDA-dan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, küçələrdə təmir işləri aparılarkən ərazidə mövcud kommunikasiya xətlərinin baxış qapaqlarının yerləri əvvəlcədən müəyyən edilir və qeydə alınır:
"Asfalt-beton örtüyünün, o cümlədən aşınma qatının döşənməsindən sonra həmin baxış qapaqlarının yol səthinin layihə səviyyəsinə uyğunlaşdırılması işləri həyata keçirilir.
Bu məqsədlə əvvəlcədən müəyyən edilmiş nöqtələrdə asfalt örtüyü lokal şəkildə açılır, baxış qapaqları tələb olunan layihə hündürlüyünə qaldırılır və yol örtüyü ilə eyni səviyyəyə gətirilir. Bununla həm yol səthinin hamarlığı, həm də kommunikasiya xətlərinə sonrakı istismar və texniki xidmət üçün maneəsiz çıxış təmin olunur".
Qurum əlavə edib ki, vətəndaşlara dəymiş maddi zərərin qarşılanması məsələsinə gəlincə, bu məsələ üzrə müvafiq hüquqi və faktiki əsaslar araşdırıldıqdan sonra qanunvericiliyə uyğun qiymət verilə bilər.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO













