Dubaydan İsrailə uçan təyyarə QAÇIRILDI - FOTO - YENİLƏNİB

Hadisə 30 Sentyabr 2026 14:41
Dubaydan İsrailə uçan təyyarə QAÇIRILDI  - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Təyyarə paraşütçüdən daha sürətlə enirdi: "FlyDubai" hadisəsi ilə bağlı şokedici yeni detallar ortaya çıxdı

"FlyDubai" aviaşirkətinin təyyarəsində baş verən insident son illərin ən şokedici aviasiya hadisələrindən biri kimi qiymətləndirilir.

Avtosfer.az Rusiya KİV-ə və "Telegram" kanallarına istinadən hadisənin yeni detalları ilə bağlı məlumat verir.

Məlum olub ki, uçuş zamanı Ukrayna vətəndaşı olan ikinci pilot Rusiya vətəndaşı olan kapitanı dəfələrlə bıçaqlayıb və təyyarəni yerə çırpmaq üçün idarəetməni ələ keçirməyə çalışıb.

"Təyyarə paraşütçünün sərbəst uçuş zamanı olan sürətindən daha tez enirdi"

Pilotların kabinəsində qanlı dava davam etdiyi müddətdə "Boeing" təyyarəsi sürətlə hündürlük itirib: hər saniyədə 150 metrdən çox. Şaquli eniş sürəti təxminən 567 km/saat təşkil edib ki, bu da insan bədəninin paraşütsüz halda sərbəst düşmə sürətindən (təxminən 200 km/saat) daha çoxdur. 29 saniyədə təyyarə təxminən 4.5 kilometr aşağı düşüb.

Sərnişinlərin bu saniyələrdə nə hisslər keçirdiyini təsəvvür etmək çətin deyil. Onların həyatı pilot kabinəsində gedən əlbəyaxa döyüşün nəticəsindən asılı olub.

Hücumun xronikası: bıçaq, həyəcan siqnalı və pilot kabinəsinə soxulma

Araşdırmanın ilkin nəticələrinə görə, ilk olaraq ukraynalı pilot rusiyalı kapitana hücum edib. İddia edilir ki, ikinci pilot kapitana bir neçə dəfə bıçaq zərbəsi vurub və təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib. Daha sonra o, qəfildən təyyarəni yerə doğru istiqamətləndirib və göyərtədəki bütün sərnişinlərlə birlikdə yerə çırpılmasına nail olmaq istəyib.

Təyyarə 2133 metr hündürlükdə həyəcan siqnalı göndərib və sonra kəskin şəkildə enməyə başlayıb.

Sərnişinlərin ifadələrinə görə, məhz bu anda ikinci pilot kapitana bıçaq xəsarətləri yetirib.

Bu zaman xilasetmə ekipaj üzvləri və sərnişinlər kabinənin zirehli qapısını sındıraraq içəri girməyə və hücum edən şəxsi zərərsizləşdirməyə müvəffəq olublar. Bu an həlledici olub: kənardan müdaxilə olmasaydı, qəza qaçılmaz olacaqdı.

İsrail insidenti terror aktı kimi araşdırır

"N12News" portalı bildirib ki, vəziyyətin qiymətləndirilməsi və sərnişinlərin ifadələrindən sonra İsrail bu insidenti tammiqyaslı terror aktı kimi araşdırır. İsrailin yüksək vəzifəli rəsmisinin sözlərinə görə, olduqca böyük miqyasda fəlakətin qarşısı alınıb.

İkinci pilot hazırda dindirilir və getdikcə daha çox alınan məlumatlar göstərir ki, o, təyyarənin idarəetməsini ələ keçirmək, onu göyərtədə olan hər kəslə birlikdə yerə çırpmaq niyyətində olub.

İsrailin əsas hava limanı olan Ben-Qurion hava limanına gələn "Flydubai" şirkətinin bütün reysləri hazırda əlavə təhlükəsizlik yoxlaması üçün xüsusi meydançaya yönləndirilir. BƏƏ-dən gələn hər bir təyyarə hərtərəfli yoxlamadan keçir.

İstintaq hadisənin tam təhlilini və qiymətləndirilməsini davam etdirir. Əgər terror cəhdi versiyası təsdiqlənərsə, bu, "Germanwings" faciəsi dövründən bəri mülki aviasiyada ən ciddi hadisələrdən biri olacaq və bütün dünyada uçuş heyətinin yoxlama sistemlərinin köklü şəkildə yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirəcək.

Bundan əlavə, İsrailin telekanallarına belə bir informasiya daxil olub ki, Səudiyyə hava limanına təcili eniş edən "FlyDubai" təyyarəsinin pilotları Rusiya və Ukrayna vətəndaşları deyil, Oman və BƏƏ vətəndaşları olublar, insidentin günahkarının isə Oman vətəndaşı olduğu ehtimal edilir.

İsrailin "Walla" nəşri yazır ki, əslən ukraynalı ikinci pilot Oman vətəndaşı, təyyarənin komandiri isə BƏƏ vətəndaşı olub.

***13:14

Göyərtəsində qanlı insidentin baş verdiyi "FlyDubai" təyyarəsinin göyərtəsindən hadisə anlarına aid ilk fotolar yayılıb.

Bu barədə Avtosfer.az Rusiya KİV-ləri və "Telegram" kanallarına istinadən məlumat verir.

Kadrlarda əks olunan Yaniv adlı sərnişin silahlı hücumçu ilə dava edib. Onun paltarları qan içində olduğu görünür.

Flydubai təyyarəsində bıçaqlı dava: 180 nəfəri ölümdən kim xilas edib? - İLK GÖRÜNTÜLƏR

Təyyarədə olanlardan birinin sözlərinə görə, ekipaj üzvü pilota bıçaqla xəsarət yetirib və təyyarənin bort sistemlərindən bəzilərini sıradan çıxarıb. Bu kritik anda sərnişin Yaniv və başqa bir kişi birlikdə pilotların kabinəsinə girərək hücum edən şəxsi zərərsizləşdirməyə nail olublar.

Flydubai təyyarəsində bıçaqlı dava: 180 nəfəri ölümdən kim xilas edib? - İLK GÖRÜNTÜLƏR

Sərnişin iddia edir ki, təsadüf nəticəsində təyyarədə daha iki pilot da olub, onlar sərnişin qismində uçurmuşlar.

Onlar insidentdən sonra təyyarənin idarəetməsini öz üzərlərinə götürüblər və "Boeing"i Səudiyyə Ərəbistanına endirməyə nail olublar.

Alternativ versiyaya görə, münaqişə sərnişinlər arasında da yaranmış ola bilər.

"Sərnişinlər həlak olacaqlarını düşünürmüşlər", - deyə təyyarədəki sərnişinlərdən birinin anası bildirib.

O da iddia edilib ki, uçuş zamanı qadın salondakı kişilərdən biri bıçaq çıxararaq qadın sərnişinə hücum etməyə çalışıb. Pilot onun qolundan tutaraq yerə yıxıb. Bundan sonra təyyarə idarəetməni itirməyə başlayıb və salonda çaxnaşma başlayıb.

"Təyyarə idarəetməni itirməyə başladı. Hamı qışqırırdı, öləcəklərini düşünürdülər. Bir neçə dəqiqə sonra iki digər pilot idarəetməni ələ aldılar", - deyə qadın qeyd edib.

***12:53

İsraildən BƏƏ-yə uçan "Flydubai" şirkətinin "Boeing 737" təyyarəsinin ekipajı təyyarənin rusiyalı komandiri və ukraynalı ikinci pilotdan ibarət olub. Uçuş zamanı onlar arasında münaqişə yaranıb və sərnişinlərin sözlərinə görə, daha sonra mübahisə bıçaqlanmaya çevrilib.

Bu barədə Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir.

İsrailin "14-cü kanal"ının məlumatına görə, pilotladan biri təyyarəni 9 km hündürlükdən kəskin şəkildə endirməyə çalışıb, bu da nəticədə göyərtədə davaya səbəb olub. Telekanalın bildirdiyinə görə, ikinci pilot həmkarına müdaxilə etməyə çalışıb. Təyyarə 4.5 km hündürlüyə qədər enib.

Həmçinin sərnişinlərdən biri bildirib ki, kimsə pilota bıçaqla hücum etməyə çalışıb. Hələlik heç bir versiya rəsmi olaraq təsdiqlənməyib.

Təyyarənin sərnişinlərindən biri İsrail telekanalına hadisənin təfərrüatını danışıb.

"Biz təyyarədə qışqırıqlar eşitdik. Daha sonra pilotların kabinəsini açdıq və qan gördük, kimsə pilota bıçaqla zərbə endirmişdi. İsraildən olan sərnişinlər hücum edəni tərksilah ediblər. Ekipaj ilə birlikdə təcili eniş etdik. Elə anlar oldu ki, sağ qalmayacağımızı düşündük", - deyə o bildirib.

Qeyd edilib ki, təyyarənin göyərtəsində 180 nəfər olub ki, onlardan təxminən 100-ü İsrail vətəndaşları olublar.

Hərbi müxbir Qilel Biton Rozen də hadisə ilə bağlı öz versiyasını irəli sürüb. Onun fikrincə, pilotlardan biri təyyarəni kəskin şəkildə endirməyə başlayıb və ikinci pilota məhəl qoymayıb. Bu zaman ikinci pilot onunla dava edib və təyyarəni yerə çırpmağa mane olub.

Təyyarə Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk şəhərinin hava limanına təhlükəsiz şəkildə eniş edib. Enişdən sonra hər iki pilot təyyarədən çıxarılıb. Mövcud məlumata görə, sərnişinlər arasında xəsarət alan yoxdur. Aviaşirkətin məlumatına görə, bütün sərnişinlər sağ-salamatdırlar.

***12:11

Dubaydan Təl-Əvivə uçan "Flydubai" şirkətinin "Boeing 737" təyyarəsində dava edən və təyyarənin qaçırılması barədə siqnal ötürənlər Rusiya və Ukrayna vətəndaşları olublar.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə İsrailin "14-cü kanal"ı aviaşirkətə istinadən məlumat verib.

"Uçuş ekipajı rusiyalı pilot və ukraynalı ikinci pilotdan ibarət olub", - deyə məlumatda bildirilib.

Eyni zamanda "Flydubai" şirkəti təsdiqləyib ki, Dubaydan Təl-Əvivə uçan "FZ1073" reysi kabinədə pilotlar arasında yaranan mübahisədən sonra Səudiyyə Ərəbistanına yönləndirilib. Lakin mübahisənin səbəbi açıqlanmayıb.

***11:14

Göyərtəsində 174 sərnişinin olduğu "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

Bu barədə Avtosfer.az "Ynetnews" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, hadisəyə səbəb pilotlar kabinəsində baş verən dava olub.

***10:48

Dubay-Təl-Əviv reysindəki həyəcan siqnalı, ehtimal ki, təyyarədəki dava ilə əlaqəli olub.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə Newsru.co.il məlumat verib.

İsrail rəsmilərinin ilkin qiymətləndirməsinə görə, Dubaydan Təl-Əvivə uçan "FlyDubai" reysinin ekipajı tərəfindən verilən fövqəladə vəziyyət siqnalı təyyarənin göyərtəsindəki dava ilə əlaqəli olub və təhlükəsizlik təhdidi olduğunu göstərmir.

Təyyarənin qaçırıldığı ehtimalı ilə bağlı ilkin məlumatlar təsdiqlənməyib. İsrail mənbələri vurğulayırlar ki, mövcud məlumatlara əsasən, insident terror təhdidi və ya qaçırma cəhdi ilə əlaqəli olmayıb. Təyyarə Səudiyyə Ərəbistanına uğurlu eniş edib.

Məlumat dəqiqləşdirilir.

***

Dubaydan Təl-Əvivə gedən və göyərtəsində 150-dən çox sərnişinin olduğu "Flydubai" təyyarəsinin qaçırıldığı ehtimal edilir.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Ynetnews" nəşri məlumat verib.

İlkin məlumata görə, təyyarə qaçırılmaya işarə edən kod ötürüb və şübhəli hündürlüyə qədər enib, daha sonra istiqamətini Səudiyyə Ərəbistanına doğru dəyişib.

İsrail Hərbi Hava Qüvvələrinin iki qırıcı təyyarəsi havaya qaldırılıb.

Bu məlumatdan sonra İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats təhlükəsizlik üzrə təcili məsləhətləşmələr aparırlar. Təhlükəsizlik xidmətlərindəki mənbə vurğulayıb ki, qaçırma ilə bağlı təsdiqlənmiş məlumat yoxdur, pilot fövqəladə vəziyyət siqnalı verib.

Təyyarənin vəziyyəti barədə hələ ki məlumat yoxdur.

Oxunub : 370
ŞƏRH YAZ
Ad

E-mail

Şərh