“İki ildir ki, bu binalarda lift işləmir” - 27 minlik borc iddiası - FOTO

Hadisə 25 İyun 2026 16:06
“İki ildir ki, bu binalarda lift işləmir” - 27 minlik borc iddiası - FOTO
WhatsApp kanalımıza abunə olun

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 1157-ci məhəllədə yerləşən və “The Baku Group LTD” MTK tərəfindən inşa edilən yaşayış kompleksinin sakinləri liftlərin işləməməsi, idarəetmə ilə bağlı qeyri-müəyyənlik və kommunal xidmətlər sahəsində üzləşdikləri problemlərdən şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən vətəndaşlar problemin 2 ildir davam etdiyini bildiriblər.

Sakinlərin sözlərinə görə, hazırda kompleksin 17, 17A, 17B, 17C və 17D saylı binalarında liftlər fəaliyyət göstərmir. Onlara bildirilib ki, elektrik enerjisinin verilməsi dayandırıldığı üçün liftlər işləmir. Lakin sakinlər iddia edir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-nin qaynar xətti ilə əlaqə saxladıqları zaman qurum əməkdaşları belə bir qərardan xəbərsiz olduqlarını bildiriblər: “Biz aydınlaşdırmağa çalışırıq ki, liftlər həqiqətən elektrik enerjisinin kəsilməsi səbəbindən dayanıb, yoxsa onlar “The Baku Group LTD” MTK tərəfindən söndürülüb. Lift xidməti çoxmərtəbəli yaşayış binalarında sadəcə rahatlıq elementi deyil, insanların təhlükəsiz və normal yaşayışı üçün vacib zəruri xidmətdir. Xüsusilə yaşlı şəxslər, azyaşlı uşaqları olan ailələr, əlilliyi olanlar və gündəlik olaraq lift xidmətindən istifadə etməyə məcbur qalan sakinlər üçün mövcud vəziyyət ciddi çətinliklər yaradır. Liftlər səhər saat 9-da söndürülür və bir də axşam saatlarında qoşulur. İşə gedən adam narahat olur. Ona görə ki, bütün gün ərzində ailə üzvləri çətinlik çəkir. Bunu bir psixoloji təsir vasitəsi kimi istifadə edirlər. Pul ödəməyənlər onsuz da ödəmir, lakin daimi olaraq ödənişini edən adam belə vəziyyətdən bezdiyi üçün təkrar ödəniş etməli olur”. 

Müraciətdə yaşayış kompleksi “The Baku Group LTD” MTK tərəfindən inşa edilsə də, bu halın MTK-ya avtomatik və müddətsiz idarəetmə səlahiyyəti vermədiyi vurğulanır. Sakinlərin sözlərinə görə, hazırda kompleksdə idarəetmənin hansı hüquqi əsasla həyata keçirildiyi, sakinlərdən hansı müqavilə və tariflər əsasında ödəniş tələb olunduğu barədə şəffaf məlumat verilmir: “Əlimizdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2025-ci il tarixli, e-2(011)1082/2025 saylı qətnaməsi mövcuddur. Həmin qətnamə ilə yaşayış kompleksində qanuni idarəetmənin təşkil olunması məqsədilə Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi, o cümlədən sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və ya idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi öhdəliyinin Xətai Rayon Bələdiyyəsinin üzərinə qoyulduğu bildirilir”. 

Xəbərdarlıq bildirişi:

Şikayətçilərin iddiasına əsasən, kompleksdə sakinlərdən müxtəlif məbləğlərdə “kommunal və təsərrüfat borcu” tələb olunur: “Lakin bu məbləğlərin hansı xidmətlər, hansı dövr və hansı tariflər əsasında hesablandığı barədə ətraflı və aylıq hesabat təqdim edilmir. Müxtəlif dövrlərdə xidməthaqları sakinlərdən nağd qaydada qəbul olunub, nömrəsiz qəbzlər təqdim edilib, daha sonra isə müxtəlif fərdi sahibkarların VÖEN-i göstərilən qəbzlərdən istifadə olunub. Son dövrlərdə isə bizə “Azərişıq” ASC üzrə abonent kodları təqdim edilərək ödənişlərin həmin istiqamətə həyata keçirilməsi tələb olunub”.

Nömrəsiz və qeydiyyatsız ödəniş qəbzi:

Sakinlər hesab edirlər ki, bu vəziyyət ödənişlərin hansı hüquqi əsasla toplandığı, vəsaitlərin necə uçota alındığı və hansı istiqamətlərə xərcləndiyi barədə ciddi suallar yaradır. Müraciətdə qeyd edilir ki, bəzi hallarda sakinlərə rəsmi bildiriş təqdim edilmədən onların adları, mənzil nömrələri və iddia edilən borc məbləğləri blok girişlərində yerləşdirilən siyahılarda göstərilib.

İddia edilən borc siyahısı:

Sakinlər deyir ki, yaşayış kompleksində lift problemi ilə yanaşı, su təchizatı, təmizlik, ümumi istifadədə olan sahələrin saxlanılması və təhlükəsizlik məsələləri ilə bağlı da uzun müddətdir narazılıqlar mövcuddur. Bundan əlavə, yaxın vaxtlarda 17D saylı binada baş vermiş yanğın nəticəsində 5-dən çox avtomobilə, eləcə də bəzi qaraj və avtodayanacaq sahələrinə zərər dəydiyi bildirilir. Sakinlər yanğından sonra ərazidə qalan his və yanğın qalıqlarının tam təmizlənmədiyini, hadisənin təhlükəsizlik məsələləri ilə bağlı əlavə suallar yaratdığını qeyd edirlər.

Məsələ ilə bağlı “The Baku Group LTD” MTK-nın sədri Rasim Əkbərovla əlaqə saxladıq. O, sakinlərin iddialarına belə cavab verdi: “Kompleksin “Azərişıq” ASC-yə 27 000 manat məbləğində elektrik enerjisi borcu var. Bu borc liftlərin, nasosxananın, həyətin və blokların işıqlandırılması üzrə sərf olunan elektrik enerjisindən yaranıb. 24 iyun 2026-cı ildə “Azərişıq” ASC tərəfindən MTK-ya məxsus elektrik təchizatı dayandırılıb. Həmin gün saat 17:00 radələrində elektrik enerjisinin verilişi bərpa olunub”.

MTK tərəfindən verilən məlumatda hazırda liftlərin işlədiyi bildirilsə də, sakinlərin bəzisi bunu təkzib edir.

Oxunub : 114
ŞƏRH YAZ
Ad

E-mail

Şərh