Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib.
Tağıyev 1995–1999-cu illərdə digər şəxslərlə əlbir şəkildə iki nəfəri tamah niyyəti, bir nəfəri isə cinayətlərinin üstünün açılmaması məqsədilə xüsusi amansızlıqla qətlə yetirib. Pula görə amansızlıqla öldürülənlərdən birinin 70 yaşı olub. Tapança ilə qətlə yetirilən ikinci zərərçəkmiş bank əməkdaşı, üçüncüsü isə elə öz əlbir olduqları şəxslərdən biri imiş. Dəstə üzvləri sonuncunun istintaqa ifadə verə biləcəyini öyrəndikləri üçün onu öldürərək meyitini bağ evinin həyətində basdırıblar. Banda üzvləri basqınlar zamanı tanınmamaları üçün həmişə başlarına qadın corabları keçirirmişlər.
Taksi sürücüsündən qatilə çevrilən gənc Xaliq oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, icazəsiz odlu silah-sursat əldə etmə kimi digər cinayətlərdə də iştirak edib.
.jpeg)
Həmin dövrdə keçirilən əməliyyatlar zamanı dəstənin Xaliqdən başqa bütün üzvləri tutulub. Onların bir neçəsinə ömürlük həbs cəzası verilib. Xaliq isə ölkədən qaçaraq Ukraynada 30 il gizlənə bilib. Lakin o da törətdiyi cinayətlərin cəzasından yaxa qurtara bilməyib.
Hadisədən uzun illər keçdiyi üçün hər şeyin yaddan çıxacağını düşünən Xaliq Tağıyev 60 yaşında Azərbaycana qayıtmaq qərarına gəlib. Amma bu dəfə də qanunsuz yola əl atıb. Belə ki, o, öz fotosunu qardaşının anket məlumatlarına tərtib olunmuş saxta pasporta yerləşdirərək Azərbaycana yola düşüb. O, Ukraynadan çıxmağa nail olsa da, Azərbaycan sərhədini keçə bilməyib. Sərhədçilər polis əməkdaşları ilə birgə sənədin saxta olduğunu müəyyənləşdirərək onu saxlayıblar. Bundan sonra onun əsl kimliyi məlum olub. Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqla Xaliq Tağıyev təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
(1).jpeg)
Onun işini Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi məhkəmə kollegiyası araşdırıb. Ahıl müttəhim hakim qarşısında gənclikdə törətdiyi əməllərə görə özünü təqsirli bildiyini etiraf edib. Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb.
Təqsirləndirilən şəxs o vaxt tutulsaydı, ömürlük məhkum ediləcəkdi. Lakin indi müddətin keçməsi səbəbindən bəzi maddələr üzrə ona cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 2000-ci ilə qədər qüvvədə olmuş maddələrinin tələblərinə əsasən, Xaliq Tağıyevə yekun olaraq 15 il həbs cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bununla 30 il sonra olsa da, ədalət öz yerini tapmış olub...
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO
"Bandotdel" ƏMƏLİYYAT KEÇİRDİ - 3 nəfər saxlanıldı - VİDEO
İş adamı tanışlarının maşınına narkotik qoydurmaq istədi - HƏBS EDİLDİ
Abşeron Gənclər Şəhərciyində yanğın - FOTO - VİDEO
Mağaza sahibləri ilə silahlı insident yaşandı – Çeçen öldü, 4 yaralı, 14 şübhəli var – ANBAAN VİDEO
Sərnişinin bu hərəkəti taksi sürücüsünü əsəbiləşdirdi - VİDEO
Polisin əmrinə tabe olmayan sürücüyə atəş açıldı – ANBAAN VİDEO
Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü - FOTOLAR - YENİLƏNİB











