Şəmkirdə taksi sürücüsünün 16 il əvvəl baş vermiş qətli: “O qadınla məcbur qalıb evləndim”

Hadisə 29 İyul 2026 17:00
Şəmkirdə taksi sürücüsünün 16 il əvvəl baş vermiş qətli: “O qadınla məcbur qalıb evləndim”
WhatsApp kanalımıza abunə olun

Şəmkir rayonunda 16 il əvvəl taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisini öldürmüş 1989-cu il təvəllüdlü Turab Vəliyevin məhkəməsi başa çatıb.

Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Turab qardaşına məxsus qızıl üzüyü satıb, pulunu xərcləyib. Üzüyün eynisini alaraq qaytarmaq üçün 2010-cu il fevralın 15-də Şəmkirin Yeniabad kəndindən Gəncə şəhərinə, qızıl-zinət əşyaları satılan univermağa getmək qərarına gəlib.

Saat 15 radələrində Yeniabaddan Kür qəsəbəsinə gedib, yolqırağı ərazidə 1953-cü il təvəllüdlü həmkəndlisi Məhərrəm Həsənovun “Daewoo Nexia” markalı avtomobilini saxladıb. Gəncəyə gedib-qayıtmağı razılaşdırıb və yola düşüblər.

Taksi sürücüsü niyə qətlə yetirilib?

Turab Gəncədə qızıl üzüklərin qiymətləri ilə maraqlandıqdan sonra taksi ilə geri qayıdıb. Şəmkirin Mahmudlu kəndindən Yeniabad istiqamətində torpaq yolla hərəkətdə olarkən Məhərrəmə verməyə pulu olmadığından xidməthaqqını 3-5 günə çatdıracağını deyib.

Məhərrəm onunla kobud danışıb, barəsində nalayiq ifadələr işlədib, üzünə şillə vurub.

Taksi sütücüsünün bu hərəkətini özünə qarşı təhqir sayan Turab avtomobilin içərisində ona 11 bıçaq zərbəsi vurub. Məhərrəm kəskin qan itirməsindən ölüb.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Turab 11 dekabr 2023-cü ildə narkotikə görə saxlanılıb. Bundan sonra onun illər əvvəl ağır cinayət törətməsinin üstü açılıb.

İstintaq orqanı tərəfindən Turabın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) və 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddələri ilə ittiham elan edilib.

“Namaz qılıram, tövbə etmişəm”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Turab ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Məhərrəm Həsənovun qətli ilə bağlı 2022-ci ildən etibarən bir il ərzində Baş Prokurorluğa çağırılıb, hər dəfə çağırılanda gedib-gəlib, sonuncu dəfə isə anası ilə prokurorluğa gedib.

O, məhkəmədə əvvəllər qurudulmuş marixuanadan istifadə etdiyini boynuna alıb: “İki ildir namaz qılıram, tövbə etmişəm, narkotikdən uzaqlaşmışam. Məndən analiz götürüblər, qanımda narkotiklə bağlı heç nə aşkarlanmayıb”.

Turab Vəliyev qətl epizodu üzrə məhkəmədə belə ifadə verib: “Məhərrəmi həmkəndlim kimi tanımışam, yaş fərqlərimiz çox olduğuna görə yaxın münasibətimiz olmayıb. Mən üzüyü qaynımla birlikdə satmışdım. Avtomobilimin sənədində problem vardı, üzüyü və telefonumu sataraq sənədlərimi düzəltdirdim.

Məhərrəm Həsənovun taksi maşınına minib-minmədiyimi xatırılamıram. Onun ölümü ilə heç bir əlaqəm olmayıb. Məhərrəmin bacısı bizimlə qonşuluqda yaşayırdı. Onu axırıncı dəfə bacısıgilə gələndə görmüşəm. Baş prokurorluğa gedib-gəldiyim iki il ərzində cinayəti etiraf etməmişəm. Sonradan şəxsiyyətimə yaraşdıra bilməyəcəyim şeylərlə hədələndiyim üçün cinayəti boynuma almalı oldum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Məhərrəm Həsənovun öldürülməsindən illər keçdiyi üçün həmin gün harada olduğunu xatırlamır: “Heç vaxt üzərimdə bıçaq gəzdirməmişəm. Mənim və ailə üzvlərimin nə mərhum Məhərrəm Həsənovla, nə də hansısa polis əməkdaşı ilə ədavət və ya düşmənçiliyim olmayıb”.

“Lotereyadan avtomobil qazandığını eşitmişdim”

Məhkəmədə Turab Vəliyevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, ifadəsində cinayəti etiraf edib. Deyib ki, Məhərrəm Həsənovun lotereyadan “Daewoo Nexia” markalı avtomobil qazandığını eşidibmiş: "Kənddə həmin maşınla gəlib-gedərkən görmüşdüm. Bacısı Mehriban bizimlə qonşu idi. Öz evi isə kəndin magistral yoluna yaxın yerləşirdi. Onu mən öldürmüşəm”.

Təqsirləndirilən şəxs deyib ki, 15 fevral 2010-cu il tarixi həyatında dərin iz buraxdığından həmin günü dəqiq xatırlayır: “Həmin gün Yeniabad kəndinə qar yağmışdı, hava soyuq idi. Günortaya qədər evdən çölə çıxmamışam. Günortadan sonra qızıl üzüklərin qiyməti ilə maraqlanmaq məqsədi ilə Gəncə şəhərinə getmək qərarına gəldim.

2009-cu ilin yanvar ayında hərbi xidmətdən gələndən sonra qardaşım Turala son zəngdə hədiyyə verilmiş qızıl üzüyü qızıl mağazalarından birində 120 manata satdım. Amma qardaşımın bundan xəbəri olmadı. Turalın bunu biləndə əsəbiləşəcəyini düşündüm və üzüyü alaraq yerinə qoymaq istədim.

Üzüyün puluna həmin vaxt sözlü olduğum, hazırkı arvadım Nuranəyə hədiyyə almışdım. Nuranə ilə tez-tez telefonla danışdığıma görə kontur üçün pula da ehtiyacı vardı”.

“Heç vaxt maşınına minməmişdim”

Turabın ifadəsinə görə, 2010-cu ilin fevralın 15-də günortadan sonra üzüyün eynisinin qiyməti ilə maraqlanmaq üçün Gəncə şəhərinə getmək qərarına gəlib: "Yeniabaddan üzü Kür qəsəbəsinə tərəf yolla təxminən 15-20 dəqiqə getdim. Qəsəbənin girişində “40 Bulaq” adlanan yerdə Məhərrəmə məxsus avtomobilin gəldiyini gördüm. O günə qədər heç vaxt onun avtomobilində əyləşməmişdim.

Əl edib avtomobili saxlatdım, Gəncə şəhərinə gedib-gəlməyin haqqını soruşdum. Üzərimdə pul olmadığını ona demədim. Avtomobilin qabaq sağ oturacağında əyləşdim, birlikdə Gəncə şəhərinə getdik.

Təxminən 30-40 metr aralandıqda Məhərrəm Yeniabad kənd sakini İlqarı da maşınına götürdü. İlqar evlərinə yaxın yerdə düşdü. Yolda İlqarla söhbət etmədik, başımda papaq olduğuna görə o, üzümü görmədi”.

Turabın sözlərinə görə, Gəncə şəhərində “Univermaq” adlanan ticarət mərkəzinin arxasında Məhərrəm Həsənov avtomobili saxlayıb: “Univermaqda təxminən 30-40 dəqiqə gəzdim. Qardaşımın qızıl üzüyünün eynisini tapdım, qiymətini soruşdum, 170 manata idi. Fikirləşdim ki, işləyib pul yığaram, üzüyü alaram.

Daha sonra univermaqdan çıxdım, Məhərrəm Həsənovun avtomobilinin qabaq sağ oturacağına əyləşdim, geri qayıtdıq. Kanalın üstündən keçərək torpaq yolla Yeniabad kəndi istiqamətində getdik.

Məhərrəmin asfalt yol olduğu halda nə üçün torpaq yolu seçdiyinin səbəbini bilmədim. Yeniabad kəndinin kənarı ilə hərəkətdə olan zaman kənd sakini Zilxumar adlı qadının əlində göy-göyərti torbası yola çıxdığını gördük. Məhərrəm avtomobilin içərisindən əl edərək “gəl otur” desə də o, “ayağım palçıqdır, siz gedin” dedi”.

“Pis söyüşlər söyən adam idi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Məhərrəmə üzərində pulu olmadığını, yol haqqını 3-4 günə verəcəyini deyib: “O, məni pis söyüşlərlə söyməyə başladı. Ümumiyyətlə, Məhərrəm pis söyüşlər söyən adamıydı. Onu inandırmağa çalışdım ki, pulum yoxdur, 3-5 günə düzəldib verəcəm.

Məhərrəm sol əli ilə sifətimin sağ tərəfinə şillə vurdu, avtomobildə əlbəyaxa tutaşdıq. Avtomobili dayandırdı, söyüşlərə davam etdi və məni vurmağa çalışdı. Sağ əlimlə şalvarımın belinə taxdığım cib bıçağını götürdüm və Məhərrəmin başına, sifətinə və boğaz tərəfində təxminən 5-8 dəfə vurdum.

Zərbələr Məhərrəmin baş hissəsinə dəydi, əli boşaldığı üçün sol əlimi buraxdı. Əlini ataraq açarla avtomobili işə salmağa çalışdı. Cəld onun əlini itələdim və açarı yuvasından götürdüm. Ardınca avtomobildən düşərək kənd istiqamətində qaçdım”.

Turab Vəliyev bildirib ki, təxminən 300-400 metr aralıda bir nəfərin heyvan otardığını görüb, amma onu tanımayıb: “Qana bulaşmış əlimi qarla sildim, dəmiryolu boyunca gedib kəndə girdim. Sonra dostum Elvinin nömrəsinə zəng etdim, evlərindən 100 metr aralıda onunla görüşdük. Hadisəni ona danışdım.

Elvin məni tutacaqlarını dedi, bu barədə keç kimə heç nə deməməyi tapşırdı”.

Turab qeyd edib ki, növbəti gün səhər Məhərrəm Həsənovun avtomobilində öldürülməsi barədə məlumat yayılsa da, 2022-ci ilə qədər, yəni əl-barmaq izləri avtomobil üzərində aşkar olunan vaxtacan istintaqa cəlb olunmayıb: “Dəfələrlə rayon ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli bilindiyim üçün Şəmkir rayon polis şöbəsinə çağırılmışam və orada əl-barmaq izlərim götürülüb.

Məhərrəm Həsənova məxsus avtomobildə bir saatdan çox yol getmişəm. Ola bilsin ki, həmin vaxt avtomobilin müxtəlif yerlərinə toxunmuşam və barmaq izim orada qalıb”.

Təqsirləndirilən şəxs deyib ki, dostu Elvin 2012-ci ildən Rusiyadadır.

“Qorxduğum üçün o qadınla evləndim”

Təqsirləndirilən Turab Vəliyevin sözlərinə görə, birinci arvadından olan oğlunun atası əslində dostu Elvindir: “Arvadım əvvəlcə Elvinlə münasibəti olmuşdu, hamilə qalandan sonra isə mənimlə münasibət qurdu. Arvadımın məndən şikayət edərək tutduracağından qorxduğum üçün məcbur onunla evlənmişəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turab 13 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza verilməsini xahiş edib.

Hökmdən məhkum da apellyasiya şikayəti verib, daha ədalətli qərar çıxarılmasını xahiş edib.

Gəncə Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Oxunub : 182
ŞƏRH YAZ
Ad

E-mail

Şərh