Banner

Təyyarə qəzasından 1 il ötür, Rusiya isə “ayı davranışı” nümayiş etdirir – Deputatlar danışdı

Hadisə 25 Dekabr 2025 14:00 Oxunub 262
Təyyarə qəzasından 1 il ötür, Rusiya isə “ayı davranışı” nümayiş etdirir – Deputatlar danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından 1 il ötür. Bu faciəli hadisə yalnız bir aviasiya qəzası kimi yadda qalmadı, həm də Azərbaycan və beynəlxalq ictimaiyyət üçün dərin emosional iz buraxdı. Uçuş zamanı itirilən həyatların ağrısı, faciənin üstündən 1 il keçməsinə baxmayaraq, hələ də ailələr və yaxınları tərəfindən hiss olunur. İtkilər, təkcə itirilmiş insan həyatları ilə ölçülmür. Eyni zamanda itirilmiş ümidlər, gələcək planları və ailə bağlarının da pozulması ilə ölçülür. Bu faciə hələ də yaddaşlarda təzədir. 

Ekipaj üzvləri Hökümə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun peşəkarlığı və fədakarlığı isə bu hadisənin həm də qəhrəmanlıq nümunəsi kimi yadda qalmasına səbəb oldu.

Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı Avtosfer.az-a öz təəssüratını bildirib: “AZAL-a məxsus Azərbaycan təyyarəsinin Qroznı şəhəri üzərində vurulmasından artıq bir il keçir. Əvvəlcə təyyarədə həlak olan bütün insanlara Allahdan rəhmət diləyirəm. Qəzada həlak olan Azərbaycan vətəndaşlarına Azərbaycan dövləti tərəfindən xüsusi diqqət göstərildi, onların ailələrinə də qayğı göstərildi. Buna baxmayaraq, Rusiya bu müddət ərzində Azərbaycan tərəfinin haqlı tələblərini tam yerinə yetirməyib. Bu kimi hallarda Rusiya beynəlxalq hüquq çərçivəsində adekvat addımlar atmalı idi. Bununla belə, Azərbaycan dövləti qəzada həlak olan insanları və onların ailələrini lazımi qayğı və diqqətlə əhatə etdi. Eyni zamanda digər sərnişinlər də müvafiq qayğı ilə təmin olundu”.

Deputat Elçin Mirzəbəylinin sözlərinə görə, 38 insanın həyatına son qoyan, 29 nəfəri yaralayan bu faciə, eyni zamanda Azərbaycan–Rusiya münasibətlərində illərdir yığılıb qalmış ziddiyyətləri açıq müstəviyə çıxaran siyasi hadisə kimi də nəzərdən keçirilə bilər:
“Hadisənin yaratdığı sarsıntı bir ilin tamamında da öz aktuallığını itirməyib. Əksinə, Moskvanın davranışı bu faciəni hüquqi və mənəvi müstəvidən çıxarıb strateji etimad böhranına çevirib. Azərbaycanın mövqeyi ilk gündən aydındır və beynəlxalq hüquqa söykənir. Rusiya üzr istəməli, kompensasiya ödəməli və günahkarları cəzalandırmalıdır. Bu, emosional yox, hüquqi və siyasi baxımdan tam məntiqli tələblərdir. Lakin rəsmi Moskva bir il ərzində bu tələblərin heç birini yerinə yetirməyib. Bir neçə fundamental səbəbi var. Birincisi, Rusiya bu hadisəyə görə üzərinə tam məsuliyyət götürərsə, bu, postsovet məkanında və daha geniş coğrafiyada analoji hadisələr üçün hüquqi presedent yaradacaq. Kreml üçün bu, “toxunulmaz güc” mifinin sarsılması deməkdir. İkincisi, imperialist təfəkkürdür. Rusiya hələ də postsovet ölkələrinin əhəmiyyətli hissəsinə bərabərhüquqlu tərəfdaş kimi deyil, təsir dairəsinin subyekti kimi baxır. Bu baxış bucağında üzr istəmək və kompensasiya ödəmək “söz sahibi” üçün psixoloji və siyasi zəiflik əlaməti sayılır. Üçüncüsü, daxili siyasi faktorlardır. Günahkarların cəzalandırılması Rusiya hava hücumundan müdafiə sistemlərindəki struktur problemləri, qərarvermə mexanizmlərindəki xaosu və məsuliyyətsizliyi üzə çıxara bilər”.

Elçin Mirzəbəyli bildirib ki, bundan sonrakı inkişaf üç ssenari üzrə mümkündür. Birincisi “status-kvo” ssenarisi, yəni Rusiya məsuliyyətdən yayınmağa davam edəcək, münasibətlər formal çərçivədə saxlanılacaq, lakin strateji etimad bərpa olunmayacaq. İkincisi məhdud korrektə ssenarisidir. Bu halda Moskva gecikmiş də olsa müəyyən simvolik addımlar atacaq, amma bu addımlar tam hüquqi və siyasi məsuliyyət səviyyəsinə çatmayacaq. Üçüncüsü isə kəskin yenidənformatlama ssenarisidir. Bu ssenariyə əsasən, Azərbaycan öz çoxvektorlu siyasətini daha da dərinləşdirə, Rusiyanın regiona təsir imkanları tədricən tamamilə daralda bilər.

Milli Məclisin digər deputatı Aydın Mirzəzadə isə deyib ki, bu hadisə baş verməməli idi. Rusiyada müəyyən qüvvələrin məsuliyyətsizliyi buna səbəb oldu: “Aktauya uçan təyyarəmizin ağır qəzası hələ də azərbaycanlıların qəlbində dərin iz buraxıb. Azərbaycan öz vətəndaşlarının hüquqlarının qorunması üçün maksimum səylər göstərdi. Bir daha göstərildi ki, heç bir zaman Azərbaycan vətəndaşlarının hüquqlarına qarşı edilən hərəkətlər qarşısında dövlət səssiz qalmayacaq. Bunun nəticəsidir ki, Rusiya Prezidenti bir neçə ay əvvəl beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentindən üzr istədi, kompensasiya ödəyəcəyini bildirdi və günahkarların məsuliyyətə cəlb olunacağını vurğuladı. Biz bunu Rusiya tərəfdən gözləyirik və istəyirik ki, Rusiyanın müvafiq orqanları tək Azərbaycan təyyarəsi ilə deyil, ümumiyyətlə, hava məkanında bütün təyyarələr üçün təhlükəsizliyi təmin etmək məqsədilə bütün lazımi addımlar atsınlar. Qəzada həlak olanların xatirəsi həmişə qəlbimizdədir. Onları qəhrəman kimi görürük və həlak olanların ailəsinə dövlət tərəfindən bütün diqqət göstərilib. Bundan sonra hər hansı təhlükənin qarşısını almaq üçün Azərbaycan dövləti yenə də ən etibarlı addımları atacaq və həmişə vətəndaşlarının keşiyində duracaq”.

Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh