Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI

8 Mart dünyada qadınların cəmiyyətə verdiyi töhfələrin, onların gücünün, zəhmətinin və fədakarlığının qeyd olunduğu xüsusi bir gündür. Bu gün qadınlara hörmət və təşəkkürümüzü ifadə etmək, onların həyatımızdakı əvəzsiz rolunu bir daha xatırlamaq üçün gözəl bir fürsətdir. Qadınlar ailənin dayağı, cəmiyyətin inkişafında mühüm rol oynayan güclü və dəyərli şəxsiyyətlərdir. Onlar həm ana, həm müəllim, həm də cəmiyyətin müxtəlif sahələrində uğur qazanan peşəkarlar kimi böyük məsuliyyət daşıyırlar. Qadınların sevgisi, qayğısı və zəhməti həyatımıza işıq və ümid gətirir.
Bu gün yalnız bayram deyil, həm də qadınların hüquqlarının, bərabərliyinin və cəmiyyətdə layiqli yerinin vacibliyini xatırladan bir gündür. Qadınlara hörmət və dəyər göstərmək təkcə 8 Martda deyil, hər zaman hər birimizin borcudur.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü dünyada qadınların sosial, iqtisadi, mədəni və siyasi nailiyyətlərini qeyd etmək, həmçinin qadın hüquqlarının qorunması və gender bərabərliyinin təşviqi məqsədilə keçirilən mühüm beynəlxalq gündür:

“Bu gün dünyanın bir çox ölkələrində rəsmi bayram kimi qeyd olunur və qadınların cəmiyyətin inkişafındakı rolunu vurğulayan tədbirlər, konfranslar və sosial təşəbbüslərlə müşayiət olunur. Beynəlxalq Qadınlar Gününün yaranması XX əsrin əvvəllərində qadınların əmək hüquqları, seçki hüququ və sosial bərabərlik uğrunda mübarizəsi ilə bağlıdır. 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününü rəsmi şəkildə qeyd etməyə başlamışdır. Həmin ildən etibarən bu gün qadın hüquqları və gender bərabərliyi mövzularının qlobal səviyyədə müzakirə olunduğu mühüm tarixə çevrilmişdir. Azərbaycan Respublikasında 8 Mart tarixi qadınlara ehtiram göstərilməsi, onların cəmiyyət və ailə həyatındakı rolunun yüksək qiymətləndirilməsi ilə xarakterizə olunur. Azərbaycanda qadınlar tarix boyu elm, mədəniyyət, siyasət və ictimai həyatda mühüm rol oynamışlar. Onların arasında dövlət xadimləri, alimlər, müəllimlər, həkimlər, incəsənət nümayəndələri və digər sahələrdə çalışan minlərlə qadın ölkənin inkişafına böyük töhvələr vermişdir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını hər zaman vətənin müdafiəsi uğrunda əlindən gələni əsirgəməmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri nümayiş etdirmişlər. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmişlər. Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları bu gün də öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. Bu məqsədlə 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermiş, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu hər il artırmağa nail olmuşlar. Beləliklə, müasir dövrdə ölkəmizdə qadınlar sosial və iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar dövlət idarəçiliyindən tutmuş elmə, biznesdən incəsənətə qədər müxtəlif istiqamətlərdə böyük uğurlar qazanırlar”.
Milli Məclisin digər xanım deputatı, Aan Vətən Partiyasının sədri Günay Ağamalının sözlərinə görə, 8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycan qadınının tarix boyu göstərdiyi şücaətin, müdrikliyin və fədakarlığın ifadəsidir. Azərbaycan qadını əsrlər boyu cəmiyyətimizin mənəvi dayağı, ailənin qoruyucusu və dövlətçiliyimizin möhkəm sütunlarından biri olub.

“Tariximizin bütün dövrlərində Azərbaycan qadınları Vətənimizin müdafiəsində və dövlət quruculuğunda mühüm rol oynayıblar. Qədim dastanlarımızdan tutmuş dövlətçilik tariximizə qədər qadınlarımızın qəhrəmanlığı və liderliyi xüsusi yer tutur. “Kitabi-Dədə Qorqud” dastanında qadınların igidliyi, Möminə Xatun, Sara Xatun, Tomris, Nigar, Həcər kimi tarixi şəxsiyyətlərin nümunəsi Azərbaycan qadınının iradəsinin və vətənpərvərliyinin bariz göstəricisidir.
Azərbaycan qadınlarının tarixində ən mühüm məqamlardan biri 1918-ci ildə Şərqdə ilk dəfə olaraq seçib-seçilmək hüququnun məhz Azərbaycanda qadınlara verilməsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti qadınların ictimai-siyasi həyatda fəal iştirakının əsasını qoydu və bu addım ölkəmizin demokratik ənənələrinin gücünü bütün dünyaya göstərdi.
Azərbaycan qadını əsrlər boyu milli dəyərlərimizin qoruyucusu olub. Ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın yaşadılmasında qadınlarımızın rolu danılmazdır. Müasir dövrdə də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, mədəniyyət, siyasət, hüquq mühafizə orqanları və digər sahələrdə uğurlu fəaliyyət göstərərək cəmiyyətin inkişafına mühüm töhvələr verirlər.
Ölkəmizdə qadın siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyət həyatında rolunu yüksək qiymətləndirərək onların fəaliyyətinə geniş imkanlar yaratdı və dövlət səviyyəsində qadın siyasətinin formalaşdırılmasına böyük töhvə verdi.
Bu siyasət möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması və qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakının genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Qəbul olunan qanunlar və həyata keçirilən proqramlar qadınların sosial, iqtisadi və siyasi həyatda daha geniş imkanlar əldə etməsinə xidmət edir.
Azərbaycan qadınları bu gün dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə, sahibkarlıqda, elmdə, ictimai proseslərdə və digər sahələrdə uğurla təmsil olunur. Statistik göstəricilər də bunu açıq şəkildə təsdiqləyir. Qadınlarımızın əmək bazarında, sahibkarlıq fəaliyyətində və ictimai-siyasi arenada fəallığı ildən-ilə artır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fəaliyyəti ilə Azərbaycan qadınının humanizm, mərhəmət və yüksək intellekt simasını bütün dünyaya nümayiş etdirir. Mehriban xanımın rəhbərlik etdiyi humanitar layihələr ölkəmizin beynəlxalq nüfuzunun artmasına və Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına böyük töhvə verir.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla, şəhid analarını və xanımlarını və bütövlükdə Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində yeni-yeni yüksəlişlər diləyirəm. Azərbaycan qadını hər zaman olduğu kimi bundan sonra da cəmiyyətimizin inkişafına öz dəyərli və əvəzsiz töhvələrini verəcək".
"APA Group" MMC-nin rəhbəri Vüsalə Mahirqızı Avtosfer.az-a müsahibəsində qeyd edib ki, bu gün - 8 Mart qadınların diqqət gördüyü, əməyinin qiymətləndirildiyi, qadın şəxsiyyətinin vurğulandığı, cəmiyyət və ailədə qadının rolunun müstəsna əhəmiyyətinin bir daha qeyd edildiyi gündür:

“8 Mart ölkəmizdə yüksək səviyyədə qeyd olunan bayramdır. Bu bayram indi bizim ölkədə və bəzi qonşu ölkələrdə öz əsas mahiyyətini müəyyən qədər dəyişib. Bütövlükdə qadınlar üçün xüsusi bir günə çevrilib. Azərbaycan Şərqin qadına ən çox dəyər verən, qadının cəmiyyətdəki rolunun artdığı ölkələri arasındadır. Qədimdən bizim qadınımız atası, qardaşı, həyat yoldaşı ilə çiyin-çiyinə addımlayıb, şəxsi həyatda, iş həyatında yükü bölüşüb, heç vaxt özünü kənarda saxlamayıb. Bu gün də Azərbaycan dövlətinin Birinci vitse-prezidenti qadındır. Mehriban Əliyeva həm də müstəqil Azərbaycanda Birinci xanım institutunu yaradan, onu ölkəmiz adına dünyada təmsil edən ilk xanımdır. Bu gün Azərbaycan qadını siyasətdə, orduda, mediada, polisdə, təhsil və səhiyyədə, mədəniyyətdə, bir sözlə, ölkə həyatının bütün sferalarında layiqincə təmsil olunur. Azərbaycan qadını həm də bizim milli sərvətimiz olan ailə dəyərlərini qoruyan əsas simvoldur. Mən bütün qadınlarımızı bu gün münasibətilə təbrik edirəm, onların hər birinə həm cəmiyyət həyatındakı sosial iştiraklarında, həm də bu ölkə üçün vətəndaş böyütmək kimi çətin işdə uğurlar arzu edirəm”.
Psixoloq Gülər Məmmədova isə deyib ki, bu günün qadınları daha çox özünü inkişaf etdirən, aktual mövzulara qoşulan, özünü maarifləndirən insanlardır:

“Ailə mühitində qadın ocağın iki əsas sütunundan biridir. Yəni ailədə qadın və kişinin birliyindən dünyaya gələn qız və oğlan övladlar da böyüyərək sağlam psixologiyaya sahib insanlar olurlar. Sağlam mühitdə böyüyən qız uşağı zamanla formalaşaraq qadına çevrilir. Ailədən aldığı tərbiyə nəticəsində qızlara analıq və evdarlıq kimi dəyərlər aşılanır, onlara həyatda psixoloji dayanıqlıq qazandırılır. Bu baxımdan qadının həyatda əsas amalı öz ali hisslərini qorumaq, əxlaqını, mənəvi və zehni dəyərlərini inkişaf etdirməkdir. Bu isə qadının şüurunun ali forması kimi ailə tərbiyəsindən qaynaqlanır və sosial mühitdə formalaşır. Qadınlar mərhəmətli olurlar. Qadın həm ana, həm bacı, həm də qız deməkdir. Yəni o, böyük yaradıcı bir qüvvənin, ailənin dayağıdır. Əsrlər boyu qadınlar sübut ediblər ki, onlar yalnız yaxşı həyat yoldaşı, ana və bacı olmaqla kifayətlənmirlər. Tarix göstərir ki, qadınlar alim, siyasətçi və dövlət xadimi kimi də cəmiyyətə mühüm töhfələr verə bilirlər. Qadına sanki ilahi bir qüdrət tərəfindən müqəddəs bir missiya, ana olmaq qüdrəti verilib. Təbii ki, bütün qadınların həyat yolu eyni deyil, lakin bu gün qadınların cəmiyyətdəki rolu olduqca mühümdür. Qadınların emosional və mənəvi dünyası zəngin, hissiyatı isə daha dərindir. Bu səbəbdən onlar qarşı tərəfə daha güclü cins hesab olunan kişilərə belə mənəvi dayaq ola bilirlər. Bir çox hallarda qadınlar hadisələri sakitləşdirməyi və daha sağlam şəkildə yönləndirməyi bacarırlar. Azərbaycan qadını xüsusilə emosional baxımdan güclü və psixoloji dözümlülüyə sahibdir. Bu xüsusiyyətlər tarix boyu mövcud olmuş qəhrəman qadınlarımızın nümunəsində formalaşaraq bu günə qədər gəlib çatıb. Bu gün cəmiyyətdə qadınların maariflənməsi və savadlanması çox vacibdir. Sağlam və intellektual səviyyəsi yüksək olan övladların yetişməsi üçün qadınların üzərinə böyük məsuliyyət düşür. Qadın nə qədər özünü inkişaf etdirən, hüquqlarını bilən, özünü qoruyan və öz dəyərini anlayan bir insan olarsa, ailədə və cəmiyyətdə bir o qədər güclü rol oynaya bilər. Bu gün qadınlarla kişilər arasında gender baxımından bir çox hüquqlar bərabər bölüşdürülür. Lakin qadın yenə də zərif cinsin nümayəndəsi olaraq öz daxili potensialı, dərin hissləri və özünə verdiyi dəyərlə seçilir. Qadınlara məxsus zəriflik, incəlik, mərhəmət və dözümlülük çox qiymətli xüsusiyyətlərdir. Onlar həyatın müxtəlif çətinliklərinə sinə gərərək böyük səbir və güc nümayiş etdirə bilirlər. Qadınlar nə qədər incə və zərif görünsələr də, əslində çox güclü insanlardır. Xüsusilə analıq, uşaq dünyaya gətirmək və onu böyütmək kimi böyük bir məsuliyyət qadının gücünü və dözümlülüyünü göstərən ən bariz nümunələrdəndir. Bu səbəbdən qadınlar məğrurluğu, qətiyyəti və ləyaqəti ilə seçilirlər. Bu gün Azərbaycan qadınının özünə verdiyi dəyər onun savadlanması, maariflənməsi, akademik və intellektual inkişafı ilə ölçülür. Qadınlarımız həm xarici görünüşlərinə, həm də daxili aləmlərinə böyük diqqət yetirir, daim inkişaf etməyə çalışırlar. Bu isə cəmiyyət üçün çox gözəl və dəyərli bir nümunədir”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nurcan Babək
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ
Mbappe ilk dəfə sükan arxasında - FOTO
Şirkət sahibi işçilərinə 26 milyon dollar payladı: "Apara biləcəyiniz qədər götürün" - VİDEO
Elektrikomobillərin batareya dözümlülüyü yoxlanan 8 min testin nəticələri AÇIQLANDI - FOTO
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO










