Banner

Avtomobilin rəngi qəza riskinə təsir edir: Ən təhlükəsiz rəng hansıdır?

Maraqlı 25 Noyabr 2026 13:00
Avtomobilin rəngi qəza riskinə təsir edir: Ən təhlükəsiz rəng hansıdır?
WhatsApp kanalımıza abunə olun

Avtomobillərin rəngi yol-nəqliyyat hadisələrinin başvermə riskinə təsir göstərə bilər. 17 il ərzində milyonlarla qəza məlumatının təhlil edildiyi araşdırma avtomobilin rənginin yolda görünmə səviyyəsi və təhlükəsizlik baxımından əhəmiyyətini ortaya qoyub.

Avtosfer.az xəbər verir ki, Avstraliyanın Monaş Universitetinin (Monash University) apardığı araşdırmaya əsasən, qara rəngli avtomobillərin ağ rəngli nəqliyyat vasitələri ilə müqayisədə qəzaya düşmə riski 12 faiz daha yüksəkdir.

Təxminən 17 il davam edən tədqiqat çərçivəsində milyonlarla yol-nəqliyyat hadisəsi qeydi araşdırılıb. Nəticələrə görə, ağ rəngli avtomobillər günün müxtəlif vaxtlarında, o cümlədən gündüz, alaqaranlıqda və əlverişsiz hava şəraitində ən aşağı qəza göstəricisinə malik olub. Təhlükəsizlik baxımından ağ rəngdən sonra krem, sarı və bej tonları qərarlaşıb.

Araşdırmada ağ rəngli avtomobillərlə müqayisədə boz rəngli nəqliyyat vasitələrinin qəzaya düşmə riskinin 11 faiz, gümüşü rəngli avtomobillərin 10 faiz, mavi və qırmızı rəngli avtomobillərin isə 7 faiz daha yüksək olduğu müəyyən edilib.

Tədqiqatçılar bu fərqin əsas səbəbini avtomobillərin yolda görünmə səviyyəsi ilə əlaqələndiriblər. Bildirilib ki, ağ və sarı kimi açıq rənglər yol örtüyü ilə daha yüksək kontrast yaratdığı üçün uzaq məsafədən daha asan seçilir. Qara, boz və gümüşü rəngli avtomobillər isə xüsusilə zəif işıqlanma şəraitində asfalt örtüyü ilə qarışaraq digər sürücülər tərəfindən gec fərq edilə bilər.

Bu amil sürücülərin təhlükəni vaxtında görməsinə, reaksiya verməsinə və əyləcdən istifadə etməsinə təsir göstərir. Avtomobilin yolda daha tez nəzərə çarpması mümkün toqquşmaların qarşısının alınmasına kömək edə bilər.

Bununla belə, araşdırmada avtomobilin rənginin qəza riskini müəyyən edən yeganə amil olmadığı da vurğulanıb. Sürücünün təcrübəsi, digər nəqliyyat vasitələrinin manevrləri, yolun vəziyyəti, hava şəraiti, günün vaxtı və avtomobilin texniki təchizatı da təhlükəsizliyə birbaşa təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, avtomobilin rəngindən asılı olmayaraq, yol hərəkəti qaydalarına əməl etmək və diqqətli idarəetmə qəza riskinin azaldılmasında əsas şərtlərdəndir.

Eltac Zülfüqaroğlu

 

Oxunub : 224
ŞƏRH YAZ
Ad

E-mail

Şərh