Avtomobili quru otların üzərində park etmək yanğına səbəb ola bilər – XƏBƏRDARLIQ

Yay mövsümündə havaların kəskin istiləşməsi ilə meşə və kənd təsərrüfatı ərazilərində yanğın riski də artır. Mütəxəssislər bildirirlər ki, sürücülərin çox vaxt əhəmiyyət vermədiyi bir detal böyük yanğınlara səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, isti havalarda çay, göl və su anbarlarının kənarına üz tutan sürücülərə avtomobillərini quru otların, kolluqların və ya biçilməmiş ərazilərin üzərində saxlamamaq tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəbi avtomobilin egzoz sisteminin bir hissəsi olan katalitik konvertorun işləmə zamanı çox yüksək temperatura çatmasıdır. Zərərli tullantıları azaltmaq üçün nəzərdə tutulan bu detal işlək vəziyyətdə olarkən 300-700 dərəcə Selsi temperaturadək qızır.
Əgər avtomobil quru otların və ya kolluqların üzərində park edilərsə, yüksək temperatur bitki örtüyünün alışmasına səbəb ola bilər. Xüsusilə yerdən hündürlüyü az olan avtomobillərdə və hündür quru otların olduğu ərazilərdə bu risk daha böyük hesab olunur. Avtomobilin mühərrikinin söndürülmədən boş rejimdə işləməsi isə katalitik konvertorun temperaturunu yüksək saxladığı üçün yanğın ehtimalını daha da artırır.
Ekspertlər bildirirlər ki, təhlükə yalnız katalitik konvertorla məhdudlaşmır. Egzoz borusu, həddindən artıq qızmış əyləc sistemi, həmçinin mühərrikin alt hissəsində yerləşən bəzi detallar da yüksək temperatura çataraq quru otların alışmasına səbəb ola bilər.
Bundan başqa, köhnə və ya nasaz katalitik konvertora malik avtomobillər daha böyük risk yaradır. Belə avtomobillərdə konvertorun daxilindəki keramika hissələri qırılaraq qızmış vəziyyətdə egzozdan xaric ola və quru bitki örtüyünü alışdıra bilər.
Buna misal olaraq ötən il İspaniyanın Zamora əyalətinin Kvintanilya-de-Xustel bölgəsində baş vermiş hadisə göstərilir. Belə ki, kənd yolu ilə hərəkət edən traktorun egzozundan çıxan qızmış hissəciklər yol kənarındakı quru otları alovlandıraraq geniş əraziyə yayılan yanğına səbəb olmuşdu.
Mütəxəssislər vurğulayırlar ki, yanğının baş verməsi üçün avtomobili həmin ərazidə saatlarla saxlamağa ehtiyac yoxdur. Bəzən quru otların üzərində cəmi bir neçə saniyəlik dayanmaq və ya dar yolda geri dönmək üçün qısa fasilə vermək belə böyük yanğının başlanmasına səbəb ola bilər.
Bu səbəbdən sürücülərə meşəlik və kənd ərazilərində avtomobillərini yalnız təhlükəsiz, sərt örtüklü dayanacaq yerlərində saxlamaq və quru bitki örtüyünün üzərində park etməmək tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












