Narkoman sürücülər ARTIR – HƏBS çarəmi?

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradan “Khazar” markalı, 77-GQ-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Eltun Həşimov saxlanılıb.
Sənədlər yoxlanılarkən sürücünün davranışları şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı E.Həşimovun narkotik vasitə qəbul etdiyi də müəyyən edilib. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həşimovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.
Bəs bu cəzalar nə dərəcədə effektlidir? Belə şəxslər bir ildən sonra yenidən sürücülük vəsiqəsi əldə edərək cəmiyyət üçün təhlükəyə çevrilə bilərlərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı Musavat.com-a bildirib ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək ilə narkotik təsiri altında sükan arxasına keçmək eyni məsələ deyil: “Narkotik çox tez asılılıq yaradan vasitədir. Narkotik qəbul etdiyinə görə tutulan sürücünün sürücülük hüququ məhdudlaşdırılırsa, həmin müddət başa çatdıqdan sonra vəsiqəsini geri almaq istəyən şəxs mütləq tibbi müayinədən keçməlidir. Çünki onun narkotik asılılığından qurtulub-qurtulmadığı müəyyən edilməlidir.
Mən hesab edirəm ki, bu məsələyə qanunvericilik baxımından yenidən baxmaq lazımdır. Burada müxtəlif hallar mövcuddur. Ola bilər ki, hansısa şəxs təsadüfən və ya ömründə bir dəfə narkotik vasitədən istifadə edib. O, narkoloqun müayinəsindən keçəcək və məlum olacaq ki, asılılığı yoxdur. Belə hallarla xroniki narkomanları eyni tutmaq düzgün deyil.
Amma elə şəxslər də var ki, onların həyatı tamamilə narkotikdən asılıdır. Belələri nə qədər cəza alsa da, yenə də müxtəlif yollarla avtomobil idarə etməyə çalışırlar. Narkomaniya insanın düşüncə qabiliyyətinə ciddi təsir göstərir və belə adamlar üçün sürücülük vəsiqəsinin olub-olmaması çox vaxt əhəmiyyət daşımır.
Vaxtilə təklif etmişdik ki, İnzibati Xətalar Məcəlləsində sərxoş vəziyyətdə və narkotik təsiri altında avtomobil idarə edən sürücülərə tətbiq olunan cəzalar fərqləndirilsin. Sonradan bu dəyişiklik edildi və narkotikə görə daha ağır sanksiyalar tətbiq olunmağa başladı. Lakin düşünürəm ki, bu gün də daha sərt yanaşmaya ehtiyac var. Çünki narkotik təsiri altında saxlanılan sürücülərin sayı artır. Son dövrlərdə aşkarlanan faktlara baxanda görünür ki, həm sərxoş, həm də narkotik təsiri altında olan şəxslər sükan arxasına keçir. Belə sürücülər istənilən an faciəyə səbəb ola, insan həyatına son qoya və ya ağır xəsarətlər yetirə bilərlər”.
Ekspertin sözlərinə görə, bir çox ölkələrdə bu kateqoriyadan olan sürücülərlə bağlı daha sərt tədbirlər görülür: “Təkcə sürücülük hüququ deyil, avtomobilin özü də müəyyən müddət ərzində sahibinə qaytarılmır. Daha sonra həmin şəxs yenidən tibbi müayinədən keçirilir və yalnız sağlam olduğu təsdiqləndikdən sonra sürücülük hüququ bərpa edilir.
Digər tərəfdən, elə hallar da olur ki, bir şəxs aylar əvvəl hansısa məclisdə bir dəfə narkotik vasitədən istifadə edib və sonradan analizlərdə bunun izi aşkarlanır. Belə adam da eyni cəzanı alır. Halbuki hər gün narkotik qəbul edən, onsuz normal həyatını davam etdirə bilməyən şəxslə onun arasında ciddi fərq var. Hesab edirəm ki, burada fərqli yanaşma tətbiq olunmalıdır. Çünki təsadüfi istifadə ilə ağır narkotik asılılığını eyni hüquqi müstəvidə qiymətləndirmək tam ədalətli deyil”.
Dəmir yolu keçidlərində səhv edən sürücü və piyadaları nə gözləyir? – Qaydalar pozulur və...
Qısaboylu adamların ön oturacaqda oturması qadağandır? - QANUNLA BELƏDİR - VİDEO
Qəza riskini artıran yanlış davranış: sola dönərkən bunu etməyin – VİDEO
Avtobusların yanından keçərkən bunu etməyin - Mütəxəssisdən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Azərbaycanda ən çox hansı avtomobillər alınır? – ARAŞDIRMA
Səki problemi şəhərin gələcəyinə necə təsir edir? – Ekspert AÇIQLADI – VİDEO
Bu zolaqlarda hərəkət edərkən diqqətli olun – MÜTƏXƏSSİS – VİDEO
Sürət həddinin azaldılması qəza statistikasına təsir edir? – Mütəxəssisdən AÇIQLAMA – VİDEO
Tullantıların atılması üçün əlverişli mühit şəhəri genişləndirir - EKSPERT
Kondisioner yanacaq sərfiyyatını hansı hallarda artırır? – ARAŞDIRMA
Ən təhlükəli sürücü tipi hansıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO










