Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT

Avtomobillərin cərimə meydançasına aparılması və orada saxlanılması ilə bağlı yeni ödənişlər sürücülərin qarşılaşdığı əlavə xərcləri gündəmə gətirib.
Yeni tariflərin sürücülərin büdcəsinə necə təsir edəcəyi və bu ödənişlərin yol hərəkəti qaydalarına əməl etməyə təsiri müzakirə olunur.
Avtosfer.az xəbər verir ki, yeni ödənişlərin tətbiqi həm sürücülər üçün maliyyə yükü, həm də qayda pozuntularının qarşısının alınması baxımından diqqət çəkir. Bəs bu ödənişlər sürücülərin büdcəsinə nə qədər təsir göstərəcək və qayda pozuntularının azalmasına səbəb ola biləcəkmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobilin cərimə meydançasına aparılması və saxlanılması üçün müəyyən edilən ödənişlər, təbii ki, sürücü üçün əlavə maliyyə yükü yaradacaq:

"Burada söhbət təkcə inzibati cərimədən getmir. Sürücü avtomobilin təxliyəsi üçün 30 manat, daha sonra isə avtomobilin cərimə meydançasında saxlanıldığı hər gün üçün əlavə ödəniş etməli olacaq. Bu isə o deməkdir ki, avtomobil bir neçə gün ərzində cərimə meydançasında qaldıqda, sürücünün ödəməli olduğu ümumi məbləğ yalnız inzibati cərimə ilə məhdudlaşmır və əlavə xərclər hesabına daha da artır. Bu ödənişlərin müəyyən qədər çəkindirici təsirinin olması da mümkündür. Sürücü bilməlidir ki, yol hərəkəti qaydalarını pozduqda yalnız cərimə ödəməklə məsələ bitmir. Qayda pozuntusundan asılı olaraq avtomobilin təxliyəsi və saxlanılması da əlavə maliyyə yükü yarada bilər. Bu amil xüsusilə avtomobili yolun hərəkət hissəsində, avtobus dayanacaqlarında, piyada keçidlərinə yaxın ərazilərdə və digər qadağan olunmuş yerlərdə saxlayan sürücülərin davranışına təsir göstərə bilər. Bu mexanizmin tətbiqində əsas diqqət cərimələrdən və əlavə ödənişlərdən daha çox profilaktik məqsədə yönəlməlidir. Məqsəd sürücülərdən mümkün qədər çox vəsait toplamaq deyil, yol hərəkəti qaydalarına əməl olunmasını təmin etmək, təhlükəli və nizamsız parklanmanın qarşısını almaq və hərəkətin təhlükəsizliyini artırmaqdır”.
Ekspert əlavə olaraq qeyd edib ki, xüsusilə nəqliyyatın sıx olduğu ərazilərdə qaydaların pozulması təkcə həmin sürücüyə deyil, digər hərəkət iştirakçılarına da problem yaradır. Bu baxımdan, cərimə və təxliyə tədbirləri daha geniş yol hərəkəti təhlükəsizliyi siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir. Sürücü üçün qayda pozuntusunun nəticəsi əvvəlcədən aydın olduqda, qaydalara əməl etmək motivasiyası da arta bilər. Bununla yanaşı, tətbiq olunan ödənişlərin şəffaf, qanunvericiliyə uyğun və əsaslandırılmış olması, sürücülərin hüquqları barədə məlumatlandırılması da vacibdir. Nəticə etibarilə, avtomobilin təxliyəsi və cərimə meydançasında saxlanılması ilə bağlı əlavə ödənişlərin əsas mahiyyəti yalnız maliyyə məsuliyyəti yaratmaqdan ibarət olmamalıdır. Əsas məqsəd sürücülərdə qaydalara əməl etmək vərdişini gücləndirmək, yolun hərəkət hissəsinin və digər qadağan olunmuş ərazilərin qanunsuz zəbt edilməsinin qarşısını almaq və nəticədə yol hərəkətində ümumi intizamı və təhlükəsizliyi artırmaq olmalıdır".
Fatimə
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












