Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS

Sürücülərin zolaq dəyişməsi və dönmə zamanı yol verdiyi səhvlər yollarda təhlükəli vəziyyətlərin və yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinə çevrilə bilər. Xüsusilə manevr zamanı digər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasının düzgün qiymətləndirilməməsi, təhlükəsiz məsafənin qorunmaması və dönmə işığından vaxtında istifadə edilməməsi qəza riskini artırır.
Avtosfer.az xəbər verir ki, manevr etməzdən əvvəl sürücü ətrafdakı nəqliyyat vasitələrinin hərəkətini, yol şəraitini və seçdiyi zolağın təhlükəsizliyini nəzərə almalıdır. Dönmə işığının əvvəlcədən verilməsi isə digər hərəkət iştirakçılarına sürücünün niyyəti barədə məlumat verməklə qəfil manevrlərin və mümkün toqquşmaların qarşısını almaqda mühüm rol oynayır.
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, sürücülər zolaq dəyişərkən və dönmə zamanı bir sıra tipik səhvlərə yol verirlər:

"Xüsusilə tıxac zamanı yeri gəldi-gəlmədi tez-tez zolaq dəyişmək qəza riskini artırır. Bundan başqa, bəzi sürücülər manevri qəfil həyata keçirirlər. Ətrafı kifayət qədər yoxlamadan, sağda və ya solda kiçik bir boşluq yaranan kimi həmin zolağa keçməyə çalışırlar. Bu cür qəfil manevrlər digər sürücülər üçün təhlükəli vəziyyət yarada bilər. Dönüşlər zamanı da sürücülərin zolaq qaydalarına əməl etmədiyi hallara rast gəlinir. Düz yolda hərəkət zamanı nisbətən düzgün idarə olunan avtomobil döngəyə daxil olarkən başqa zolağa keçə bilir. Bu isə qəza riskini artıran əsas amillərdən biridir. Manevr etməzdən əvvəl sürücü ilk növbədə güzgülərə baxmalıdır. Əgər manevr üçün şərait yoxdursa və bu, digər sürücülərə çətinlik yaradacaqsa, manevrdən imtina etmək lazımdır. Belə halda dönmə işığını yandıraraq digər hərəkət iştirakçılarını çaşdırmaq da düzgün deyil. Şərait imkan verirsə, sürücü əvvəlcədən dönmə işığını yandırmalı və müvafiq güzgünü yoxlamalıdır. Sola keçərkən sol, sağa keçərkən isə sağ güzgüyə baxmaq, təhlükəsiz olduğuna əmin olduqdan sonra zolağı tədricən dəyişmək lazımdır. Döngələrdə də sürücü həm zolaqların vəziyyətinə, həm də güzgülərə diqqət yetirməlidir".
Aqil Rəhimov əlavə olaraq qeyd edib ki, digər sürücülərin səhvlərindən qorunmaq üçün isə xüsusilə döngələrdə daha ehtiyatlı olmaq vacibdir:
"Yan tərəfdə hərəkət edən avtomobilin qəfil zolaq dəyişərək sizin zolağınıza daxil ola biləcəyini nəzərə almaq lazımdır. Ümumiyyətlə, Bakı şəhərində avtomobil idarə etmək üçün yalnız yol hərəkəti qaydalarını bilmək kifayət etmir. Qaydalara riayət etmək olduqca vacibdir, lakin sürücü eyni zamanda özünü digər hərəkət iştirakçılarının səhvlərindən qorumağı da bacarmalıdır. Yaxşı sürücü həm də yaxşı “psixoloq” olmalıdır. O, ətrafındakı sürücülərin yol verə biləcəyi tipik səhvləri əvvəlcədən analiz etməli, mümkün təhlükəni görməli və buna uyğun davranmalıdır.
Bakı şəhərində avtomobil idarə edən şəxs həm nəqliyyat vasitəsini və yol hərəkəti qaydalarını yaxşı bilməli, həm avtomobili texniki cəhətdən düzgün idarə etməli, həm də qarşıda yarana biləcək təhlükələri əvvəlcədən görə bilməlidir. Başqa sözlə, sürücü yolda baş verə biləcək hadisələri qabaqcadan proqnozlaşdırmağı bacarmalıdır".
Fatimə
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












