Gənclər tıxaclara qalib gəlirlər - Bakıda nəqliyyat inqilabı - FOTO

Sosial 24 May 2026 23:07
Gənclər tıxaclara qalib gəlirlər - Bakıda nəqliyyat inqilabı - FOTO
WhatsApp kanalımıza abunə olun

Artıq skuter və velosipedlər gənclər üçün sadəcə əyləncə vasitəsi deyil, gündəlik həyat tərzinin ayrılmaz bir hissəsinə, tıxaclardan qurtulmaq və vaxta qənaət etmək üçün əsas alternativə çevrilib. Bu tendensiyanı dəstəkləmək məqsədilə ölkədə gənclər arasında mikromobilliyin təşviqi üçün yeni tədbirlər planı hazırlanır və yaxın aylarda ictimaiyyətə təqdim olunacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şöbə müdiri Elmira Abasova məlumat verib. Bəs hazırda bu sahədə mövcud vəziyyət necədir?

Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bakıda nəqliyyat inqilabı: Gənclər tıxaclara qalib gəlirlər - FOTO

Tələb sürətlə artır

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, qurum tərəfindən mikromobillik infrastrukturunun inkişafı, şəhər konsepsiyası çərçivəsində zolaqlar şəbəkəsinin genişləndirilməsi və kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bu sahəyə marağı əhəmiyyətli dərəcədə artırıb. Artıq Bakıda, o cümlədən bəzi ali məktəblərin ətrafı da daxil olmaqla, 63,2 kilometr mikromobillik zolağı salınıb: "Görülən işlər çərçivəsində skuterlər üçün 1000, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuterlərin sayı 4161, velosipedlərin sayı isə 2200-dür. Statistik göstəricilər mikromobilliyə olan tələbatın sürətlə artdığını nümayiş etdirir. 2026-cı ilin ilk 4 ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 1 044 615 dəfə sifariş olunub və ümumilikdə 2 085 306 km məsafə qət edilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə sifariş sayında 1,5 dəfə, qət edilən məsafədə isə 1,1 dəfə artım qeydə alınıb. Cari ilin yanvar-aprel aylarında alternativ nəqliyyat növü kimi bu vasitələrdən istifadə edənlərin sayı 496 682 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur".

Bakıda nəqliyyat inqilabı: Gənclər tıxaclara qalib gəlirlər - FOTO

"İstifadəçilərimizin əksəriyyəti gənclərdir"

"APAR" velosiped və skuter kirayəsi şirkətinin direktoru Əli Əhmədlinin sözlərinə görə, son illər gənclər arasında mikromobilliyə maraq nəzərəçarpacaq dərəcədə artıb: "Velosiped və skuterlərdən artıq yalnız əyləncə vasitəsi kimi deyil, gündəlik hərəkət alternativi kimi də istifadə olunur. Universitetə, işə, müxtəlif tədbirlərə və şəhərdaxili qısa məsafələrə gedərkən gənclər daha praktik və çevik seçimlərə üstünlük verirlər. Bu baxımdan, mikromobillik tədricən gənclərin həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilir. İstifadəçilərimizin böyük əksəriyyətini də məhz gənclər təşkil edir".

Ə.Əhmədlinin fikrincə, ən çox rastlaşdıqları problemlərdən biri düzgün parklanma qaydalarına riayət olunmamasıdır: "Bəzən vasitələrin parkinq zonasından kənarda saxlanılması və ya düzgün yerləşdirilməməsi piyadalar, avtomobillər və digər hərəkət iştirakçıları üçün ciddi maneə yaradır. Bundan əlavə, bəzi istifadəçilərin təhlükəsizlik qaydalarına kifayət qədər diqqət yetirməməsi də narahatlıq doğuran məsələlərdəndir".

Bakıda nəqliyyat inqilabı: Gənclər tıxaclara qalib gəlirlər - FOTO

"Müxtəlif kampaniyalar həyata keçirilir"

Ə.Əhmədlinin sözlərinə görə, istifadəçilərdən, xüsusilə də gənclərdən gələn təkliflər əsasən yeni parkinq zonalarının yaradılması, universitetlərin və ictimai məkanların yaxınlığında daha çox vasitənin yerləşdirilməsi ilə bağlı olur. Şikayətlər isə, bir qayda olaraq, pik saatlarda bəzi zonalarda vasitələrin tez tükənməsi və müəyyən ərazilərdə parkinq imkanlarının məhdudluğu ilə əlaqədardır.

Şirkət rəhbəri bildirdi ki, mövcud tələbatı və marağı nəzərə alaraq, gənclər üçün mütəmadi müxtəlif kampaniyalar həyata keçirilir: "Tələbələr və gənc istifadəçilər üçün endirimli abunə paketləri, xüsusi tariflər təklif edilir".

Qəzaların sayında ciddi azalma var

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də düşünür ki, mikromobillik artıq Bakıda reallıqdır və tam şəbəkələşib: "İllər üzrə istifadəçi sayı davamlı olaraq artır. Ötən illə müqayisə etdikdə builki artım dinamikasını aydın görmək mümkündür. Həm velosipedlərin, həm də skuterlərin icarə sayındakı göstəricilər bu reallığı təsdiqləyir. Ən populyar vasitələr elektroskuterlər və elektrovelosipedlərdir".

R.Ağamirzəyevin sözlərinə görə, gənclərin ən çox şikayət etdiyi məsələ bəzi yerlərdə infrastruktur boşluqlarının olmasıdır: "Yəni, şəbəkənin tam formalaşmaması və ya mikromobillik zolaqlarının onların yaşadıqları məntəqələrə qədər uzanmaması əsas problem kimi qabardılır. Şəbəkənin genişləndirilməsi vacibdir, lakin mövcud infrastrukturun qorunması, yəni zəbt edilməsi hallarına qarşı mübarizə daha prioritetdir. Paralel olaraq piyada səkiləri abadlaşdırılmalı və zebra keçidlərinin sayı artırılmalıdır. Yalnız bu halda mövcud xaotik hərəkəti nizama salmaq imkanı yaranacaq. Təbii ki, istifadəçi sayı artdıqca xaotik hərəkət edənlər də diqqət çəkir. Lakin faiz etibarilə yanaşsaq, son üç ildə mikromobillik zolaqları salındıqdan sonra qəzaların statistikasında ciddi və ya ölümlə nəticələnən hadisələrin olmaması çox müsbət haldır".

Bakıda nəqliyyat inqilabı: Gənclər tıxaclara qalib gəlirlər - FOTO

"Əgər tələbə multimodal bir səfər təşkil edirsə..."

Ekspertin fikrincə, mikromobilliyin gənclərin həyat tərzinə çevrilməsi istiqamətində ciddi təbliğata ehtiyac var: "Düzdür, istifadəçilərin əksəriyyətini məhz gənclər təşkil edir, lakin bu göstəricini daha da artırmaq potensialı mövcuddur. Xüsusilə universitetlərdə gənclərin daha aktiv istifadəsini təmin etmək üçün fərqli və kreativ yanaşmalar düşünülməli, onlara daha cəlbedici, stimullaşdırıcı paketlər təklif edilməlidir. Bu vasitələr həm sürətlidir və tıxac problemini həll edir, həm də rahatdır, insanın əhval-ruhiyyəsini yüksəldir. Tələbələr üçün bu vasitələr olduqca əlverişlidir. Əgər tələbə multimodal bir səfər təşkil edirsə, marşrutdan asılı olaraq avtobus əvəzinə müəyyən məsafələri mikromobillik vasitələri ilə tıxacsız qət edə bilər. Dövlət gənclərə dəstək olaraq stimullaşdırıcı tədbirlər görməli və təbliğat işlərini daha da genişləndirməlidir. Cəmiyyətdəki stereotipləri qırmaq üçün yaxşı olardı ki, universitet müəllimləri də mikromobilliyə tamhüquqlu nəqliyyat növü kimi yanaşsınlar".

Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh