Telefonların IMEI kodları necə oğurlanır? Vətəndaşların mobil cihazlarını kimlər təhlükəyə atır? - EKSPERT

Son illər Azərbaycanda mobil cihazların qeydiyyatı və qanunsuz telefon dövriyyəsi ilə bağlı problemlər aktual mövzulardan birinə çevrilib. Xüsusilə IMEI kodu klonlaşdırılmış mobil telefonların ölkəyə gətirilməsi həm dövlətin vergi və gömrük siyasətinə zərər vurur, həm də vətəndaşların istifadə etdikləri cihazların təhlükəsizliyi və dayanıqlılığı baxımından ciddi risklər yaradır. Bu istiqamətdə “AZCON Holding” tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən görülən tədbirlər IMEI klonlamaya qarşı mübarizənin institusional xarakter aldığını göstərir.
Bu mübarizənin mahiyyətini anlamaq üçün ilk növbədə IMEI klonlama anlayışının nə olduğu və texniki olaraq necə həyata keçirildiyi məsələsinə aydınlıq gətirmək vacibdir.

Bununla bağlı İnformasiya Təhlükəsizliyi mütəxəssisi Elvin Abbasov Avtosfer.az-a IMEI klonlamanın nə olduğuna aydınlıq gətirib:
“IMEI klonlama - zavod tərəfindən hər bir mobil cihaza verilən 15 rəqəmli unikal identifikasiya kodunun xüsusi proqramlar vasitəsilə dəyişdirilərək başqa bir cihazın kodu ilə əvəz edilməsi prosesidir. Bu zaman şəbəkə operatorları yeni gətirilmiş cihazı sistemdə tanımır, əvəzində kodu köçürülmüş və artıq qeydiyyatda olan köhnə telefonu görür. Bu üsul əsasən gömrük rüsumlarından və rəsmi IMEI qeydiyyat ödənişlərindən yayınmaq üçün istifadə olunur. Texniki olaraq sistem aldadıldığı üçün, eyni IMEI kodu ilə bir neçə cihazın eyni anda şəbəkəyə qoşulması cəhdləri qeydə alınır ki, bu da klon statusunun verilməsinə səbəb olur. Bir telefonun IMEI kodu əsasən iki üsulla başqa cihaza köçürülür. Proqram təminatı (Software) və ya fiziki avadanlıqlar (Service Boxes) vasitəsilə. Android əməliyyat sistemli cihazlarda mühəndislik menyularına giriş əldə edilərək sistem faylları (məsələn, NVRAM) üzərində dəyişiklik edilir. Daha mürəkkəb hallarda isə peşəkar təmir sexlərində istifadə olunan "Box" adlanan fiziki proqramlaşdırıcılar telefonu kompüterə bağlayaraq onun daxili yaddaşındakı IMEI blokunu birbaşa yenidən yazır. Bu proses nəticəsində bahalı bir smartfonun daxili şəxsiyyəti ucuz bir "düyməli" telefonun şəxsiyyəti ilə əvəzlənmiş olur”.
Ekspert deyib ki, Azərbaycanda IMEI klonlu telefonlar daha çox Dubay (BƏƏ), Çin və qismən Türkiyə bazarlarından gətirilən "non-active" və ya yenidən yığılmış (refurbished) cihazlardır:
“İşbazlar bu telefonları topdan alaraq ölkəyə qeyri-qanuni yollarla daxil edir və xərcləri minimuma endirmək üçün yerli bazardan 20-30 manata topladıqları köhnə cihazların kodlarını onlara köçürürlər. Bu sahədə aparılan mübarizə tədbirləri nəticəsində bu günədək 58 515 IMEI koda klon statusu verilərək bloklanıb. Son üç ayın statistikasına görə, bu kodlar 1 564 073 fərqli nömrə ilə şəbəkəyə girməyə çalışıb, lakin 1 470 109 qoşulma cəhdinin qarşısı Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən uğurla alınıb. Vətəndaşlar aldıqları mobil cihazın IMEI kodunun orijinal və ya klon olduğunu "mygov" portalı vasitəsilə asanlıqla "IMEI yoxla" xidmətini seçməklə yoxlaya bilərlər. Əgər sistemdə görünən telefon modeli əlinizdəki cihazla üst-üstə düşmürsə, bu, həmin telefonun IMEI kodunun saxta (klon) olduğunun birbaşa göstəricisidir”.
Nurcan Babək
Göyçayda körpü qəzalı vəziyyətdədir – FOTOLAR
Bakıdakı pilləkənlər nə qədər rahatdır? - AÇIQLAMA - FOTOLAR
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
Restoranlarda təkrar istifadə olunan yağın sağlamlıq üçün riskləri nələrdir? – Ekspert AÇIQLADI
Psixoloqların seans qiymətləri niyə yüksəkdir? - Ekspertlər AÇIQLADI
"17 il onun yolunu gözləmişəm..." - Anası şəhid Pəncəli Teymurovun son fotosundan danışdı - FOTO
Azərbaycanda bu şəxslərin maaşı artırılır
Neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ - 215 dollara ...
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - AÇIQLAMA - VİDEO
Otuz mindən çox insanın əziyyət çəkdiyi yol - Müraciətə baxan yoxdur - VİDEO
Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir










