Avtobus sürücüsü təhlükəli sürərsə - Çağrı mərkəzinə edilən şikayətlərin NƏTİCƏLƏRİ

Yazarlar 6 Aprel 2018 00:46 Oxunub 3394
Avtobus sürücüsü təhlükəli sürərsə - Çağrı mərkəzinə edilən şikayətlərin NƏTİCƏLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxil olan hər bir şikayət qanunvericiliyin tələblərinə uyğun araşdırılır

“Sürücü təhlükəli sürərsə, qeyd olunan nömrəyə zəng edin”. Yəqin ki, avtobuslardakı problemləri görüb azı bir dəfə bu nömrələrlə əlaqə saxlamısınız. Hərdən bu nömrələr zənglərimizə cavab verməsə də, çox vaxt telefonun digər tərəfindən səs eşidilir. Biz zəng edib şikayətimizi bildiririk, bəs sürücünü bu şikayətdən sonra nələr gözləyir?

Bu yazımızda qeyd olunan suala cavab tapacağıq. Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev Metbuat.az-a açıqlamasında bildirib ki, sərnişinlər Bakı şəhərinin inzibati ərazisində avtobus sürücüləri ilə bağlı xarakterindən aslı olmayaraq bütün müraciətlərini yalnız və yalnız Bakı Nəqliyyat Agentliyinin (BNA)“141” Çağrı Mərkəzinə zəng etməklə bildirə bilərlər: “Doğrudur, hazırda bu mərkəzin işinin daha müasir səviyyədə qurulması istiqamətində iş aparılır. Amma buna baxmayaraq, mərkəz zəngləri qəbul edir. Bundan başqa, BNA-nın sosial şəbəkələrdəki rəsmi profillərinə və rəsmi internet səhifəsinə də müraciət etmək mümkündür. Bundan başqa “alo141.az” saytı vasitəsi ilə də müraciət etmək mümkündür. Bir məsələni qeyd edim ki, vətəndaş müraciətləri onların qaldırdığı məsələlərin qısa vaxt ərzində həlli BNA-nın önəm verdiyi əsas məsələlərdəndir. Bu səbəbdən də biz vətəndaşlarımıza müraciət üçün bir neçə alət təqdim edirik”.

“BakuBus” MMC-nin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev qeyd edib ki, “BakuBus” avtobuslarında quraşdırılmış, 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işi xeyli asanlaşdır.

“Vətəndaşlardan daxil olan müraciətlər günün 24 saatı fəaliyyət göstərən *4242 qaynar xətti ilə yanaşı, şirkətin FB səhifəsindən, eləcə də [email protected] elektron ünvanından daxil olur. Bu müraciətlərin hər biri mütəxəssislər tərəfindən qeydə alınır və icra olunması üçün aidiyyətı üzrə ünvanlanır. Daxil olan müraciətlərdə marşrut xətləri və xidmətlərlə bağlı məlumat istəyənlər daha çoxdur. Ancaq günün pik vaxtlarında intervallarda yaranan gecikmələrlə bağlı və bəzən sürücü kobudluğu ilə bağlı da şikayətlər daxil olur. Daxil olan hər bir şikayət qanunvericiliyin tələblərinə uyğun araşdırılır.

Təbii ki, sərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun tədbir görülür. Bununla yanaşı gün ərzində “Baku Bus”un qaynar xəttinə və şirkətin elektron səhifəsinə daxil olan şikayətlərin araşdırılması zamanı öz təsdiqini tapmayan, hətta qərəzli müraciətlər də aşkar olunur. Təəssüf ki, əksər hallarda sərnişinlər üçün məsuliyyət yaradan hərəkətlər və əsassız məlumatların yayılması ilə bağlı qanunvericiliyin tələbləri diqqətdən kənarda qalır. Hesab edirəm ki, sərnişinlər də məsuliyyət daşımalı və hər hansı sərnişin qaydaları pozaraq, ictimai nəqliyyatın fəaliyyətini iflic etdikdə, təhlükə yaratdıqda sərnişin də məsuliyyətə cəlb olunmalı və cavabdehlik daşımalıdır”.

“Xaliq Faiqoğlu” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nizam Rzayev Metbuat.az-a açıqlamasında əlavə edib ki, sərnişinlər sürücülər tərəfindən hər hansı kobudluq, qeyri-etik hərəkət və ya qayda pozuntusu görərsə, nəinki “8585” nömrəsinə, şirkətin Feysbuk səhifəsinə də müraciət edə bilərlər: “Bildiyiniz kimi, istismarda olan bütün avtobuslarda video-müşahidə müşahidə sistemləri quraşdırılıb və sürücülər ofis tərəfindən gün ərzində izlənilir. Müraciət daxil olan kimi dərhal Nəqliyyatın tənzimlənməsi və mərkəzi müşahidə şöbəsi tərəfindən həmin vaxta aid video-görüntü çıxarılır. Bundan sonra görüntülər analiz olunur. Həmin analizin nəticəsindən asılı olaraq sürücü barəsində müvafiq inzibati cərimə, töhmət, hətta xətdən uzaqlaşdırma tədbiri həyata keçirilə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh